Yaponiya ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Tokio, 1 sentyabr , /AJMEDIA/

Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin Yaponiya xarici işlər nazirinin yeni təyin edilmiş parlament üzrə müavini Yuumi Yoşikava ilə görüşündə iki dost ölkə arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
AJMEDIA xəbər verir ki, səfirliyin təşəbbüsü ilə keçirilən görüşdə əvvəlcə səfir G.İsamyılzadə Y.Yoşikavanı yeni təyinatı münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.
Qeyd edək ki, xanım Y.Yoşikava Yaponiyanın xarici işlər nazirinin parlament üzrə müavini vəzifəsinə təyin edildikdən sonra bu ölkədə akkreditə edilmiş diplomatik korpus nümayəndələrindən ilk olaraq Azərbaycanın Yaponiyadakı səfiri ilə rəsmi görüşüb.
Əvvəlcə G.İsmayılzadə Azərbaycan ilə Yaponiya arasında ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini xatırladıb, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı keçirilən tədbirlərə dair məlumat verib.
Nazir müavini təbrikə görə minnətdarlığını bildirib. Cari il sentyabrın 5-6-da Bakıda keçiriləcək Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci iclasının Yaponiya tərəfi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Yaponiyanın ikitərəfli iqtisadi əməkdaşlığın enerji sektoru ilə yanaşı, digər sahələr üzrə, o cümlədən tranzit və yük daşımaları istiqamətində inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.
Öz növbəsində səfir 2020-ci ilin payızında Azərbaycanın 44 günlük Vətən müharibəsi və Zəfəri ilə bağlı geniş məlumat verib, münaqişənin həll olunduğunu və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdırıb. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq, Laçın şəhərindən yan keçən yeni yolun inşasının başa çatdığını diqqətə çatdırıb. Bildirib ki, avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə qaytarılıb. Bu yolun ölkəmizin ərazisindəki hissəsi qısa müddət ərzində Azərbaycan tərəfindən yüksək keyfiyyətlə inşa edilib ki, bu da ölkəmizin üçtərəfli bəyanatın icrasına sadiqliyinin bariz nümunəsidir.
Nazir müavini Y.Yoşikava verilən ətraflı məlumata görə təşəkkürünü bildirərək, sabiq münaqişənin həll olunmasından məmnunluğunu ifadə edib.
Görüşdə ikitərəfli münasibətlər, xüsusilə 2022-ci ildə Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı keçirilən tədbirlərə dair fikir mübadiləsi də aparılıb.
Qeyd edək ki, Y.Yoşikava Yaponiyanın Mie prefekturasından 2013-cü və 2019-cü illərdə iki dəfə Yaponiya Parlamentinin Müşavirlər Palatasına üzv seçilib, palatanın təhsil, mədəniyyət və elm komitəsinin sədri vəzifəsində çalışıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts