Yaponiya yeni qırıcılar üçün füzelyajı Böyük Britaniyadan olan mütəxəssislərlə birlikdə hazırlayacaq

Tokio, 4 sentyabr , /AJMEDIA/

Yaponiya Müdafiə Nazirliyi Böyük Britaniyadan olan mütəxəssislərlə yeni qırıcılar üçün ümumi füzelyajın hazırlanması barədə danışıqlar aparır.
AJMEDIA NHK telekanalına istinadla xəbər verir ki, Yaponiya və Böyük Britaniyanın nəhəng şirkətləri yanvarda Yaponiya hərbi-hava qüvvələrində hazırda istifadə edilən F-2 universal təyyarələrini əvəz edəcək yeni qırıcı üçün mühərrikin hazırlanmasına başlayıb. Bildirilir ki, tərəflər arasında yeni təyyarə ilə əlaqədar əməkdaşlıq barədə planın cari ilin sonunadək hazırlanması ilə bağlı razılıq əldə edilib. Bununla əlaqədar cədvəl iki ölkənin Baş nazirləri arasında mayda keçirilən görüş zamanı təsdiqlənib.
Müdafiə Nazirliyi bildirir ki, Yaponiya və Böyük Britaniya üçün tələb edilən təyyarələr eyni xüsusiyyətlərə malik olacaqlarına görə, bu, əməkdaşlıq məsrəflərini azalda bilər.
Yeni qırıcıların hazırlanması istiqamətində Böyük Britaniya ilə əməkdaşlıq edən İtaliyanın da Yaponiya üçün tərəfdaş kimi baxıldığı qeyd edilir.
Yaponiya Müdafiə Nazirliyi gələn maliyyə ili üçün büdcə xərclərində yeni qırıcıların hazırlanmasına 143,2 milyard yen (təqribən 1 milyard dollar) vəsait ayrılmasını istəyib.
Yeni təyyarənin F-2 qırıcılarının istismardan çıxarılmasının nəzərdə tutulduğu 2030-cu ilədək hazır olacağı gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts