Yaponiya Şimali Koreya tərəfindən nüvə sınağı da daxil olmaqla yeni təxribatlar gözləyir

Tokio, 4 noyabr , /AJMEDIA/

Yaponiya hökuməti Şimali Koreya tərəfindən nüvə sınağı da daxil olmaqla yeni təxribatlar törədiləcəyini gözləyir.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno noyabrın 4-də keçirilən mətbuat konfransında bildirib.
“Şimali Koreya nüvə sınağı da daxil olmaqla, əlavə təxribatlar törədə bilər. Biz məlumatların toplanması və təhlili yolu ilə vətəndaşlarımızın təhlükəsizliyini və firavan həyatını təmin etməyə çalışacağıq”, – deyə baş katib qeyd edib.
Noyabrın 3-də Yaponiya üzərindən uçduğu güman edilən, lakin sonradan dənizə düşdüyü məlum olan raket buraxılışlarını şərh edən H.Matsuno bildirib ki, ilkin olaraq hökumət insanları xəbərdar etməyə çalışıb. Baş katib əlavə edib ki, hökumət J-Alert xəbərdarlıq sisteminin işini yaxşılaşdırmaq üçün lazımi addımlar atacaq.
Qeyd edək ki, Şimali Koreya son günlər ABŞ və Cənubi Koreyanın son beş ildə təşkil olunan ən böyük “Vigilant Storm” təlimləri ilə əlaqədar raket sınaqlarını artırıb. Həmin təlimlərdə təqribən 240 təyyarənin iştirak etdiyi bildirilir.
Şimali Koreyanın noyabrın 3-də arasında ballistik raketin də olduğu güman edilən sınaqlarından sonra Vaşinqton və Seul noyabrın 4-də başa çatması planlaşdırılan təlimlərin müddətini artırıb. Bu addımı təhlükəli adlandıran Pxenyan Vaşinqton və Seula böyük səhv etdiklərini başa salacağını vəd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts