Yaponiya hökuməti ABŞ hərbi bazasının Okinava daxilində yerdəyişməsində israrlıdır

Tokio, 12 sentyabr , /AJMEDIA/

Yaponiya hökuməti ABŞ dəniz piyadalarının Futemma hərbi bazasının Okinava daxilində yerdəyişməsini problemin həlli üçün yeganə mümkün variant hesab edir və bunda israrlıdır.
AJMEDIA xəbər verir ki, bunu bazar günü Okinavada keçirilən qubernator seçkilərində bazanın prefekturadan kənara köçürülməsinin tərəfdarı Denni Tamakinin qələbəsindən sonra Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.
Sentyabrın 12-də mətbuat konfransında məsələni şərh edən baş katib deyib: “Haneko rayonuna köçürülmə yeganə mümkün variantdır. Biz bu yerdəyişmənin tezliklə həyata keçirilməsi üçün mümkün olan bütün işləri görəcəyik”. H.Matsuno, həmçinin qeyd edib ki, hökumət Okinava əhalisinin və regional rəhbərliyin məsələnin mahiyyətini anlaması üçün səyləri davam etdirəcəkdir.
Qeyd edək ki, Okinava qubernatorunun bazar günü keçirilən seçkilərinin nəticələrinə görə ABŞ dəniz piyadalarının Futemmadakı bazasının prefektura ərazisindən çıxarılmasının tərəfdarı olan Denni Tamaki ikinci müddətə həmin vəzifəyə seçilib.
Xatırladaq ki, Okinava adasında ABŞ hərbi obyektlərinin bütün Yaponiya üzrə 75 faizi yerləşir və bu, yerli əhali tərəfindən narazılıqla qarşılanır. Hələ 1996-cı ildə Yaponiya və ABŞ arasında Futemma hərbi bazanın prefektura ərazisindən çıxarılması barədə razılıq əldə edilib. 1999-cu ildə isə bazanın prefekturanın şimalında yerləşən Haneko rayonuna köçürülməsi qərara alınıb.
2013-cü ildə Okinavanın hakimiyyət orqanları işlərin başlanmasına razılıq versə də, həmin vaxt qubernator Takeşi Onaqa bu qərarı ləğv edərək, bazanın prefektura ərazisindən çıxarılmasını tələb edib. Qubernator bununla əlaqədar məhkəmə prosesini uduzsa da, işlərin bərpasına razılıq verməyib. Həmin vaxt gözlənilmədən vəfat edən T.Onaqanın yerini tutan müxalifətçi D.Tamaki də ABŞ bazasının prefektura ərazisindən çıxarılmasını tələb edib.
Buna baxmayaraq, məsələnin məhkəmə çəkişmələri mərkəzi hökumətin qələbəsi ilə başa çatıb və bazanın Qinovan şəhərindən Haneko rayonuna köçürülməsi ilə bağlı işlər bərpa edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts