Yaponiya və Hindistan yaxın vaxtlarda reaktiv təyyarələrin iştirakı ilə ilk təlimlər keçirəcəklər

Tokio, 9 sentyabr , /AJMEDIA/

Yaponiya və Hindistan yaxın vaxtlarda reaktiv təyyarələrin iştirakı ilə ilk təlimlər keçirəcəklər.
AJMEDIA xəbər verir ki, bu barədə razılaşma Yaponiya və Hindistanın müdafiə və xarici işlər nazirlərinin Tokioda “2+2” formatında keçirilən görüşündə əldə edilib.
Əsasən təhlükəsizlik məsələlərinə həsr olunan görüşdən sonra dərc edilən birgə bəyanatda bildirilir ki, məqsəd son vaxtlar baş verən hadisələrlə əlaqədar açıq və azad Hind-Sakit okean regionunun saxlanılmasıdır. Vurğulanır ki, Hind-Sakit okean regionu qanunun aliliyinin hökm sürdüyü və məcburiyyətdən azad region kimi qalmalıdır. Burada status-kvonun dəyişdirilməsi ilə bağlı birtərəfli cəhdlər yolverilməzdir.
Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi və müdafiə naziri Yasukazu Hamada hindistanlı həmkarları Subramanyam Cayşankar və Racnath Sinqh ilə birlikdə çoxtərəfli strukturlarda, o cümlədən ABŞ və Avstraliyanın da daxil olduğu QUAD kimi qrupda birgə çalışmağı davam etdirmək barədə də razılığa gəliblər.
Qeyd edək ki, Yaponiya və Hindistan reaktiv təyyarələrin iştirakı ilə təlimləri əvvəlcə 2020-ci ildə keçirməyi planlaşdırmışdı, lakin koronavirus pandemiyasına görə həmin təlimlər təxirə salınmışdı.
Xatırladaq ki, bu, Yaponiya və Hindistan nazirlərinin “2+2” formatında ikinci görüşüdür. İlk belə görüş 2019-cu ilin noyabrında Nyu-Delidə keçirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts