Xalqa bağışlanmış ömürdən anlar: 2000-ci ilin fevralı

Tokio, 26 may , /AJMEDIA/

AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

1 fevral. Prezident Heydər Əliyev Bakı tütün fabrikinin açılış mərasimində nitq söylədi.

2 fevral. Azərbaycanın bir qrup tanınmış idmançıları və yığma komandanın baş məşqçiləri ilə görüşdü.
10 fevral. ABŞ-ın “Devon Energy Corporation” şirkətinin nümayəndə heyətini qəbul etdi.
11 fevral. Bakı Dövlət Universitetinin 80 illiyi münasibətilə BDU-nun və bir sıra xarici ölkə universitetlərinin rəhbərləri ilə görüşdü.
12-24 fevral. ABŞ-da işgüzar səfərdə oldu və oradan birbaşa Londona getdi.
25 fevral. Xocalı soyqırımının səkkizinci ildönümü ilə əlaqədar xalqa müraciət etdi.
27 fevral. Londonda ABŞ-ın “Pİ ES Cİ İnternəşnl” şirkətinin prezidenti Ed Smit ilə görüşdü.
28 fevral. Londondan Bakıya qayıdarkən Binə hava limanında jurnalistlərin suallarını cavablandırdı.

X X X

Fevralın 1-də Bakı tütün fabrikinin açılışı oldu. Tədbirdə çıxış edən Ulu Öndər fabrikin açılışını Azərbaycanda bazar iqtisadiyyatının tətbiqi istiqamətində əlamətdar hadisə kimi qiymətləndirdi. Heydər Əliyev vurğuladı ki, müasir texnologiya, texnika və standartlar səviyyəsində yenidən qurulan Bakı tütün fabriki Azərbaycanda sahibkarlığın, özəlləşdirmənin, bazar iqtisadiyyatına keçidin əyani nümunəsidir. Son illər respublikanın kənd təsərrüfatında tütün istehsalının özünəməxsus yer tutduğu nəzərə alınsa, belə bir fabrikin işə salınması xüsusi önəm daşıyır. Ulu Öndər çıxışında bu və digər məsələlərlə yanaşı, Azərbaycana investisiya qoyuluşu sahəsində əldə olunan nailiyyətlərə toxundu.

Sitat: “Bilirsiniz ki, son 5 ildə biz Azərbaycana xarici investisiyanın cəlb olunması prosesini inkişaf etdirməyə çalışırıq. Biz bu sahədə böyük nailiyyətlər əldə etmişik. Bu müddətdə Azərbaycana 5 milyard dollardan artıq xarici investisiya qoyulubdur. Amma bunun çox hissəsi neft sektoruna qoyulubdur. Bizim bu sahədə nailiyyətlərimiz böyükdür və bu nailiyyətlər gələcəkdə daha da çox olacaqdır. Biz çalışırdıq, bu gün də çalışırıq və bundan sonra da çalışacağıq ki, qeyri-neft sektoruna xarici investisiya daha da çox cəlb olunsun. Bunun üçün imkanlar da, investorlar da vardır. Azərbaycanda investisiya qoyulası yerlər də, müəssisələr də, imkanlar da vardır. Əgər biz bu sahədə istənilən nailiyyəti əldə edə bilməmişiksə, demək, bizim ayrı-ayrı hökumət orqanlarında rəsmi şəxslər tərəfindən bu prosesin həyata keçirilməsinə maneçilik törədilir”.
Prezident Heydər Əliyev Azərbaycan idmanının inkişafına xüsusi diqqət və qayğı göstərirdi. Deyirdi ki, ölkənin xaricdə tanınmasında idman və idmançılar mühüm rol oynayırlar. Bu, Azərbaycan kimi gənc respublika üçün son dərəcə vacibdir. İdmanın inkişafını prioritet vəzifə kimi qarşıya qoyan Ulu Öndərin beynəlxalq arenada fərqlənən idmançılarla görüşləri ənənə halını almışdı. Belə görüşlərdən biri də 2000-ci il fevralın 2-də Prezident sarayında Azərbaycanın bir qrup tanınmış idmançısı və yığma komandanın baş məşqçiləri ilə oldu. Ümummilli Lider Gənclər günü münasibətlə onları təbrik edərək əminliklə bildirdi ki, indiki gənc nəsil Azərbaycanın parlaq gələcəyi yolunda öz xidmətlərini göstərəcək. Əgər gənclərimiz yüksək biliyə, təcrübəyə malik olacaqsa, təbiidir ki, biz Azərbaycanın gələcəyindən narahat olmamalıyıq. Ölkəmizdə bu gün belə bir gənc nəsil yetişir, onlar Azərbaycanı bizdən də yaxşı inkişaf etdirməyə qadir olacaqlar.
Sitat: “Burada verilən məlumatlar bir də onu təsdiq etdi ki, Azərbaycanın idmanı son illərdə çox sürətlə inkişaf edir. Bu təbiidir ki, bizim əldə etdiyimiz nailiyyətlər içərisində çox görkəmli yer tutur. Biz çalışırıq ki, müstəqil dövlətimizi möhkəmləndirək, inkişaf etdirək. Biz çalışırıq ki, siyasi, iqtisadi, sosial islahatlar həyata keçirib Azərbaycanı inkişaf etdirək. Biz çalışırıq ki, insanların rifah halını yaxşılaşdıraq. Biz çalışırıq ki, Azərbaycanın böyük problemi olan Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll edək. Bunlar hamısı bizim üçün vacibdir və bu sahələrdə bizim nailiyyətlərimiz göz qabağındadır. Ancaq bunların içərisində gənclərin nailiyyətləri, o cümlədən bizim idmançıların nailiyyətləri çox görkəmli yer tutur. İdmançıların nailiyyətləri gənclərimizin həm fiziki, həm də mənəvi cəhətdən sağlam olduğunu göstərir. Sizin kimi idmançılar – dünyada Azərbaycanın idmanını nümayiş etdirən, ölkəmizi tanıdan və Azərbaycanda idmanın səviyyəsini dünyaya göstərənlər, təbiidir ki, çox böyük iş görürsünüz. Sizinlə hər dəfə görüşəndə, məlumatlarınızı dinləyəndə mən böyük iftixar hissi keçirirəm. Bizim xalqımız fiziki cəhətdən sağlam xalqdır. Xalqımızın mənəviyyatı da yüksəkdir. Ancaq keçmiş zamanlarda biz idman sahəsində heç vaxt indiki qədər nailiyyətlər əldə etməmişik. Ona görə yox ki, bizim gənclərimiz, idmançılarımız buna qadir olmayıblar. Ona görə ki, birinci növbədə, biz müstəqil olmamışıq və Sovet İttifaqı, SSRİ tərkibində bizim idmançıların özlərini göstərmək və öz fəaliyyətləri nəticəsində onlara layiq olan yerləri tutmaq imkanları məhdud olubdur. İkinci də ona görə ki, indi müstəqil Azərbaycanda idmana, olimpiya hərəkatına xüsusi diqqət yetirilir və bir də bugünkü nailiyyətlər keçmişdən ona görə artıqdır, yüksəkdir ki, indi hər bir Azərbaycan idmançısında vətənpərvərlik hissi, vətənə məhəbbət, sevgi hissi əvvəlkilərdən, təbiidir ki, yüksəkdir”.
Fevralın 11-də Heydər Əliyev Bakı Dövlət Universitetinin 80 illiyi münasibətilə bu ali təhsil ocağının və bir sıra xarici ölkə universitetlərinin rəhbərləri ilə görüşdü. Görüşdə çıxış edən Ulu Öndər Azərbaycan Dövlət Universitetinin tariximizdə çox böyük yer tutduğunu söyləyərək vurğuladı ki, BDU 1919-cu ildə Azərbaycanda Xalq Cümhuriyyəti hakimiyyətdə olduğu zaman təşkil edilib və xalqımızın tarixində ilk universitetdir. O, təkcə bizim xalqımızın yox, ümumiyyətlə, Şərq aləminin ilk dünyəvi universitetidir. Səksən illik fəaliyyəti dövründə Azərbaycanda təhsilin, elmin inkişafında böyük töhfələr verib. İndi çoxlu universitetlərimiz var. BDU bu gün də Azərbaycan ali təhsilinin önündə gedir.
Sitat: “Azərbaycanda ümumi icbari təhsil sistemi çoxdan yaranıbdır və həyata keçirilir. Bütün bunların hamısında Azərbaycanın universitetlərinin, yəni ali məktəblərinin çox böyük əməyi, xidməti vardır. Bunların içərisində isə Bakı Dövlət Universiteti xüsusi yer tutur. Çünki son illər Azərbaycanda yaranan bir çox universitetlər, ali təhsil ocaqları Bakı Dövlət Universitetindən ayrılaraq müstəqil ali məktəbə, universitetə çevriliblər. Bütün bunlara görə də Bakı Dövlət Universiteti Azərbaycanda çox böyük hörmətə malikdir. Təbiidir ki, onun tarixi həmişə bizim arzu etdiyimiz, istədiyimiz kimi olmayıbdır. Yaranandan sonra onun həyatında böyük nailiyyət nümayiş etdirən dövrlər də olubdur. Ancaq totalitar rejim dövründə, xüsusən 1930-cu illərdə Azərbaycanda ziyalılara və bir çox elm, təhsil adamlarına ədalətsiz münasibət göstərilən zaman, onlar repressiya edilən zaman universitetin də görkəmli şəxsiyyətləri repressiya qurbanları olublar. Sonrakı dövrlərdə də, xüsusən Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra da Bakı Dövlət Universitetinin bu günə gəlib çatması üçün çox işlər görmək lazım idi. Yəni demək istəyirəm ki, universitetin tarixi, ümumiyyətlə, təbiidir, hər bir tarix müxtəlif mərhələlərdən ibarətdir. Mən çox məmnunam ki, Bakı Dövlət Universiteti indiyə qədər olduğu kimi, Azərbaycan ali təhsilinin önündə gedir. O, Azərbaycanda olan bütün universitetlərin, institutların və digər ali təhsil ocaqlarının hamısına örnəkdir”.
Ümummilli Lider Heydər Əliyev 2000-ci il fevralın 12-24-də ABŞ-da növbəti işgüzar səfərdə oldu. Zəngin proqrama malik səfər çərçivəsində ABŞ Prezidenti Bill Klinton, görkəmli siyasi xadim Zbiqnev Bjezinski, səfir Riçard Armitac ilə və bir sıra dövlət və hökumət nümayəndələri ilə görüşdü. Həmçinin Amerika Birləşmiş Ştatlarının dövlət katibi xanım Madlen Olbraytla telefonda danışdı, “Meridian Hauz” qəsrində Amerika–Azərbaycan Ticarət Palatası tərəfindən təşkil edilmiş rəsmi qəbulda nitq söylədi.
Ulu Öndər əvvəlki səfərləri zamanı olduğu kimi, bu dəfə də KİV ilə ünsiyyətə, jurnalistlərlə görüşlərə geniş yer ayırırdı. Prezident Bill Klintonla görüşündən sonra Ağ evin qarşısında yerli və xarici jurnalistlərə müsahibə verdi, “Washington Post” və “New York Times” qəzetlərinin redaksiya heyətlərinin üzvləri ilə görüşdü.
Vaşinqtonda keçirdiyi görüş və tədbirlərdə Ulu Öndər Ermənistan-Azərbaycan münaqişəsi, Qarabağ həqiqətləri barədə danışmaqla yanaşı, Xəzər dənizindəki enerji ehtiyatlarından istifadə edilməsi, Bakı-Ceyhan boru xətti, Transxəzər qaz xətti, Amerika-Azərbaycan ikitərəfli əlaqələr barədə fikirlərini səsləndirdi. Eyni zamanda Cənubi Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin olunması üçün region ölkələrinə kömək göstərməyə çağırışlar etdi

Follow us on social

Facebook Twitter Youtube

Related Posts