Yaponiya Azərbaycan ilə parlamentlərarası əməkdaşlığın inkişafında maraqlıdır

Tokio, 18 may , /AJMEDIA/

Yaponiya parlamenti Azərbaycan Milli Məclisi ilə parlamentlərarası əməkdaşlığın inkişafında maraqlıdır.
AJMEDIA xəbər verir ki, bu fikir Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin Yaponiya parlamentinin müşavirlər palatasının sədri, xanım Akiko Santo ilə görüşündə səslənib.
Azərbaycan diplomatını salamlamaqdan məmnun olduğunu bildirən Akiko Santo ölkəmiz ilə Yaponiya arasında münasibətlərin inkişafına dəstək verməyə maraqlı və hazır olduğunu bildirib. Yaponiyanın Azərbaycan ilə parlamentlərarası əməkdaşlığın inkişafında maraqlı olduğunu deyib.
Səfir G.İsmayılzadə öz növbəsində görüş üçün minnətdarlığını bildirib. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın salamlarını çatdıraraq, 2021-ci il sentyabrın 7-də Avstriyanın paytaxtı Vyanada Milli Məclisin sədri ilə xanım A.Santonun görüşünü xatırladıb. Azərbaycanın Yaponiya ilə ümumilikdə, həmçinin parlamentlərarası əlaqələrin inkişafında maraqlı olduğunu və bu sahədə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin mühüm rol oynadığını diqqətə çatdırıb.
Akiko Santo da Milli Məclisin sədri Sahibə Qafarovaya salamlarını çatdırmağı xahiş edib. Azərbaycanlı həmkarının dövlətlər arasında, o cümlədən parlamentlərarası dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
G.İsmayılzadə xanım A.Santoya 2020-ci ilin payızında Azərbaycanın 44 günlük Vətən müharibəsində böyük Zəfəri ilə bağlı geniş məlumat verərək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və Qarabağ münaqişəsinin birdəfəlik həll edildiyini həmsöhbətinin diqqətinə çatdırıb. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin gedişi barədə ətraflı məlumat verib. Yaponiya parlamentinin müşavirlər palatasının sədrinə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri, onun tarixi ilə bağlı geniş məlumat verib.
Akiko Santo verilən məlumatlar üçün təşəkkürünü bildirib, sabiq münaqişədən xəbərdar olduğunu və onun həll olunmasından məmnunluğunu ifadə edib. 2022-ci ildə Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi ilə bağlı müxtəlif tədbirlərin təşkil edilməsini alqışladığını bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts