Yaponiya hökuməti “Birlik kilsəsi” ilə əlaqədar təhqiqata başlayıb

Tokio, 22 noyabr , /AJMEDIA/

Noyabrın 22-də Yaponiya hökuməti psixoloji təsir, şantaj və hədə-qorxu yolu ilə insanlardan külli miqdarda pul almaqda təqsirli bilinən “Birlik kilsəsi” dini qrupu ilə əlaqədar təhqiqata başlayıb. Kilsənin fəaliyyəti barədə sualların gün ərzində təşkilata göndəriləcəyi bildirilir.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiyanın təhsil, mədəniyyət, idman, elm və texnologiyalar naziri Keyko Naqaoka Tokioda keçirilən mətbuat konfransında məlumat verib. Qeyd edək ki, Yaponiyada dini qrupların fəaliyyətinə xanım K.Naqaokanın rəhbərlik etdiyi nazirlik nəzarət edir.
“Mən “Birlik kilsəsinə” onun fəaliyyəti və maliyyə mənbələri barədə dəqiq məlumatların əks edildiyi sənədləri dekabrın 9-dək təqdim etməsi barədə məktub göndərirəm. Bununla əlaqədar sorğular poçt vasitəsilə göndəriləcək”, – deyə nazir bildirib.
Bununla yanaşı, kilsəyə göndəriləcək sualların konkret məzmunu barədə məlumat verilmir. Lakin dini təşkilatın təqdim etdiyi cavablardan asılı olaraq, hökumət “Birlik kilsəsinin” məcburi qaydada bağlanması barədə məhkəməyə müraciət edə bilər.
Qeyd edilir ki, 1995-ci ildə qəbul edilən dini təşkilatlar barədə mövcud qanunvericiliyə uyğun olaraq ölkədə ilk dəfə belə təhqiqat aparılacaq.
Bu ərəfədə xanım nazir müxtəlif qanun pozuntularına görə “Birlik kilsəsinə” qarşı artıq 22 məhkəmə iddiasının irəli sürüldüyünü bildirib. Həmin dini təşkilatın fırıldaqçılıq fəaliyyəti nəticəsində Yaponiya vətəndaşlarına təqribən 1,4 milyard yen (təqribən 10 milyon dollar) dəyərində ziyan vurulduğu deyilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts