Yaponiya İmperatoru hökumətin yeni tərkibini təsdiq edib

Tokio, 4 Oktyabr, /AJMEDIA/

Oktyabrın 4-də Yaponiya İmperatoru Naruhito Baş nazir Fumio Kişidanın başçılıq edəcəyi yeni hökumətin tərkibini təsdiq edib.

AJMEDIA xəbər verir ki, bununla əlaqədar rəsmi mərasim Tokioda yerləşən İmperator sarayında keçirilib.

Yaponiya Nazirlər Kabinetinin tərkibinin İmperator tərəfindən təsdiq olunması ölkə Konstitusiyasında öz əksini tapmış məcburi prosedurdur. Mərasim vaxtı nazirlərdən hər biri onun bu vəzifəyə təyinatı barədə İmperatorun imzası ilə təsdiq edilmiş sənədi növbə ilə alırlar. Mərasimdə parlamentin hər iki palatasının spikerləri və sabiq Baş nazir Yoşihide Suqa da iştirak edib.

Yeni hökumətin tərkibində xarici işlər naziri Toşimitsu Moteqi və müdafiə naziri Nobuo Kişi öz portfellərini saxlayıblar. Yoşihide Suqa hökumətində təhsil, mədəniyyət, idman, elm və texnologiyalar naziri vəzifəsini tutmuş Koiçi Haqiuda iqtisadiyyat, ticarət və sənaye naziri təyin edilib. Onun sabiq Baş nazir Şinzo Abenin dövründə olduğu kimi, Rusiya ilə iqtisadi əməkdaşlığın inkişafına cavabdeh olacağı da bildirilir.

Yaponiya Nazirlər Kabinetinin yeni tərkibinə üç xanım da daxil olub. Belə ki, F.Kişida ilə hakim partiyanın lideri vəzifəsi uğrunda mübarizə aparan Seyko Noda regional problemlər və qadın məsələləri üzrə nazir vəzifəsinə təyin edilib. Y.Suqanın dövründə təsis edilən rəqəmsallaşma nazirliyinə Karen Makişima, koronovirusa qarşı vaksinasiyaya cavabdeh nazirliyə isə Horiko Horiuçi başçılıq edəcək.

Maliyyə naziri vəzifəsinə Tokioda Olimpiya və Paralimpiya Oyunlarının təşkilinə məsul sabiq nazir Syunişi Suzuki təyin edilib. F.Kişida hökumətində, həmçinin yeni İqtisadi Təhlükəsizlik Nazirliyi təsis edilib. Texnoloji yeniliklərin xaricə aparılmasının qarşısını almalı olan bu nazirliyə isə Takayuki Kobayaşi rəhbərlik edəcək.

Xəbər verdiyimiz kimi, Yaponiya parlamentinin hər iki palatası oktyabrın 4-də böyük səs çoxluğu ilə Fumio Kişidanı ölkənin yeni Baş naziri seçib. Sentyabrın 29-da ölkənin hakim Liberal Demokratik Partiyasının sədri seçilən F.Kişida Yaponiyanın sayca 100-cü Baş naziri olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts