Xan Şuşinski ilə son görüş

Tokio, 17 may , /AJMEDIA/

Bütün müasirləri kimi mən də ona hörmət əlaməti olaraq həmişə “Xan əmi” demişəm. Ağayana, sanballı, doğrudan da, özünü əsl kişi kimi ləyaqətlə aparan bu kişini həyatda çox görmüş, dəfələrlə çıxışına baxmış, səsini dinləmişəm. Lakin onunla cəmi-cümlətani bir neçə dəfə həmsöhbət olmuşam. Bu söhbətlər də, onun gözəl, nurani sifəti də həmişəlik yaddaşıma köçüb…
Xan Şuşinskini hər il yay istirahətini doğma şəhəri Şuşada keçirirdi. Ya altmış altıncı, ya da altmış yeddinci il idi. Yaxın qohumum Məmmədəli Novruzov da ailəsi ilə birlikdə burda dincəlirdi. Respublikanın tanınmış milis işçilərindən olan Məmmədəli dayı Xan Şuşinski ilə bərk dost idi və onlar bütün günlərini bir yerdə keçirirdilər. Bilirdim ki, Xan əmi haqqında ilk mətbu yazını da otuzuncu illərin əvvəllərində Ağdamda çıxan “Lenin yolu” qəzetində o yazıb. Onu da bilirdim ki, Məmmədəli dayının toy məclisini elə həmin vaxtlar Malıbəylidə Xan əmi aparıb.
Bu sətirlər tanınmış tədqiqatçı-jurnalist Vasif Quliyevin “Susan da Xan idi, danışan da Xan…” sərlövhəli məqaləsindən götürülüb. AZƏRTAC həmin məqaləni təqdim edir.
Mən də, Məmmədəli dayının oğlu Rövşən də daim onların yanında olar, tez-tez birlikdə şəhəri gəzməyə çıxardıq. Bir gün axşamüstü Məmmədəli dayı dedi ki, Xan Bazarbaşı meydanda onu gözləyir. Üzünü bizə tutub dedi: “Uşaqlar, durun gedək, bir az havamızı dəyişək”. Biz meydana tərəf yollandıq. Xan əmi Şuşada Əvəz bəy kimi tanınan uşaqlıq dostu ilə bağdakı skamyaların birində oturub söhbətləşirdi (həmin skamya ancaq Xan əmiyə məxsus idi. Yəni, o, ora gələn vaxt əgər bu skamyada yaşından asılı olmayaraq kimsə oturmuş olsaydı, o dəqiqə qalxıb, yerini Xan əmiyə verərdi. Çünki xanəndə bağdakı başqa skamyalarda oturmazdı). Məmmədəli dayını görən kimi, oturduğu yerdən durub, “gəldim”- deyə ağır-ağır bizə tərəf addımlamağa başladı. Salamlaşdılar. Xan əmi üzünü Əvəz bəyə tərəf tutub, “o getmir, deyiklisini gözləyir” (təxminən səksən beş il yaşamış Əvəz bəy ömründə bir dəfə də olsun evlənməmiş, gör evinə subay getmişdi), – deyib onunla zarafatlaşdı.
İstirahət evinə sarı yollandıq. Ora çatana qədər bizimlə qabaqlaşanlar öz həmyerlilərinə hörmət və məhəbbətlərini ifadə etmək üçün ehtiramla ona təzim edir, salam verirdilər… İstirahət evinin geniş həyətini demək olar ki, başdan-ayağa gəzdik. Sonra yorğunluqlarını almaq üçün Məmmədəli dayının təklifi ilə oturacaqların birində əyləşdilər. Rövşənlə mən xalı kimi yumşaq və yaşıl otların üstündə oturub, uşaq marağı ilə onların söhbətlərinə qulaq asırdıq. Xeyli vaxt keçdi. Məmmədəli dayı bizim artıq darıxdığımızı hiss edib, oğluna dedi ki, qaç Xəlil əminin (Xəlil əmi istirahət evinin həyətindəki çayxananı işlədirdi. Qalalıların əksəriyyəti kimi onun da ləqəbi vardı: Qobu Xəlil) yanına, denən bir yaxşı kəkotu çayı dəmləsin, Xan əmiylə gəlirik ora. Rövşən çayxanaya tərəf götürüldü. Tək qaldığımızı görən Xan əmi məni yanına çağırdı və üzünü Məmmədəli dayıya tutub:
-Məmmədəli, bu uşaq nəyindir, onu tez-tez sizin yanınızda görürəm, – deyə soruşdu.
Məmmədəli dayı:
-Yaxın qohumumdur. Rövşənlə tay-tuş olduqlarından həmişə bir yerdə gəzirlər, – deyə məni Xan əmiyə tanıtdı.- Bacıoğlu, gəl otur yanımda- dedi. Mən skamyanın bir küncündə lal-dinməz oturub, onların bir-birindən maraqlı söhbətlərinə qulaq asmağa başladım. Söhbət nədən düşdüsə, Xan əmi Məmmədəli dayıya dedi:
-Xan, sən bir “Şahnaz” başla, mən də gəlirəm dalınca.
Xan əmi dostunun sözünü yerə salmadı, şaqraq səsini cilovlayıb aşağı tonda oxumağa başladı. Bir neçə ağız deyəndən sonra Məmmədəli dayı onu “əvəz elədi”. Sanki onlar səsə yarışına çıxmışdılar. Mən isə uşaq heyrəti ilə bu ağsaqqal kişilərə tamaşa eləyirdim… Rövşənin nə vaxt qayıtdığını da heç kəs hiss eləməmişdi. O, Xəlil əminin gözlədiyini bildirdi…
Xanəndələr xanı Xan əmi ilə ilk dəfə təmasda belə oldum.
Aradan illər ötüb keçdi. Düzdür, hər il yayda onu Şuşada görsəm də, “həmnsöhbət” ola bilmirdim. Çünki Məmmədəli dayıgil öz istirahətlərini artıq başqa kurortlarda keçirirdilər…
Bakıya köçmüşdüm. Musiqiyə böyük həvəsim və bəzi müğənnilərlə tanış olduğumdan boş vaxtlarımda tez-tez filarmoniyanın qabağına gedirdim. Demək olar ki, çox vaxt da Xan Şuşinskini orda görürdüm. Düzü, bir neçə dəfə yanından ötüb-keçəndə salam da vermişdim, amma məni yəqin ki, tanımayacağını zənn edib, yaxınlaşıb görüşmürdüm.
Mən həmin vaxtlar klassik xanəndələrimizdən olan Malıbəyli Həmid və Malıbəyli Əsgər qardaşlarından yazı yazmaq fikrində idim. Ona görə də malıbəyli Əsgəri yaxından tanıyan qocaman tarzən Bəhram Mansurovla görüşmək üçün filarmoniyanın bağına getmişdim. Bəhram müəllim, Xan Şuşinski, Əbülfət Əliyev skamyada yan-yana oturub, söhbət edirdilər. Yaxınlaşıb, salam verdim. Bəhram müəllimə gəlişimin məqsədini bildirdim. Xan əmi xanəndə qardaşların adını eşidən kimi təvazökarlıqla:
-Hayıf Həmiddən, ondan yox idi! Biz hamımız (o, tay-tuşlarını nəzərdə tuturdu) oxumağı Malıbəyli Həmiddən öyrənmişik, -deyə maraq dolu nəzərlərlə mənə baxıb soruşdu:
-Bala, onları hardan tanıyırsan?
Mən bir az ürəklənib dedim:
-Xan əmi, bir kənddən olasan, onları tanımayasan?!
Xan Şuşinski yenə maraqlandı:
-Bala, Malıbəylidənsən? Kimlərdənsən?
-Məmmədəli Novruzovun qohumuyam, – deyə özümü ona xatırlatmaq istədim. Xan əmi sözümün gerisini deməyə qoymayıb:
-Çoxdan görünmür Məmmədəli. Görsən, denən ki, Xan əminin ürəyi yaman yarpızlı dovğa istəyir. Qoy Ceyran bajı (Ceyran xala Məmədəli dayının həyat yoldaşı idi. xan Şuşinski özünün məşhur “Ceyran” mahnısını ona qoşmuşdu) bir Qala dovğası bulasın, xəbər versin, gələjəm, – deyə qəlyanına bir qullab vurdu.
Təxminən bir saatlıq söhbətdən sonra onlardan xoş təəssüratla ayrıldım. Bu bir saat bəlkə də mənim ömrümün ən yaddaqalan, ən şirin çağlarından birinə çevrildi. Bu, mənim böyük xanəndəmizlə sonuncu söhbətim, sonuncu görüşüm oldu.
Bir neçə aydan sonra xan əmi həyata vida dedi. Yazıçılar, şairlər, bəstəkarlar, musiqiçilər, xüsusilə, xalq kütlələri üzlərində dərin kədər hissi ilə onu son mənzilə yola salırdılar. Hərə ürəyində musiqimizin xanına- Xan Şuşinskiyə bir cür yas saxlayırdı. Şair Nəriman Həsənzadə isə böyük sənətkara o vaxtdan mənim yaddaşımda əbədiləşən misralarla heyifsilənirdi:
Bir heyrət bürüyüb məni bu yerdə,
dolub izdihamla Fəxri xiyaban.
Tabutu çiynində, səsi efirdə,
susan da Xan idi, oxuyan da Xan…

Follow us on social

Facebook Twitter Youtube

Related Posts