XVII Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində gənc musiqi qruplarının çıxışı olub

Tokio, 20 noyabr , /AJMEDIA/

Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən XVII Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində noyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində “I am jazzman!” (“Mən cazmenəm!”) adlı gənc caz ifaçıları müsabiqəsinin növbəti turu və qala-konserti olub.
AJMEDIA xəbər verir ki, konsertin açılışını vokalçı Rahib Mirzəyev edib. “İmpro 42” caz kvarteti, “Karan və dostları” və “Unikal” qrupları, həmçinin Leyla Gərayzadə, Eldar Məmmədov, Röya Dadaşova, Aladi Uilson və başqaları konserti davam etdiriblər. Proqram “Ekalogic”in çıxışı ilə başa çatıb.
Müsabiqənin məqsədi ölkədə caz sənətinin təbliği və gənc istedadların üzə çıxarılmasıdır. “I am jazzman!” bu sahədə ilk addımlarını atan musiqiçilər üçün gözəl fürsətdir. Gənclərin əksəriyyəti ilk dəfə idi ki, müsabiqəyə qatılmışdı. Onlar dünyanın məşhur caz ifaçılarının repertuarından müxtəlif kompozisiyalar ifa ediblər.
Qeyd edək ki, bu axşam Yogev Şetrit trio yoldaşları Amir Solomon (bas) və Devid Şitritlə (fortepiano) Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək.
Bəstəkar və zərb ifaçısı Yogev Şetrit 1978-ci ildə İsraildə anadan olub. Yerusəlim İvrit Universitetində Musiqiologiya üzrə bakalavr dərəcəsi alıb. Şetrit dünyaca məşhur “Coolooloosh” qrupunun yaradıcısı və üzvü olub, Çuçito Valdes, Tia Fuller, Arni Lourens, Paulo Morello və Kevin Mahogany kimi görkəmli sənətçilərlə eyni səhnəni bölüşüb. Bəstəkar qəlbli Şetrit orijinal əsərlərini ifa etmək üçün 2016-cı ildə öz triosunu yaradıb. Qrup rəhbəri kimi ilk studiya albomu “New Path”ı buraxıb. O vaxtdan “Yogev Şetrit” triosu “Beynəlxalq Panama Caz Festivalı”, “The Kennedy Center”, “Casa Del Jazz”, Roma, Vaşinqton da daxil olmaqla dünyanın 30-dan çox ən böyük festival və məkanlarında çıxışlar edib.
Festivalın bağlanış mərasimini “Federiko Kasaqrande” triosu edəcək. Əslən İtaliyadan olan Federiko Kasaqrande (gitara) səhnə yoldaşları Luka Fattorini (kontrabas) və Fulvio Siqurta (truba) ilə noyabrın 20-də “Madrid Restobar”da çıxış edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts