YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Türkmənistanın Azərbaycandakı səfiri ilə görüşüb

Tokio, 17 noyabr , /AJMEDIA/

Türkmənistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurbanmammet Elyasovun təşəbbüsü ilə noyabrın 17-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında səfirlə YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov arasında görüş keçirilib.
Partiyadan AJMEDIA-ya bildirilib ki, səfiri Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edən YAP Sədrinin müavini Tahir Budaqov onun Azərbaycan-Türkmənistan əlaqələrinin daha da genişləndirilməsinə, eləcə də iki ölkənin hakim partiyaları olan Yeni Azərbaycan Partiyası ilə Türkmənistan Demokratik Partiyası (TDP) arasında münasibətlərin inkişafına töhfə verəcəyinə inamını ifadə edib. Tahir Budaqov qeyd edib ki, xalqlarımızın dərin tarixi köklər, ortaq dil, din və mədəniyyət ilə bir-birinə bağlı olması iki dövlət arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına əlverişli zəmin yaradır. Azərbaycan-Türkmənistan əməkdaşlığının genişləndirilməsində dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin rolundan, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin münasibətlərin inkişafına verdikləri önəmdən bəhs edən Tahir Budaqov iki ölkənin beynəlxalq aləmdə bir-birinin milli maraqlarını dəstəklədiyini vurğulayıb. Türkmənistanın bu yaxınlarda Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv olmasının əhəmiyyətini xüsusi diqqətə çatdıran YAP Sədrinin müavini qeyd edib ki, YAP və TDP hakim partiyalar olaraq qarşılıqlı əlaqələri inkişaf etdirməklə hər iki xalqın mənafelərinə xidmət edən dövlətlərarası münasibətlərin inkişafına öz töhfəsini verə bilər.
Öz növbəsində təbrikə görə təşəkkürünü bildirən səfir Qurbanmammet Elyasov özünə yaxın, doğma bildiyi Azərbaycanda səfir kimi çalışmaqdan məmnunluğunu ifadə edib. Müdrik dövlət xadimi Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin beynəlxalq arenada yüksək nüfuz və hörmət sahibi olduğunu söyləyən səfir son illərdə Azərbaycan-Türkmənistan əlaqələrinin sürətlə inkişaf etdiyini, bu prosesdə iki ölkənin liderləri arasında münasibətlərin xüsusi rol oynadığını deyib. Onun sözlərinə görə, Xəzər dənizindəki iki ölkə sərhədində yerləşən “Dostluq” neft-qaz yatağının birgə işlənməsi də yüksələn əlaqələrin göstəricisidir. Səfir həmçinin siyasi əlaqələrin inkişafı ilə yanaşı, iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə ehtiyac olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.
Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, görüşdə Türkmənistanın Azərbaycandakı səfirliyinin birinci katibi Sultan Açılov da iştirak edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts