Yaponiyada əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin xatirəsinə həsr olunan xüsusi layihə hazırlanıb

Tokio, 8 Noyabr, /AJMEDIA/

Yaponiyada Rusiya səfirliyinin yanında fəaliyyət göstərən məktəbin şagirdləri moskvalı həmyaşıdları ilə birlikdə əfsanəvi kəşfiyyatçı, bütün dünyada sülhün qorunması uğrunda sarsılmaz mübariz, Sovet İttifaqı Qəhrəmanı Rixard Zorgenin xatirəsinə həsr olunan xüsusi layihə hazırlayıblar.
AJMEDIA xəbər verir ki, bu barədə məlumat Rusiyanın Yaponiyadakı diplomatik nümayəndəliyinin sosial şəbəkələrdəki səhifələrində yerləşdirilib. Qeyd edilir ki, layihə məşhur kəşfiyyatçının 1941-ci il noyabrın 7-də edam günü ilə əlaqədar hazırlanıb.
Layihə müəlliflərinin hazırladıqları videolarda qəhrəman kəşfiyyatçının tərcümeyi-halının müxtəlif məqamları əksini tapıb. İlk olaraq onun 1895-ci ildə Azərbaycanın neft sənayesi mərkəzi kimi tanınan Bakı şəhərinin Sabunçu rayonunda bir mühəndis ailəsində anadan olduğu bildirilir.
Qeyd edilir ki, alman kommunistlərinin nümayəndəsi olan R.Zorge lazımi məlumatların əldə olunması məqsədilə sovet hərbi kəşfiyyatı tərəfindən 1933-cü ildə Yaponiyaya göndərilib. Hitler Almaniyasının buradakı səfirliyində tam etibar qazanmağa nail olan bacarıqlı kəşfiyyatçı qısa müddətdə Yaponiya hökumətinin ən yüksək qatlarında öz informasiya şəbəkəsini qurub.
“Ramzay” və “İnson” kimi tanınan R.Zorge ilk olaraq Almaniyanın Sovet İttifaqına hücumunun dəqiq tarixi barədə məlumat verib. Həmçinin, onun Yaponiyanın 1941-ci ildə SSRİ-yə hücum etməyəcəyi barədə ötürdüyü dəqiq informasiya Moskva altında döyüşlərin qələbə ilə yekunlaşmasına səbəb olub. Tarixçilərin qənaətinə görə, bu informasiya müharibənin gedişini dəyişən məlumatlar sırasında xüsusi yer tutur.
1941-ci ilin oktyabrında yapon əks-kəşfiyyatı tərəfindən həbs edilən R.Zorge əzablı sorğulardan sonra 1941-ci il noyabrın 7-də edam olunub.
İnsanlıq qarşısında xidmətləri uzun müddət sirr kimi qalan Rixard Zorge yalnız 1964-cü ildə bəraət qazandıqdan sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts