Yaponiyada elmi tədqiqtların təşkilinin formaları və maliyyələşdirmə mexanizmləri

Tokio, 16 may , /AJMEDIA/

Müasir dövrümüzdə bütövlükdə elm və onun əsas komponentləri iqtisadi, sosial, siyasi və digər “elmdənkənar” amillərin artan və çoxistiqamətli təsirini yaşayır.
Belə şəraitdə Azərbaycan elminin yeni çağırışlara müasir formada cavab verə bilməsi və beynəlxlaq səviyyəyə çıxa bilməsi üçün inkişaf etmiş ölkələrin, xüsusən də yüksək texnologiyaların yaradılmasında böyük uğurlar qazanmış Yaponiyanın təcrübəsini öyrənməyə ehtiyac duyulur. Məqalənin hazırlanmasında hazırda Yaponiyada çalışan fizika üzrə fəlsəfə doktoru, professor Xəlil Kələntərə və tarix üzrə fəlsəfə doktoru, professor Akira Matsunaqaya xüsusi minnətdarlığımızı bildiririk.
Təbii ki, dünya ölkələrinin, xüsusən qərb ölkələrinin elmi tədqiqtaların təşkili təcrübəsi keçmiş Sovet İttifaqının və digər sosialist ölkələrinin təcrübəsindən fərqlənir. Xüsusən yeni şəraitdə elmin özünü inkişaf etdirmək üçün ehtiyatlar yaratması, elmi transformasiyaların istiqamətləri və elmi tədqiqatların maliyyə mənbələrinin öyrənilməsi mühüm əhəmiyyətə malikdir.
Azərbaycan rəhbərliyi müstəqilliyin bərpasından, xüsusən ümumilli lider heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə elmin inkişafına xüsusi diqqətlə yanaşıb. Elm dövlətin davamlı sosial-iqtisadi və mədəni inkişafını təmin edən mühüm amillərdən biri kimi daim diqqət mərkəzində olub. Müasir dövrdə dayanıqlı inkişafın əsasında elmi-texniki tərəqqinin rolunu və əhəmiyyətini ciddi bir faktor kimi qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev də son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması sahəsində bir sıra mühüm qərarlar qəbul edib.
Elmin inkişafına dövlət səviyyəsində qayğı, əslində dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə və rifah halının yüksəldilməsinə xidmət edən siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Qloballaşma prosesinin dünyanı əhatə etdiyi və elmi-texniki tərəqqinin kifayət qədər yüksək sürətlə aparıldığı müasir dövrdə müstəqil Azərbaycan dövlətinin inkişafı elmi nailiyyətlərin səviyyəsindən və qazanılan uğurların tətbiqindən əhəmiyyətli dərəcədə asılıdır.
Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci il aprelin 26-da AMEA-nın illik ümumi yığıncağında iştirak edərkən vurğulayıb ki, müasir dövlətin qurulması, ölkənin tərəqqisi elmin inkişafı olmadan mümkün deyildir. Elmi tədqiqatların ölkədə aparılan iqtisadi siyasətlə bağlılığının diqqətdə saxlanılması vacib şərtdir.
Dövlətimizin başçısı son illərdə elmin inkişafına, bu sahədə problemlərin kompleks həllinə xidmət edən bir çox sərəncam və fərmanlar imzalayıb, dövlət proqramları təsdiq edib. Prezident İlham Əliyevin 2009-cu il 4 may tarixli “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, 2009-cu il 22 may tarixli “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncamları bu baxımdan xüsusi vurğulanmalıdır.
Milli Strategiya Azərbaycanın elmi-texniki potensialının, innovasiya siyasətinin, kadr hazırlığının imkanlarına əsaslanır, ixtisaslaşdırılmış elmi-tədqiqat institutlarının, həm də ayrı-ayrı istiqamətlər üzrə dövlət siyasətinə cavabdeh olan rəsmi strukturların qarşısına təxirəsalınmaz tələblər qoyur.
Bu aspektlər Azərbaycan Milli Elmlər Akademiyasında islahatların davam etdirildiyi yeni şəraitdə elmi dairələrdə və idarəetmə strukturlarında geniş müzakirələrə səbəb ola bilər və ölkəmiz üçün son dərəcə aktualdır. Elm haqqında Qanun qəbulu, Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının və Azərbaycan Respublikası Prezidenti Yanında Elmin İnkişafı Fondunun yaradılması ölkəmizdə elmin maliyyələşdirilməsi mexanizmlərinin nisbi əhəmiyyətini əhəmiyyətli dərəcədə dəyişdirib və elmi tədqiqatlar sahəsində dəyişikliklərin mümkün nəticələrinin başa düşülməsini tələb edir. Tədqiqat işlərinin təşkili və maliyyələşdirilməsi, elmi prioritetlərin müəyyən edilməsində dövlətin, elmi ictimaiyyətin və biznes strukturlarının maraq və vəzifələri balansının təmin edilməsi, elmi fəaliyyətin müxtəlif növlərinin dəstəklənməsi mexanizmlərinin şaxələndirilməsi məsələləri müzakirələrdə xüsusi yer tuta bilər.
Bu kontekstdə elmə dəstək verən xarici təcrübə xüsusi əhəmiyyət kəsb edir.
Elmə dəstəyin ənənələri və miqyası, müşayiət olunan qərar qəbuletmə mexanizmləri, layihə seçim prosedurları, məlumat toplama və emal texnologiyaları ölkədən ölkəyə dəyişir.
Dünya təcrübəsində elmi tədqiqatların dəstəklənməsinə iki yanaşma mövcuddur.
Birinci yanaşma elmi tədqiqatlara qrant dəstəyi sisteminə uyğundur. Alimlərdən ibarət yaradıcı qrup tərəfindən hazırlanan təşəbbüs layihəsi maliyyələşdirən təşkilat tərəfindən ekspert rəyi proseduru vasitəsilə qiymətləndirilir. Elmi layihəyə dəstək verildiyi halda müəlliflər komandası tədqiqatın nəticələrini elmi ictimaiyyətə təqdim etməyi öhdəsinə götürür.
İkinci yanaşma elmi tədqiqatlara ünvanlı dəstək sisteminə uyğundur. Bu zaman sifarişçi artıq elmi tədqiqatların məqsəd və vəzifələrini qoyur və icraçıların axtarışı həyata keçirilir. Layihənin icraçısı, bir qayda olaraq, konkret təşkilatdır. Müraciətlərin və alınan nəticələrin qiymətləndirilməsi isə müştəri tərəfindən həyata keçirilir.
Bu və ya digər yanaşmanın seçimi ölkənin texnoloji inkişaf mərhələsindən, siyasi rejimdən, universitet ənənələrindən, elmi ictimaiyyətin qərarların qəbul edilməsində rolundan asılı olaraq bir çox amillərlə müəyyən edilir.
Elə ölkələr var ki, məsələn, Almaniya, Danimarka, İsrail elmə dövlət ayırmalarının böyük əksəriyyəti elmi qurumlara proqram-məqsədli dəstəyin payına düşür. ABŞ, Cənubi Koreya və Sinqapur kimi digər ölkələrdə dövlət xərclərinin əhəmiyyətli bir hissəsi tədqiqat qrant mexanizminə ayrılır.
Yaponiya mövcud yanaşmaların üstünlüklərini və çatışmazlıqlarını nəzərə alaraq, tədqiqat dəstəyinə üçüncü yanaşma təklif edən nümunəni təqdim edir.
Ona görə də Yaponiyada elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin mahiyyətini elmi-texniki siyasətin milli xüsusiyyətləri və elmi tədqiqatları dəstəkləyən konkret qurumların fəaliyyəti kontekstində nəzərdən keçirmək lazımdır.
Elmin təşkili və maliyyələşdirilməsi Yaponiyada cəmiyyətin və dövlətin quruluş xüsusiyyətlərinə, insanların həyat tərzinə, təfəkkürün səviyyəsinə və inkişaf yollarının seçiminə görə digər ölkələrdən ciddi şəkildə fərqlənir. İkinci Dünya müharibəsində sarsıdıcı məğlubiyyətə uğrayan Yaponiya kifayət qədər az olan öz təbii sərvətlərinə arxalanaraq və xarici nailiyyətlərdən istifadə edərək sənayeləşmiş ölkələrə çatmağı qarşısına məqsəd qoymuşdu. 1950-80-ci illərdə Yaponiyanın sənaye və elmi-texniki strategiyası, əsasən xarici sənaye ölkələrinin məhsul və proseslərinin borc şəklində alınmasına və təkrar istehsalına yönəldildi. Bu zaman xarici patentlər və lisenziyalar geniş miqyasda alındı, yalnız surət çıxarmaq deyil, həm də digər insanların ixtiralarının əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi həyata keçirildi.
Bu dövrdə Yaponiya üçün daxili tədqiqat nəticələrinin həyata keçirilməsi üçün qapalı sistem xarakterik idi.
Texnologiyaların idxalının geniş yayılmış təcrübəsi intellektual fəaliyyətin nəticələrinin kapitallaşmasına töhfə verən korporativ əlaqələr yaratmağa imkan verdi. Bu təcrübə innovativ firmalarda yüksək peşəkar işçi qüvvəsi yaratdı. Eyni zamanda, başqalarının nəticələrini borc götürmək strategiyası Yaponiyanın öz elmi-texniki sahəsinin vəziyyətinə və inkişafına mənfi təsir göstərdi. Belə ki, elmi-pedaqoji kadrların yetərincə hazırlanmaması nəticəsindəı ali təhsil sistemində və sənaye sektorunun elmi təşkilatlarında aparılan fundamental tədqiqatlar kifayət qədər aşağı səviyyədə qaldı.
1980-ci illərin sonlarında ölkənin elmi-texniki inkişafı üçün yeni strategiyanın zəruriliyi meydana çıxdı. Heç bir yeni maliyyələşdirmə sxemləri işə salınmadan belə, elmə dövlət xərcləri durmadan artırıldı. 1990-cı illərin sonunda tədqiqat işlərinə sərf olunan ümumi xərclər inkişaf etmiş ölkələr arasında ən yüksək göstəricilərə çataraq ÜDM-nin 3 faizini təşkil edir. Bu yanaşma nəticəsində Yaponiya üçüncü minilliyin əvvəllərində dünya liderlərindən birinə çevrilib. Ölkə iqtisadiyyatının əsas sektorlarında innovativ məhsullara malikdir və yüksək texnologiyalı məhsulların ixracına görə ABŞ-dan sonra ikinci yerdədir. Hazırda Yaponiya müəssisələri elmi-texniki tərəqqinin bütün sahələri üzrə dünyada liderdir.
Yaponiyada 1996-cı ildə elmi tədqiqatları dəstəkləmək məqsədilə Elm və Texnologiya Şurası yaradılıb, onun adı 2001-ci ildə dəyişdirilərək Elm və Texnologiya Siyasəti Şurasına çevrilib. Bu quruma Baş nazirin başçılıq etdiyi Yaponiya hökuməti də daxildir. Ölkənin elmi ictimaiyyətinin və sənaye nümayəndələrinin təmsil olunduğu elmi təşkilatlar Şuranın tabeliyindədir. Hökumətdə yeni vəzifə – Elm və Texnologiya Siyasəti üzrə Dövlət Naziri vəzifəsi təsis edilib.
Yaponiya hökumətinin elm və texnologiya sahəsində əsas prioritetləri bunlardır: fundamental və axtarış xarakterli elmi tədqiqatlara dəstək; elmi tədqiqatlara maliyyə dəstəyinin müsabiqə əsasında genişləndirilməsi; ömür boyu məşğulluq sisteminin mərhələli şəkildə ləğvi; gənc alimlərin dəstəklənməsi üçün şərait yaradılması. Yaponiyanın tədqiqat və araşdırma prioritetlərinə iki qrup daxildir. Birinci qrupa: yeni materiallar haqqında elm; nanotexnologiya; həyat elmləri; informasiya texnologiyaları; telekommunikasiya texnologiyaları; ətraf mühitin mühafizəsi. İkinci qrup isə ölkənin həyati əhəmiyyətli sahələri daxildir: infrastrukturun inkişafı; energetika; kosmik məkanın və dünya okeanının öyrənilməsi; məhsulların emalı.
Elm və texnologiya sahəsində siyasətin həyata keçirilməsi üçün normativ-hüquqi bazanı təmin etmək məqəsədilə ölkədə xüsusi qanunlar hazırlanaraq qəbul edilib. Elm və texnikanın inkişafının beşillik planları, elmi-texniki proqramlar işlənib hazırlanıb. Yüksək elmi-texniki potensiala malik elmi şəhərlər formalaşdırılıb, məsələn, universitetləri, dövlət elmi mərkəzlərini, aparıcı sənaye müəssisələrinin laboratoriyalarını birləşdirən Tsukuba şəhəri salınıb.
Yaponiya elmi tədqiqat və kəşflərə ayrılan vəsaitə görə İqtisadi əməkdaşlıq və İnkişaf Təşkilatına üzv və tərəfdaş ölkələr arasında yalnız ABŞ və Çindən sonra üçüncü yerdədir. 2018-cü ildə bu məqsədlər üçün 166,8 milyard ABŞ dolları xərclənib. Bu ölkənin elmi tədqiqatlara və kəşflərə ayırdığı vəsait ÜDM-in 3,59 faizini təkil edir. Həmin vəsait bu gün də ardıcıl şəkildə artmaqda davam edir.
Yaponiyada elmi tədqiqatların maliyyələşdirilməsi iki mənbədən həyata keçirilir: dövlət büdcəsindən və əsasən ölkənin sənaye kompleksindən maliyyələşən özəl sektordan. Tədqiqat və innovasiyalar üçün milli xərclərin dörddə üçü özəl sektor tərəfindən, təxminən beşdə biri və ya altıda biri isə dövlət büdcəsindən ayrılır. Ümumilikdə qeyd edə bilərik ki, tədqiqatlara və innovasiyalara dövlət xərcləri özəl sektorun xərclərindən dörd dəfə azdır.
(ardı var)

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts