Yaponiyada elmi tədqiqtların təşkilinin formaları və maliyyələşdirmə mexanizmləri

Tokio, 17 may , /AJMEDIA/

(II hissə)

Elmi tədqiqatlar və innovasiyaları dəstəkləmək üçün dövlət büdcəsindən ayrılan vəsait Yaponiyanın çoxsaylı nazirlikləri və müəssisələri arasında bölünür.
Büdcədən ayrılan həmin vəsait əsasən İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi (Ministry of Economy, Trade and Industry), Təhsil, Elm, İdman və Texnologiyalar Nazirliyi (Ministry of Education, Culture, Sports, Science and Technology), Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyi (Ministry of Agriculture, Forestry and Fisheries), Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi (Ministry of Health, Labour and Welfare) tərəfindən sərf olunur.
Büdcə vəsaiti hesabına elmi tədqiqatlara və innovasiyalara institusional dəstək isə dövlət elmi tədqiqat institutları və universitetlər tərəfindən göstərilir. Özəl sektorda da belə bir yanaşma hökm sürür. Bu aspektdən Yaponiyada elmi tədqiqatlara maliyyə dəstəyi sistemi digər inkişaf etmiş ölkələrin sistemindən kəskin fərqlənir.
Dövlət və özəl elmi təşkilatlarda fundamental və tətbiqi tədqiqatlara, təcrübi-konstruktor araşdırmalarına yardımlar fərqli xüsusiyyətlərə malikdir. Ali təhsil müəssisələrində fundamental tədqiqatlara vəsaitin 55 faizi, tətbiqi tədqiqatlara 36 faizi, təcrübi-konstruktor araşdırmalarına isə 9 faizi sərf edilir. Dövlət elm təşkilatlarında isə fundamental tədqiqatlara 23 faiz, tətbiqi tədqiqatlara 33 faizi, təcrübi-konstruktor araşdırmalarına isə 44 faiz vəsait yönəldilir. Özəl təşkilatlarda tam fərqli yanaşam müşahidə edilir: fundamental tədqiqatlara ayrılan vəsaitin 7 faizi, tətbiqi tədqiqatlara 19 faizi, təcrübi-konstruktor araşdırmalarına isə 74 faizi sərf olunur. Məsələnin maraqlı tərəfi ondadır ki, belə bir paylaşma artıq uzun illərdir ki, davam edir.
Yaponiyada tətbiqi tədqiqatlar aparıcı yer tutsa da son illər fundamental və tətbiqi sahələr üzrə tədqiqatlar arasında sərhəd, demək olar ki, aradan qalxıb. Bu özünü, xüsusən İnformasiya və kommunikasiya sistemləri, mikroelektronika, bio və nanotexnologilyalar kimi sahələrdə daha qabarıq göstərir. Bunun nəticəsidir ki, Yaponiyada özəl sənaye sahəsində elmi tədqiqat təşkilatlarının sayı 1976-ci ildəki 196-dan, 1996-cı ildə 487-dək artıb. Bununla yanaşı, son iyirmi ildə həmin təşkilatların sayı 425-ə enib.
Yaponiya hökuməti elmi tədqiqatla məşğul olan yeni nəslin say və keyfiyyət baxımından inkişafına xüsusi diqqətlə yanaşır. 1949-cu ildən başlayaraq yapon alimlər elm üzrə 24 Nobel mükafatına layiq görülüblər, onlardan 8-i bu mükafatı 2010-2016-cı illərdə alıb. Son 35 ildə müxtəlif təşkilatlarda elmi tədqiqat və innovasiyalarla məşğul olanların sayı təqribən iki dəfə artıb. Belə ki, onların sayı 1980-ci ildəki 64 mindən 2015-ci ildə 1 milyon 189 min nəfərə çatıb. Xüsusən tədqiqatçıların sayı isə 395 mindən 926 minədək artıb. Texniki və xidmət heyətinin sayının azaldılması nəticəsində elmi işçilərin sayı 61,3 faizdən 77,9 faizədək qalxıb. Sahibkarlar sektorunda isə tədqiqatçıların sayı 46,9 faizdən 59,3 faizədək artıb.
Dövlət sektorunda, əksinə, tədqiqatçıların sayı universitetlərdə 44,6 faizdən 33,2 faizədək, elmi təşkilatlarda 7,3 faizdən 6,2 faizədək azalıb.
Əhalinin sürətlə azalması problemini yaşayan Yaponiya işçi qüvvəsi bazarında spesifik çətinliklərə baxmayaraq, əcnəbi alimləri və yüksəkixtisaslı mütəxəssisləri ölkəyə dəvət etməyə başlayıb. Hazırda Yaponiyanın ölkəyə dəvət etdiyi yüksəkixtisaslı işçilərin sayı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan ölkələr arasında ən aşağı səviyyədədir.
Digər tərəfdən, Yaponiya korporasiyaları ABŞ-da və Avropa ölkələrində tədqiqat mərkəzlərinin yaradılmasına xüsusi diqqət yetirirlər. Bu elmi-tədqiqat layihələrində yerli mütəxəssislər fəal iştirak edirlər. Həmin elmi tədqiqatların nəticələri bu korporasiyaların məhsulu hesab edilir.
Xarici universitetlərlə əməkdaşlıq çərçivəsində ayrılmış xüsusi vəsait hesabına tədqiqatların aparılması üçün yeni kafedralar yaradılır. Məsələn, ABŞ-ın Masaçusets Texnoloji Universitetində Yaponiyanın sifarişi ilə hər il 4 milyon dollar həcmində elmi tədqiqat işləri aparılır. Həmin universitetdə bu məqsədlə 12 kafedra fəaliyyət göstərir.
Buna baxmayaraq, Yaponiya qlobal elmi inteqrasiyada digər ölkələrə nisbətən geri qalır. Məsələn 2008-ci ildən sonra Yaponiyadakı əcnəbi şirkətlərin innovativ məhsulları cəmi 3 faiz təşkil edir ki, bu da ABŞ-da 12 faiz və Avropa İttifaqındakı 16 faizlik göstərici ilə müqayisədə çox aşağıdır. Yaponiya iqtisadiyyatın elmi-texniki sektorunda əcnəbi şirkətlərin sayına görə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan ölkələr arasında sonuncu yeri tutur. Buna uyğun olaraq Yaponiyada elmi tədqiqatlar və innovasiyalara yönəldilən xarici investisiyalar da çox yüksək deyil.
Yaponiyada elmi tədqiqatlara və innovasiyalara dövlət büdcəsinin vəsaitini sərf edən əsas müəssisələr Təhsil, Mədəniyyət, İdman, Elm və Taxnologiyalar Nazirliyinin tabeliyində olan Yaponiya Elmin İnkişafı Cəmiyyəti (Japan Society for the Promotion of Science, JSPS) və Yaponiya Elm və Texnika Agentliyidir.
Qeyd etdiyimiz kimi, Yaponiyada elmi tədqiqatların əsas maliyyə mənbələrindən biri qrant layihələrinin dəstəklənməsidir.
Elmi tədqiqatların qrant əsasında maliyyələşməsini Yaponiya Elmin İnkişafı Cəmiyyəti (JSPS) həyata keçirir. Bu cəmiyyət 1932-ci ildə qeyri-kommersiya fondu kimi təsis edilib. 1967-ci ildə cəmiyyət Təhsil, Mədəniyyət, İdman, Elm Və Texnologiyalar Nazirliyinin nəzdində kvazi-hökumət statusu alıb və bu onun fəaliyyət dairəsini genişləndirməyə şərait yaradıb. 2003-cü ildə isə həmin cəmiyyət müstəqil administrativ müəssisə kimi yenidən qurulub.
JSPS-nin fəaliyyətinin əsas məqsədi elmin inkişafına dəstək verməkdir. Bu məqsədlə cəmiyyət riyaziyyat, fizika, kimya, biologiya, tibb, kənd təsərrüfatı, sosial və humanitar elmlər daxil olmaqla nəzəri və tətbiqi elmlər üzrə milli və beynəlxalq proqramların hazırlanmasını və həyata keçirilməsini təmin edir.
JSPS tərəfindən dəstəklənən layihə və proqramlar rəngarəngliyi ilə ABŞ-ın Milli Elm Fondundan heç də geri qalmır. Cəmiyyətin əsas vəzifələrinə gənc alimlərin dəstəklənməsi, beynəlxalq elmi əməkdaşlığa yardım, elm cəmiyyəti ilə sənaye sahələri arasında əməkdaşlığın genişləndirilməsi, elmi tədqiqatlar və innovasiyalar barədə informasiyanın toplanması və yayılması kimi işlər daxildir.
Cəmiyyətin işinə JSPS-nin prezidentinin, iki icraçı direktorun və iki baş direktorun daxil olduğu Məsləhət Şurası rəhbərlik edir. Cəmiyyətin idarəetmə strukturuna beynəlxalq proqramlar departamenti, insan ehtiyatlarının inkişafı proqramı və administrasiya daxildir. Cəmiyyətin tərkibində Elmi Sistemlər üzrə Tədqiqat Mərkəzi, Qlobal Elmlər Üzrə İnformasiya Mərkəzi, həmçinin ABŞ-da (Vaşinqton və San-Fransiskoda), Almaniyada, Böyük Britaniyada, İsveçdə, Fransada, Tailandda, Çində, Misirdə və Keniyada yerləşən xarici bürolar daxildir.
JSPS-nin əsas maliyyə vəsaiti Yaponiya hökumətinin hər il ayırdığı subsidiyalar hesabına formalaşır. Cəmiyyətin illik büdcəsi təqribən 3 milyard ABŞ dolları təşkil edir. Bu vəsaitin əsas hissəsi (təqribən altıda beşi) elmi tədqiqatların dəstəklənməsinin müxtəlif istiqamətlərinə sərf olunur. Buraya Əcnəbi Tədqiqatçıların Dəstəklənməsi Fondu, Uzunmüddətli Qrant Dəstəyi Fondu, xüsusi proqramlar, Əcnəbi Gənc Tədqiqatçıların Dəstəklənməsi Fondu, elmi tədqiqatların dəstəklənməsi üçün qrantlar və JSPS üçün hökumət subsidiyaları daxildir.
JSPS fərdi və kollektiv tədqiqatlar üçün maliyyə yardımının aşağıdakı növlərini təklif edir:
1) Yeni başlayan tədqiqatlar üçün qrant. Bu layihənin icra müddəti 2 ildir və ona ildə 1,5 milyon yen vəsait ayrılır.
2) JSPS-nin üzvləri üçün qrantlar. Bu layihənin icra müddəti 3 ildir və ona da ildə 1,5 milyon yen ayrılır.
3) 39 yaşınadək olan gənc tədqiqatçılar üçün qrantlar. Bu layihənin icra müddəti 2-4 ildir və fərdi qrant məbləğinin həcmi ildə 5 milyon yen, tədqiqat qrantının məbləği isə hər bir layihə üçün 5 milyondan 30 milyon yenədək vəsait nəzərdə tutulur.
4) Perspektivli araşdırma tədqiqatları üçün ilkin mərhələ qrantı. Bu layihənin icra müddəti 1-3 ildir və ona ildə hər bir layihə üçün 5 milyon yen ayrılır.
5) Yaradıcı tədqiqatlar üçün qrant. Bu layihənin icra müddəti 3-5 ildir və ona ildə fərdi layihə üçün 5 milyon yen, tədqiqat layihəsi üçün 5 milyondan 20 milyon yenədək vəsait ayrılır.
6) Yaradıcı tədqiqatların kommersiya üçün faydalı olan növləri üzrə qrant. Bu layihənin icra müddəti 5 ildir və hər layihə üçün 50 milyondan 200 milyon yenədək vəsait ayrılır.
7) Qarşılıqlı və ya birgə tədqiqatlar üzrə yeni və ya mövcud sahələrin kommersiyalaşmasına kömək edən elmi tədqiqatlar və innovasiyalar üçün qrant. Bu layihələrin icra müddəti 5 ildir və hər bir layihə üçün 10 milyondan 300 milyon yenədək vəsait ayrılır.
Xüsusi stimullaşdırma ilə dünya miqyaslı tədqiqatlar üçün qrant. Bu layihələrin icra müddəti 3-5 il, ayrılan vəsait hər layihə üçün 500 milyon yen təşkil edir.
JSPS beynəlxalq elmi tədqiqatlar üçün qrant əsaslı beynəlxalq proqramlar da həyata keçirir. Buraya əcnəbi alimləri Yaponiyaya səfərləri, onlara elmi dərəcələrin verilməsi, beynəlxalq elmi layihələr və elmi konfransların təşkili, xarici ali təhsil və elmi müəssisələr ilə ikitərəfli əməkdaşlıq proqramları, tədqiqat mərkəzləri arasında əməkdaşlıq və digərləri daxildir. Həmin proqramlarda Yaponiya ilə diplomatik münasibətlərə malik olan bütün ölkələrin alimləri iştirak edə bilərlər.
JSPS-in alimlərin mobilliyini artırmaq məqsədilə fərdi tədqiqatçılar üçün qrantlarının verilməsi mexanizmlərinə nəzər salaq.
Yeni məzun olmuş xarici tədqiqatçılar üçün təqaüd proqramı gənc və istedadlı əcnəbi alimlərə Yaponiya universitetlərində və digər institutlarda aparıcı tədqiqat qrupları ilə birgə çalışmaq imkanı yaradır. Yaponiyaya məxsus tədqiqat təşkilatı vasitəsilə müraciət edən alim humanitar, sosial elmlər, təbiət elmləri, o cümlədən texniki və tibbi elmlərinin istənilən sahəsində tədqiqat apara bilər. Xarici təşkilat vasitəsilə müraciət etdikdə isə, tədqiqatın həcmi bu təşkilatın xüsusiyyətləri ilə müəyyən edilir.
Həmin tədqiqatçılar üçün təcrübə müddəti 12 aydır. Bu zaman alimə və onun ailə üzvlərinə təyinat yerinə gəlmə və Yaponiya üzrə səyahət xərcləri, tibbi sığorta, aylıq ödənişlər, kirayə haqqı və ilkin xərclər ödənilir. Tədqiqat xərclərini ödəmək üçün qrant çərçivəsində qrant almaq da mümkündür. Qrant alanın yaş məhdudiyyəti yoxdur.
Qrant almaq üçün ərizə ilə müraciət edən şəxs qrantın başlanması zamanı elmlər namizədi elmi dərəcəsinə ekvivalent olan və stajın başlandığı maliyyə ilinin başlanmasına (1 aprel) ən azı beş il qalmış əldə edilmiş elmi dərəcəyə malik olmalıdır. Həmçinin həmin şəxs yapon alimi ilə birgə tədqiqat planlarını əvvəlcədən razılaşdırmalıdır. Qrant müraciətləri yerli alim tərəfindən hazırlanır və onun tərəfindən JSPS-ə təqdim edilir.
Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin tabeliyində olan universitetlərin, tədqiqat institutlarının və elmi-tədqiqat korporasiyalarının yapon alimlərinin bu qrantı almaq hüququ var. Digər təşkilatlar yalnız JSPS ilə razılaşdıqdan sonra belə müraciət göndərə bilər.
Yaponiyada uzunmüddətli tədqiqat təqaüdü proqramı bu ölkənin universitetlərində və elmi tədqiqat təşkilatlarında yapon alimləri ilə birgə araşdırmalar aparmaq üçün xarici alimlərin səfərlərinin təşkilini nəzərdə tutur. Professorlar (dosentlər) və universitet müəllimləri bu proqramda iştirak etmək hüququna malikdirlər. Təcrübə müddəti 6 aydan 10 aya qədərdir, lakin bu zaman qalma müddəti JSPS tərəfindən uzadıla bilər.
Qrant alan şəxsə tədqiqat xərcləri, təyinat yerinə gediş-gəliş, aylıq ödənişlər, yaşayış və tibbi sığorta xərcləri ödənilir.
Yaponiya qısamüddətli tədqiqat təqaüdü proqramı tanınmış alimlərin müzakirələrə, seminarlara, mühazirə kurslarına və digər tədbirlərə qatılması üçün səfərlərini təşkil edir. Proqramda iştirak etmək hüququ yüksək ixtisaslı alimlər, universitet professorları və müəllimləri və əhəmiyyətli peşə təcrübəsi olan digər şəxslərə verilir. Təcrübə müddəti 14 gündən 60 günə qədərdir. Qrant alan şəxsə təyinat yerinə getmək və ölkədaxili səyahət, gündəlik müavinət və tibbi sığorta xərcləri ödənilir.
Elmi tədqiqatların qrant şəklində maliyyələşdirilməsi təşəbbüs layihəsinin elan edilən və gözlənilən nəticələrindən asılıdır.
(ardı var)

Follow us on social

Facebook Twitter Youtube

Related Posts