XİN: Ermənistan rəhbərliyinin azərbaycanlıların öz doğma torpaqlarına qayıtması hüququnu təkzib etməsi məkrli siyasətin göstəricisidir

Tokio, 15 mart , /AJMEDIA/

Ermənistan rəhbərliyinin azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri qayıtması hüququnu təkzib etməsi, yüz minlərlə azərbaycanlının daxil olduğu Qərbi Azərbaycan İcmasının Ermənistan rəhbərliyini bu istiqamətdə dialoqa çağırışına qarşı çıxması, bu hüquqların tələbinin “ərazi iddiası” kimi təqdim edilməsi Ermənistanın “insan hüquqları”na heç bir dəyər verməyən və “etnik təmizləmə əsasında monoetnik dövlət titulu”nu qorumaq üzrə məkrli siyasətinin bir göstəricisidir.
AJMEDIA xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın martın 14-də keçirdiyi mətbuat konfransı zamanı səsləndirdiyi əsassız iddialarla bağlı yerli medianın sualına cavabında deyib.
Ayxan Hacızadənin sözlərinə görə, Ermənistan baş nazirinin növbəti dəfə erməni sakinlərlə dialoq məsələsinə müdaxilə etməyə çalışması, Azərbaycanın Qarabağ bölgəsi üzərində beynəlxalq səviyyədə tanınmış suverenliyinə və ərazi bütövlüyünə qarşı təxribat dolu bəyanatlar səsləndirməsi, “Qarabağın xalqı və hökuməti” kimi ifadələr işlətməsi qəbuledilməzdir.
“Erməni əsilli sakinlərin reinteqrasiyası üzrə müzakirənin Azərbaycanın daxili işi olduğu və kənar dövlətlərin bu məsələdə heç bir rolunun olmadığı barədə mövqeyimizə Ermənistanın məhəl qoymaması, onun “xalqların öz müqəddəratlarını təyin etməsi” prinsipi pərdəsi altında 1990-cı illərin əvvəllərində ölkəmizə qarşı başlatdığı təcavüz siyasətindən əl çəkmədiyindən xəbər verir. Ermənistan baş naziri anlamalıdır ki, Qarabağ bölgəsinin erməni sakinlərinin hüquqları bölgənin azərbaycanlı əhalisinin hüquqlarından heç zaman üstün ola bilməz və Azərbaycan, ərazisində yaşayan müxtəlif etnik xalqlara münasibətdə yalnız bərabər yanaşma tətbiq edir və edəcək”, – deyə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts