Yaponiya qəzeti Hiroşima şəhərinin azərbaycanlı sakininin sülh arzuları barədə müsahibəsini yayıb

Tokio, 1 may , /AJMEDIA/

İkinci Dünya müharibəsi zamanı atom bombardmanının qurbanı olmuş Yaponiyanın Hiroşima şəhərinin “The Chugoku shimbun” qəzeti burada yaşayan azərbaycanlı Nemət Mirzənin müsahibəsini yayıb.
AJMEDIA xəbər verir ki, yapon jurnalist Rina Yuasanın müəllifi olduğu yazıda əvvəlcə N.Mirzə haqqında məlumat verilir. Bildirilir ki, 23 yaşlı azərbaycanlı Bakı Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsini bitirib. Üçüncü kursda oxuyarkən bir il müddətinə Yaponiyanın Qunma Universitetində təhsilini davam etdirib. Sonra vətənə dönərək BDU-da təhsilini başa vurub. 2020-ci ilin iyununda hərbi xidmətə çağırılıb. Cəmi üç ay sonra Azərbaycanın Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanan ərazilərinin azad edilməsi üçün Vətən müharibəsi başlayıb. Həmin vaxt N.Mirzəyə döyüşən əsgərlərə yemək və digər tələbat məhsullarını ön cəbhəyə çatdırmaq tapşırığı verilir. Bundan əlavə o, silahla davranış qaydaları və hərbi biliklərə yiyələnir. Xidmət etdiyi dəstə mühafizə və təminat rolunu yerinə yetirərək yaralı yoldaşlarının təxliyəsində böyük rol oynayır.
Müəllif qeyd edir ki, müsahibi müharibə vaxtı “Ölkəmizi düşməndən azad etməliyik”, – deyə düşünərək əlindən gələni əsirgəmir. Əsgər yoldaşları ilə birlikdə bütün gücünü düşməni məğlub etməyə yönəldir.
Həmin ilin noyabrında imzalanan üçtərəfli Bəyanat nəticəsində Azərbaycan faktiki olaraq qələbə qazanır və bu xəbər N.Mirzəni hədsiz dərəcədə sevindirir.
Yazıda qeyd edilir ki, müharibədə qələbənin daha bir reallığı da var idi. Birillik hərbi xidmət bitdikdən sonra evinə dönən Mirzə yoldaşlarının şəhid olduğunu eşidir. Onlar da N.Mirzə kimi, Vətən qarşısında borclarını yerinə yetirmək üçün hərbi xidmətə yollanmış, lakin işğal altında olan torpaqların azad edilməsi uğrunda həyatlarından keçmişdilər.
Nemət düşünür ki, övladları şəhid olan valideynlər qalib ölkədə yaşamanın sevincini yaşasalar belə, itirilmiş övladları üçün gözlərindən axan yaş heç vaxt əskik olmayacaq.
Müəllif qeyd edir ki, N.Mirzə sülhün dəyərini qəlbən hiss etmək üçün cari il yanvarın sonundan Hiroşimada məskunlaşır. Hər gün bu şəhərdəki Sülh Xatirə parkını ziyarət edir, “buraya gəldikdə ruhum dincəlir”, – deyə bildirir.
Yaponiya vətəndaşlarının Sülh Xatirə parkında təşkil etdikləri “Müharibəyə yox deyək!“ adlı tədbirinə qatılan N.Mirzə sülhün dəyərini anlamaq duyğusunun silahlı münaqişələrdən daha üstün olduğunu bir daha vurğulayır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts