Yaponiya parlamenti Fumio Kişidanı yeni Baş nazir seçib

Tokio, 4 Oktyabr, /AJMEDIA/

Oktyabrın 4-də Yaponiya parlamentinin hər iki palatasında səsvermənin nəticələrinə əsasən Liberal Demokratik Partiyanın (LDP) sədri Fumio Kişidanı Baş nazir vəzifəsinə seçib. Beləliklə F.Kişida Yaponiyanın sayca 100-cü Baş naziri olub.

AJMEDIA xəbər verir ki, səsvermə qanunverici orqanın saytında birbaşa yayımlanıb. Aşağı palatada səsvermənin nəticələrinə görə, F.Kişida 458 deputatdan 311-nin səsini qazanıb. Müxalif Konstitusiyalı Demokratlar Partiyasının lideri Yukio Edano isə 124 səs toplaya bilib. Daha sonra yuxarı palatada keçirilən seçkidə Kişidanı 241 nəfərdən 141-i dəstəkləyib.

Yaxın saatlarda yeni Baş nazirin hökumətin yeni tərkibini elan edəcəyi gözlənilir. Xəbər verdiyimiz kimi, yeni hökumətin tərkibində xarici işlər naziri Toşimitsu Moteqi və müdafiə naziri Nobuo Kişinin öz vəzifələrini saxlayacaqları gözlənilir. Nazirlər Kabinetində mühüm hesab edilən baş katib vəzifəsinə isə sabiq təhsil, mədəniyyət, idman, elm və texnologiyalar naziri Hirokazu Matsunonun təyin ediləcəyi bildirilir. Maliyyə naziri vəzifəsini isə Tokioda Olimpiya və Paralimpiya Oyunlarının təşkilinə məsul sabiq nazir Syunişi Suzuki tuta bilər.

Xatırladaq ki, F.Kişida LDP-nin sədri vəzifəsinə sentyabrın 29-da keçirilən seçkilərdə gəlib. Hakim partiyanın sədrinin seçkiləri Baş nazir vəzifəsini müvəqqəti icra edən Y.Suqanın səlahiyyət müddətinin qurtarması ilə əlaqədar keçirilib. Y.Suqa həmin vəzifəni bir il əvvəl sabiq Baş nazir Şinzo Abe gözlənilmədən istefa verdikdən sonra tutmuşdu.

2012-2017-ci illərdə Yaponiyanın xarici işlər nazir olmuş Fumio Kişida baxışlarına görə mötədil mühafizəkar hesab edilir. ABŞ ilə ittifaqın möhkəmləndirilməsinin və Yaponiyanın hərbi gücünün artırılmasının tərəfdarı olan Kişida, eyni zamanda, silahlı qüvvələrin uzaq məsafəli raketlər və atom sualtı qayıqları ilə təchiz olunmasına ehtiyatla yanaşır. O, habelə ölkənin müharibədən sonra qəbul edilmiş Konstitusiyasına yenidən baxılmasının tərəfdarıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts