Yaponiya hökumətinin bir ili və parlamentdə gözlənilən gərgin debatlar

Tokio, 4 oktyabr , /AJMEDIA/

Oktyabrın 4-də Yaponiyanın Baş naziri Fumio Kişidanın hakimiyyətə gəlməsinin bir ili tamam olur. İldönümünə baxmayaraq, hökumətin reytinqinin kəskin düşdüyü bir vaxtda Baş naziri parlamentdə gərgin debatlar gözləyir.
AJMEDIA xəbər verir ki, parlamentin iclası oktyabrın 3-də, Baş nazirin bir sıra uğursuzluqlarla qarşılaşdığı dövrdə başlayıb. Belə ki, hakim partiyanın cəmiyyətdə birmənalı qarşılanmayan “Birlik kilsəsi” ilə şübhəli münasibətləri, sabiq Baş nazir Şinzo Abenin mübahisəli dövlət dəfn mərasimin təşkili və inflyasiya nəticəsində ölkədə müşahidə edilən görünməmiş qiymət artımı Yaponiya hökumətinin başçısını çox gərgin vəziyyətlə üz-üzə qoyub.
Xatırladaq ki, F.Kişida hökumət başçısı kimi fəaliyyətinə ötən il oktyabrın 4-də, sabiq Baş nazir Yoşihide Suqa rəhbərlik etdiyi hökumət COVID-19 pandemiyasına qarşı lazımi reaksiyanı göstərə bilməməsi səbəbindən kəskin tənqidlərlə qarşılaşaraq istefa vermək məcburiyyətində qaldıqdan sonra başlayıb.
İqtisadi inkişafın bəhrələrinin orta təbəqə arasında bərabər paylanmasını nəzərdə tutan “yeni kapitalizm” ideyasını reallaşdıracağını vəd edən F.Kişidanın hakimiyyətə gəlişinin ilk günlərində rəhbərlik etdiyi hökumətin reytinqi Kyodo agentliyini keçirdiyi sorğunun nəticələrinə görə 55,7 faiz təşkil edirdi.
F.Kişida həmin il oktyabrın sonlarında parlamentin aşağı palatasına keçirilən seçkilərdə rəhbərlik etdiyi Liberal-Demokratik Partiyanın (LDP) inamlı qələbə qazanmasına nail oldu. Onun rəhbərlik etdiyi kabinetin reytinqi kifayət qədər yüksək olduğuna görə, Baş nazirin sədri olduğu LDP cari il iyulun 10-da yuxarı palataya seçkilərdə də qələbə əldə etdi.
Lakin son seçkilərdən sonra hər şey dəyişdi. Belə ki, seçkilərə iki gün qalmış Nara şəhərində küçə mitinqi zamanı qətlə yetirilən Ş.Abenin istintaq işi LDP-dən olan qanunvericilərlə cəmiyyətdə çox vaxt məzhəb kimi tanınan “Birlik kilsəsi” arasında şübhəli əlaqələrin mövcud olduğunu təsdiq etdi.
Həmin gün Ş.Abeyə odlu silahla hücum edən Tetsuya Yamaqami qətlin əsas səbəbi kimi anasının həmin dini qrupa ödədiyi yüksək məbləğ nəticəsində ailəsinin maliyyə vəziyyətinin pisləşməsini göstərərək, sabiq Baş nazirin də bu qurumla müəyyən əlaqələrə malik olduğunu güman etdiyini bildirdi.
Yaponiya telekanallarında 2021-ci ildə Ş.Abenin 1954-cü ildə Cənubi Koreyadan olan qatı antikommunist tərəfindən yaradılmış “Birlik kilsəsi”nin tədbirində videomüraciətlə çıxışı barədə çarxlar görünməyə başladı.
LDP üzvü olan deputatlarla “Birlik kilsəsi”nin əlaqələri ciddi diqqət mənbəyinə çevrildi ki, bu da mübahisəli dini qurumun hakim partiyadan olan qanunvericilərlə münasibətləri möhkəmlədərək siyasi proseslərə təsir göstərmək niyyəti barədə şübhələrin yaranmasına səbəb oldu.
LDP “Birlik kilsəsi“ ilə əlaqələri kəsəcəyini vəd etsə də, ötən ay dərc edilən araşdırmanın nəticələri hakim partiyadan olan qanunvericilərin təqribən yarısının bu təşkilatla əlaqədə olduğunu təsdiq etdi. Bu, F.Kişida hökuməti üçün ağır zərbəyə çevrildi.
Yaranmış vəziyyətdə Yaponiyanın müxalifət partiyaları parlamentin iclasında Baş nazirdən və hökumətin digər üzvlərindən hazırda “Dünyada sülh və birlik uğrunda ailə federasiyası” adını daşıyan həmin qrupla əlaqələri barədə sorğuya cavab vermələrini tələb etməyi planlaşdırırlar.
Həmin federasiyanın insanları çox şübhəli görünən “mənəvi ticarət” adı ilə adi küpləri və digər əşyaları çox baha qiymətə almağa sövq etməsi ilə diqqəti cəlb etdiyi vurğulanır. F.Kişida bu təşkilatla hər hansı bir əlaqəyə malik olmadığını bildirib.
İlk növbədə müxalifətin əsas hədəfi olaraq iqtisadi bərpa naziri Dayşiro Yamaqivanın adı çəkilir. Belə ki, bu nazir qrupla əlaqəsi olmadığı barədə yalan ifadə verməkdə ittiham edilir.
Parlamentin 69 gün davam edəcək bu növbədənkənar sessiyasında F.Kişida ilə müxalifət arasında müzakirə ediləcək ikinci məsələ kimi Yaponiyada ən uzun müddətə hökumətə başçılıq etmiş Ş.Abenin dövlət dəfn mərasiminin təşkilinin duracağı gözlənilir.
Doğrudur, F.Kişida qərarların qəbulu zamanı müxtəlif rəylərə diqqətlə qulaq asmaq bacarığı ilə tanınır, lakin 55 ildən sonra təşkil olunan həmin mərasimlə əlaqədar onun parlamentdə müzakirələr aparmadan vergiödəyicilərinin vəsaitini bu işə yönəltməsi barədə qərarı ciddi narazılığa səbəb olub.
Müxalifətdən olan deputatlar F.Kişidanı tələsik qaydada qərar qəbul etməkdə və dövlət dəfn mərasiminin təşkili üçün heç bir qanuni əsas olmadan 1,66 milyard yen (11 milyon dollar) vəsaiti həmin tədbirin təşkilinə yönəltməkdə ittiham edirlər.
F.Kişida hökumətinin reytinqinə zərbə vuran üçüncü amil kimi Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində qiymətlərin kəskin artımı və Yaponiya ilə ABŞ arasında faiz dərəcələrinin kəskin artması nəticəsində yenin qiymətdən düşməsi göstərilir. Yaponiya cəmiyyəti üçün gözlənilməz olan bu halın da F.Kişida hökumətinə inamı sarsıtdığı bildirilir.
Milli valyuta olan yenin dəyərini itirməsi xaricdən gətirilən malların qiymətinin artmasına səbəb olub ki, bu da ilk növbədə ev təsərrüfatlarına və korporativ sektora ciddi zərbə vurub. Yaponiyada artıq on illərlə davam edən əməkhaqqı sabitliyi mövcuddur.
Oktyabrın 3-də, növbədənkənar sessiyanın ilk günündə siyasi məruzə ilə çıxış edən Baş nazir F.kişida qiymət artımının ümumilikdə iqtisadiyyata təsirini azaltmaq məqsədilə hökumət tərəfindən görünməmiş və ciddi tədbirlər görüləcəyini söyləsə də bu addımların konkret olaraq nədən ibarət olacağını bildirməyib.
Göründüyü kimi, Yaponiya parlamentinin növbədənkənar sessiyası hökumət üçün yaxşı heç nə vəd etmir və keçiriləcək debatların ölkə üçün hansı nəticələrə aparacağını qabaqcadan proqnozlaşdırmaq çox çətindir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts