Site icon AJMEDIA Azərbaycanca

Yaponiya tarixinin ən dəhşətli faciəsi

Tokio, 6 avqust, /AJMEDIA/

1945-ci il avqustun 6-da bəşər tarixinin ən dəhşətli hadisələrindən biri baş verdi. Üç gün ərzində iki dəfə atom bombası atılan Yaponiyada 300 mindən çox insan həlak oldu. 6 və 9 avqust tarixlərində Hiroşima və Naqasaki şəhərlərinin sakinləri bu faciənin qurbanı oldular.

1945-ci ilin əvvəllərində müttəfiq dövlətlər Almaniyanı məğlub etdikdən sonra diqqət Sakit Okean bölgəsinə yönəldi. Burada ABŞ və Yaponiya arasında şiddətli döyüşlər davam edirdi. Qeyd edək ki, Yaponiya 1941-ci ilin dekabrında ABŞ-ın Pearl Harbor bazasına hücum edəndən sonra iki ölkə arasında müharibə başlandı. 1945-ci ilin ortalarına doğru ABŞ Yaponiyanın bir çox ada bazalarını ələ keçirərək ölkənin əsas adalarına yaxınlaşdı. Kifayət qədər güclü olan Yaponiyanın təslim olmaq fikri yox idi. ABŞ isə alternativ yollar axtarırdı.

1942-ci ildə ABŞ, Böyük Britaniya və Kanada birləşərək Manhetten adlı gizli bir layihəni reallaşdırmağa başladılar. Bu layihənin məqsədi nüvə silahını inkişaf etdirməkdən ibarət idi. 1945-ci ilin iyulunda ilk atom bombası Yeni Meksikoda uğurla sınaqdan keçirildi. Bundan sonra ABŞ prezidenti Harri Trumen Yaponiyanın təslim olmasını tezləşdirmək üçün bu silahdan istifadə etmək qərarına gəldi. Avqustun 6-da təyyarədən “Little Boy” adlı uran əsaslı bomba Hiroşima şəhərinə atıldı. Partlayışın təsiri nəticəsində şəhərin böyük hissəsi dağıldı və on minlərlə insan həlak oldu. Üç gün sonra avqustun 9-da ABŞ ikinci bir atom bombasını (“Fat Man”) Naqasaki şəhərinə atdı.

Bu hadisə insanlığa və bəşəriyyətə qarşı cinayət, soyqırımı idi. Dəhşət saçan bu silahın yaratdığı faciə yapon xalqının ruhunu sarsıtdı. Atılan bomba şəhərləri, binaları və insanları yox etdi. İnsanlığın yaddaşında silinməz izlər buraxan partlayışda bir çoxları dərhal öldü, qalanları isə yanıq, radiasiya xəstəlikləri və digər zədələrdən həyatını itirdi. 79 il bundan əvvəl baş verən bu insident bütün dövrlər üçün amansız faciə sayılır.

Arxiv materiallarından bəlli olub ki, ABŞ Yaponiyaya 15 atom bombası atmağı planlaşdırıb və bu prosesin həyata keçirilməsi üçün 1945-ci ilin yaz aylarında xüsusi komitə yaradılıb. Həmin komitədə avqust, sentyabr, oktyabr aylarında bombalanması nəzərdə tutulan şəhərlərin adları da müəyyənləşdirilib. Bombalanacaq şəhərlərin siyahısında Kioto, Hiroşima, Yokoyama, Kokura, Niqata da yer alıb. 9 avqust tarixində Kokurada hava şəraiti pis olduğundan atom bombasını daşıyan təyyarə siyahıda adı keçməyən Naqasakiyə üz tutub. Kioto şəhəri isə qeyri-adi bir təsadüf nəticəsində bombalanacaq şəhərlər siyahısından çıxarılıb. Buna səbəb isə ABŞ-ın müdafiə naziri Henri Stimsonun bu şəhərdə “bal ayı”nı keçirməsi olub.

1945-ci il avqustun 15-də artıq çıxılmaz vəziyyətdə qalan Yaponiya təslim olmağa məcbur oldu. Belə ki, Yaponiya imperatoru Xiroxito amerikalı general Duqlas Makarturla İkinci Dünya müharibəsinin sona çatmasını rəsmiləşdirən və təsdiqləyən müqaviləni imzaladı. Avqustun 19-da üçüncü atom bombasını atmağa hazırlaşan ABŞ, Yaponiya təslim olduğu üçün fikrindən daşındı.

Hiroşima və Naqasaki şəhərlərində hər il avqustun 6 və 9-da dəhşətli hadisənin anma mərasimi keçirilir. Bu mərasimlər partlayış nəticəsində həlak olan insanların xatirəsini yad etmək, sülhü və nüvə silahlarının ləğvini təşviq etmək məqsədilə təşkil olunur. Hiroşima şəhərində yerləşən Sülh Memorial Parkı və oradakı muzeylər faciəni və onun təsirlərini gələcək nəsillərə xatırlatmaq üçün yaradılıb. Bu gün dünya ölkələri arasında sülhün təmin edilməsi və nüvə silahlarının yayılmasının qarşısının alınması üçün bir çox beynəlxalq sazişlər və təşkilatlar mövcuddur. Bu hadisə gələcəkdə belə faciələrin təkrarlanmaması üçün bir xəbərdarlıqdır. Bu soyqırımı dünya tarixində dərin iz buraxdı və onun təsirləri hələ də hiss olunur. Dünya artıq 79 ildir ki, atom silahına “Yox” deyir. 1964-cü ildə Hiroşimada hadisə qurbanlarının xatirəsinə “Sülh” məşəli yandırılıb və məşəlin altında bu sözlər yazılıb: “Bu məşəl dünyada sonuncu nüvə silahı ləğv edilənə qədər yanacaq”.

Dünya miqyasında nüvə təhdidinə qarşı mübarizə müxtəlif beynəlxalq sazişlər, təşkilatlar və diplomatik təşəbbüslərlə həyata keçirilir. Bu tədbirlər nüvə silahlarının yayılmasını məhdudlaşdırmaq, mövcud arsenalları azaltmaq və nüvə müharibəsinin qarşısını almaq məqsədini güdür və beynəlxalq təhlükəsizlik üçün ciddi məsələdir.

Exit mobile version