Yaponiya sabiq Baş nazir Şinzo Abe ilə vidalaşır

Tokio, 27 sentyabr , /AJMEDIA/

Sentyabrın 27-də Yaponiya ölkənin ən uzun müddətli hökumət başçısı olmuş sabiq Baş nazir Şinzo Abe ilə vidalaşır. O, cari ilin iyulunda parlamentin yuxarı palatasına seçkilər ərəfəsində Nara şəhərində keçirilən küçə mitinqi zamanı qətlə yetirilib.
AJMEDIA xəbər verir ki, təqribən 4500 insanın qatıldığı dövlət mərasimi yerli vaxtla saat 14:00-da Tokionun mərkəzində yerləşən “Nippon Budokan” idman arenasında keçirilib. Mərasim NHK telekanalı vasitəsilə canlı yayımlanıb. Mərasimə Baş nazir Fumio Kişida, vəliəhd-şahzadə Akişino, parlamentin hər iki palatasının sədrləri, mərhumun ailə üzvləri, nazirlər və deputatlar, həmçinin xarici ölkələrin yüksək vəzifəli rəsmiləri və diplomatik korpusun nümayəndələri qatılıblar. Mərasimdə Azərbaycanı ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadə təmsil edib.
Bu, keçmiş Baş nazir Şiqeru Yoşidanın dəfn edildiyi 1967-ci ildən bəri ölkədə keçirilən ilk dövlət dəfn mərasimidir. Mərasimin keçirildiyi “Nippon Budokan” idman zalına Ş.Abenin külü olan qabın gətirildiyi anda özünümüdafiə qüvvələrinin artilleriya bölməsi 105 millimetrlik haubitsalardan 19 atəş açıb.
Yaponiyanın Dövlət Himni hərbi orkestr tərəfindən ifa olunub. Mərhumun xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Mərasimdə çıxış edən Baş nazir Fumio Kişida Yaponiyada hökumətə İkinci Dünya müharibəsindən sonra ən uzun müddət – yeddi il yeddi ay rəhbərlik etmiş Şinzo Abenin ölkə qarşısında xidmətlərindən danışıb. Məhz onun fəal daxili və xarici siyasəti nəticəsində iqtisadi durğunluğun aradan qalxdığını, ölkənin beynəlxalq nüfuzunun artdığını bildirib. Qeyd edib ki, ölkə və xalq qarşısında xüsusi xidmətləri olan Ş.Abenin xatirəsi Yaponiya xalqının xatirəsində daim qalacaq.
Mərasimdə sabiq Baş nazir Yoşihide Suqa Ş.Abenin silahdaşları və dostları adından çıxış edib. Onun səmimi və sədaqətli dost olduğunu, onun xatirəsinin dostlarının qəlbində daim yaşayacağını vurğulayıb.
Sonra mərasim iştirakçıları tərəfindən səhnədə quraşdırılan xatirə kompleksinə gül dəstələri qoyulub.
Keçmiş Baş nazir Abe iyulun 8-də seçki mitinqində güllələnib. İyulun 12-də Tokionun Zogogi məbədində ailə üzvləri, yaxın dostları və həmkarları üçün özəl buddist dəfn mərasimi keçirilib. Həmin gün Ş.Abenin cəsədi kremasiya edilib. Onun ölkə qarşısındakı xidmətlərini nəzərə alan hökumət sentyabrın 27-də dövlət səviyyəsində dəfn mərasimi keçirmək barədə qərar qəbul edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts