Yaponiyada elmi tədqiqtların təşkilinin formaları və maliyyələşdirmə mexanizmləri

(IV hissə)

Tokio, 19 may , /AJMEDIA/

Yaponiyada elmi tədqiqatların və
innovasiyaların maliyyələşdirilməsi ilə bağlı yeni mexanizmlərin yaradılması da davam etdirilir.
AJMEDIA xəbər verir ki, yaxın zamanlaradək Yaponiyada elmi-texniki siyasətin əsas vəzifəsi alimlərin yaradıcı kollektivlərinin layihə təşəbbüslərinin birbaşa dəstəklənməsinə yönəldilirdi.
Elmi tədqiqatların dəstəklənməsi üçün qrant forması proqramlar üzrə nəzərdə tutulan dəstəkdən təqribən iki dəfə çox idi.
2014-cü ildən başlayaraq diqqət milli və yerli səviyyədə sosial-iqtisadi problemlərin həllinə yönəldildi. Tədqiqat resurslarının səfərbər edilməsi və akademik ictimaiyyət, dövlət və ölkə iqtisadiyyatının özəl sektoru arasında əməkdaşlığın əlaqələndirilməsi Yaponiyanın elm və texnologiya siyasətinin son dərəcə mühüm vəzifələrinə çevrildi. Təşəbbüs tədqiqatının aparılması ilə məqsədyönlü tədqiqat fəaliyyəti arasında qarşılıqlı uyğunsuzluq mövcud idi. Digər ölkələrdə olduğu kimi, Yaponiyada da akademik sektorda tədqiqat fəaliyyəti muxtar, aşağıdan yuxarıya doğru fəaliyyət kimi xarakterizə olunur. Bunu nəzərə alaraq, JAST sosial və iqtisadi ehtiyaclara cavab verən və fəal tədqiqatların aparılmasına uyğun gələn yeni maliyyələşdirmə mexanizmini işləyib hazırladı.
Yeni mexanizm Elmi Təkamül və Texnologiya üçün Əsas Tədqiqat Proqramının (Core Research for Evolitional Science and Technology, CREST) bir hissəsi kimi sınaqdan keçirildi. Bu proqram sıçrayışlı nəticələrin əldə oluna biləcəyi elmi tədqiqatları stimullaşdırmaq üçün nəzərdə tutulub.
JAST əvvəlcədən hər bir strateji tədqiqat sahəsi üçün layihələrin seçilməsi, tədqiqat planlarının tərtib edilməsi və tədqiqatçıların işə götürülməsinə cavabdeh olan koordinator və elmi rəhbərləri, elmi ictimaiyyətin və özəl sektorun nümayəndələrini təyin edir.
Proqramın hər bir sahəsi üzrə elmi tədqiqatlar üzrə ərizələrin qəbulu üçün müsabiqə elan edilir. Tədqiqat rəhbərləri və bölgə koordinatorları təqdim olunmuş təkliflərin təhlilini aparırlar, onların nəticələrindən asılı olaraq namizədlər əvvəlcə müsahibə üçün seçilirlər, müsahibədən sonra isə maliyyələşmə üçün müraciət edəcək şəxslər seçilirlər. İlkin seçimin nəticələrinə əsasən agentliyin əməkdaşları ayrı-ayrı tədqiqatçılar və tədqiqat qrupları tərəfindən icra ediləcək layihələrin yekun seçimini həyata keçirirlər.
Elmi rəhbərlər tərəfindən verilən məsləhətlərin köməyi ilə hər bir elmi işçi üçün ətraflı iş planı hazırlanır. Layihələrin həyata keçirilməsi üçün ayrı-ayrı tədqiqatçılarla komissiya müqavilələri və tədqiqat qruplarının işlədiyi elmi institutla müqavilələr bağlanır.
Hər bir layihənin öz internet saytı yaradılır və layihənin gedişi burada əks etdirilir. Beləliklə, proqram çərçivəsində çalışan tədqiqatçıları birləşdirən virtual institutlar və şəbəkə strukturları formalaşır. Biznes və cəmiyyətin maraqlı nümayəndələrinin, digər tədqiqatçıların belə şəbəkələrə geniş çıxışı nəticələrin sürətlə təbliğinə öz töhfəsini verir.
Yeni tədqiqatın maliyyələşdirilməsi mexanizmi strateji sahələrdə innovasiyalar üçün inqilabi zəmin yaratmış oldu. Bu mexanizmin tətbiqi aşağıdakı nəticələrin əldə edilməsinə şərait yaratdı:
– insanlar üçün pluripotent hüceyrələrin yaradılması üsulu;
– virusların sintezi texnologiyası;
– molekulyar ölçülü qalınlığa malik 2D nanomateriallar;
– yüksək tezlikli cərəyan keçirməyə imkan verən yüksək temperaturlu superkeçirici materiallar.
Yeni tədqiqatların maliyyələşdirilməsi mexanizminin mərkəzində elmi-texniki çağırışlara cavab vermək üçün lazım olan vəsaitlərin ayrılmasına nəzarət edən özəl sektoru, eləcə də layihələri həyata keçirmək üçün elmi səriştəyə malik olan alimlər icmasını birləşdirən koordinator dayanır. Bu yanaşma nəticəsində hər bir elmi araşdırma ictimaiyyətin marağına cavab verir, tədqiqat üsulları alimlər tərəfindən müəyyən edilir və hər bir layihəyə ciddi nəzarət altın olur.
Bununla yanaşı, elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin səmərəli işləməsi üçün bir sıra şərtlər yerinə yetirilməlidir. Bu şərtlərə aşağıdakılar daxildir: maliyyə vəsaitinin adekvatlığı, elmi kadrların mobilliyi, inkişaf etmiş elmi-tədqiqat infrastrukturunun olması, habelə iqtisadiyyatın özəl sektorunun yüksək qəbul etmə fəallığı.
Yaponiya tədqiqat və innovasiyaları dəstəkləməyə mühüm əhəmiyyət verən ölkə kimi nümunə göstərilir. İstər ümumi həcmdə, istərsə də ümumi daxili məhsulda payına görə elmə sərf olunan xərclər baxımından lider ölkələr sırasındadır. Bu ölkə fundamental tədqiqatlar aparmaq üçün xarici alimləri fəal şəkildə cəlb edir. Bununla yanaşı, Yaponiya tətbiqi tədqiqat və innovasiyaların qlobal inteqrasiyası sahəsində digər ölkələrdən xeyli geridədir.
İqtisadiyyatın elmi-texniki sektorunda xarici şirkətlərin nümayəndəliklərinin sayına görə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının ölkələri arasında sonuncu yeri tutur. Müvafiq olaraq, Yaponiyanın tədqiqat və innovasiyalarına xarici investisiyaların həcmi də aşağı olaraq qalır.
Yaxın vaxtlara qədər Yaponiyada elm və texnologiya siyasətinin əsas məqsədi elmi tədqiqatlara qrant şəklində birbaşa dəstək vermək idi. Bu dəstək forması təşəbbüskar layihələrin həyata keçirilməsi üçün səməmərəli mexanizmdir və tətbiq olunan təkrar təhlillər silsiləsi əldə edilən nəticələrin yüksək keyfiyyətini təmin etməyə imkan verir. Eyni zamanda, Yaponiya Elmin Təşviqi Cəmiyyətinin təcrübəsinin göstərdiyi kimi, qrant formasının səmərəsiz olduğu hallar da var. Qabaqcıl elmi vəzifələri həyata keçirmək üçün “ekspertlərin rəyi” prosedurunu heç də həmişə lazımi səviyyədə seçmək mümkün olmur. Subsidiyaların bir çox təşəbbüs layihələri arasında paylanması, Yaponiyanın elm və texnologiya kompleksinin strateji inkişafı üçün son dərəcə vacib olan əsas qabaqcıl tədqiqatların kifayət qədər maliyyələşdirilməməsinə səbəb olur.
Yaponiyanın elmi-texniki sferasında strateji problemləri həlli etmək üçün proqram-məqsədli maliyyələşdirmə mexanizmindən də istifadə edilir. Belə bir mexanizm tədqiqatın məqsəd və vəzifələrinin layihələrin icraçıları tərəfindən müəyyən edilməməsi ilə xarakterizə olunur. Əldə edilən nəticələrin keyfiyyətinə “həmkarların rəyi” prosedurundan istifadə etməklə açıq nəzarət baş vermir. Yalnız alınmış nəticələrin texniki tapşırıqda müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılır.
Belə bir mexanizm üçün layihə icraçıları ilə iqtisadiyyatın özəl sektoru arasında informasiya asimmetriyası mövcuddur.
Tədqiqat resurslarının səfərbər edilməsi və akademik ictimaiyyət, dövlət və iqtisadiyyatın özəl sektoru arasında əməkdaşlığın əlaqələndirilməsi problemini həll etmək üçün təşəbbüsün icrasına uyğun olmaqla, sosial və iqtisadi ehtiyaclara cavab verən yeni tədqiqatın maliyyələşdirilməsi mexanizmi hazırlanıb. Bu zaman elmi rəhbərlər tərəfindən verilən məsləhətlərin köməyi ilə hər bir elmi işçi üçün ətraflı iş planı hazırlanır. Layihələrin həyata keçirilməsi üçün ayrı-ayrı tədqiqatçılarla komissiya müqavilələri və tədqiqat qruplarının işlədiyi elmi institutla müqavilələr bağlanır. Elmi layihələr üzərində çalışan tədqiqatçıları birləşdirən virtual institutlar və şəbəkə strukturları formalaşır. Biznes və cəmiyyətin maraqlı nümayəndələrinin, digər tədqiqatçıların belə şəbəkələrə geniş çıxışı nəticələrin sürətlə təbliğinə öz töhfəsini verir.
Dünya ölkələrində elmi tədqiqatların və innovasiyaların maliyyələşməsi üçün bu və ya digər mexanizmin seçimi bir çox amillərlə müəyyən edilir. Ölkənin texnoloji inkişaf mərhələsindən, siyasi rejimdən, universitet ənənələrindən və qərarların qəbulunda elmi ictimaiyyətin rolundan asılıdır. Hazırda Azərbaycanda elmi tədqiqatların proqram-məqsədli dəstəyindən qrantlara keçid tədricən gedir və respublika məqsədli proqramların maliyyələşdirilməsi azaldılır. Elmin müxtəlif fəaliyyət növlərinin dəstəklənməsi mexanizmlərinin şaxələndirilməsi vacib amil kimi özünü göstərir. Yaponiyanın yeni tədqiqat maliyyələşdirmə mexanizmi dövlətin, elmi ictimaiyyətin və Azərbaycanın biznes strukturlarının maraq və vəzifələrini balanslaşdırmaqda faydalı ola bilər.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts