Tokio, 16 dekabr, /AJMEDIA/
Dekabrın 16-da Yaponiyanın “Hokkaido Shimbun” qəzeti Azərbaycan, Rusiya və Ermənistan liderlərinin ötən ay Soçidə keçirilən görüşü barədə analitik məqalə yayıb.
AJMEDIA xəbər verir ki, “Keçmiş Sovet İttifaqının dağılmasından ötən 30 il və hələ də münaqişə edən qonşular” adlı məqalədə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə təşkil olunan üçtərəfli görüş barədə ətraflı məlumat verilir. V.Putinin sözləri sitat gətirilərək qeyd edilir ki, “Bizi dərin tarixi əlaqələr birləşdirir və bunun dağılması arzu edilən deyil. Əksinə, biz bu əlaqələri bərpa etməli və gələcəkdə daha da möhkəmləndirməliyik”.
Qəzetin beynəlxalq şərhçisi Takaşi Norisadanın müəllifi olduğu məqalədə bildirilir ki, Rusiya rəhbərliyi keçmiş ittifaq ölkələri arasında öz liderliyini saxlamağa çalışır. Lakin etnik qarşıdurmalar və ərazi mübahisələri bu ərazidə dərin köklərə malikdir. Qafqaz regionunda yerləşən Azərbaycan və Ermənistan da bu mənfi tarixdən qurtara bilmirlər.
Məqalədə münaqişənin tarixi barədə ətraflı məlumat verilərək Qarabağın Azərbaycan ərazisi olduğu, 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Ermənistanın bu və buna bitişik Azərbaycan ərazilərini işğal etdiyi qeyd edilir. Lakin işğalla barışmayan Azərbaycanın ötən ilin payızında Ermənistan ordusunun növbəti təxribatına cavab olaraq hücuma keçdiyi və 44 gün davam edən müharibədən sonra həmin əraziləri azad etdiyi vurğulanır.
Məqalədə işğaldan azad edilən ərazilərə səfər edən müəllif ermənilərin buradakı yerli əhalini məcburi qaçqına çevirməsi və yaşayış məntəqələrində törətdiyi dağıntılara xüsusi diqqət çəkir. Qeyd edir ki, yalnız məscid binasının bütöv qaldığı Ağdam şəhərini Azərbaycanda “Qafqazın Hirosiması” adlandırırlar. Bu şəhərə səfər edən keçmiş sakinlərin keçirdiyi hisslər barədə məlumat verən müəllif, onların dərin kədəri ilə yanaşı, qələbənin yaratdığı böyük sevinc hissindən də bəhs edir. Həmin insanların doğma torpaqlara qayıtdıqlarına görə özlərini xoşbəxt hiss etdiklərini qeyd edir. Bildirir ki, vaxtilə yaşıllıqlar məskəni olan şəhərdə bundan heç bir iz qalmayıb. Lakin Azərbaycan hökuməti sürətli bərpa və yenidənqurma işlərinə başlayaraq, burada “yaşıl” enerji əsasında fəaliyyət göstərəcək “ağıllı” şəhər və kəndlərin inşasına başlayıb.
Müəllif müharibənin başa çatmasından bir il ötməsinə baxmayaraq, bəzi yerlərdə hələ də qarşıdurmanın davam etdiyini, ötən ay ermənilər tərəfindən törədilən təxribatlar nəticəsində bir neçə əsgərin həlak olduğunu da qeyd edir. Bildirir ki, Azərbaycan tərəfinin səylərinə baxmayaraq, Ermənistan sərhədlərin demarkasiyasını aparmağa tələsmir. Soçi görüşünün də məqsədi məhz bu prosesi sürətləndirmək idi. Həmin görüşdə bu istiqamətdə danışıqların ilin sonlarında başlaması barədə razılıq əldə edilib. Görüş vaxtı Rusiya Prezidentinin Azərbaycan və Ermənistan liderlərinə hədiyyə etdiyi qızıldan hazırlanan zeytun budağının rəmzi mənası da məhz regionda sülhün bərpasına və inkişafa çağırış mənasını daşıyır.
Məqaləyə müəllif tərəfindən çəkilmiş fotolar da əlavə edilib.