Xalqa bağışlanmış ömürdən anlar: 1998-ci ilin yanvarı

Tokio, 13 mart , /AJMEDIA/

AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

3 yanvar. Prezident Heydər Əliyev Xətai rayonunda Ticarət Mərkəzinin və Bakı Sağlamlıq Mərkəzinin açılışlarında iştirak etdi.
4 yanvar. Dübəndi terminalının açılış mərasimində nitq söylədi.
14 yanvar. Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında çıxış etdi.
16 yanvar. Respublikada torpaq islahatlarının gedişinə həsr edilmiş müşavirə keçirdi.
Milli orduya ümumxalq qayğısının və diqqətinin artırılmasına həsr olunmuş müşavirədə nitq söylədi.
20 yanvar. Şəhidlər xiyabanında şəhid ailələrinin üzvləri ilə görüşdü.
22 yanvar. Azərbaycanda ölüm cəzasının ləğv edilməsi üçün Milli Məclisə qanunvericilik təşəbbüsü ilə təqdimat göndərməsi barədə bəyanat verdi.
24 yanvar. Gürcüstana işgüzar səfər etdi.
27 yanvar. Təhlükəsizlik Şurasının cinayətkarlığa qarşı, milli-mənəvi dəyərlərimizə zərər vuran hallar əleyhinə mübarizəni gücləndirmək tədbirlərinə həsr olunmuş iclasında çıxış etdi.
Türk Dünyası Yazıçılar və Sənətçilər Vəqfinin (TÜKSAV) 1997-ci il üçün “Türk dünyasına xidmət” mükafatına layiq görüldü.

X X X

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan iqtisadiyyatının dirçəlməsinə, yeni istehsalat sahələrinin formalaşmasına, özəl sektorun inkişafına yol açdı. İctimai-siyasi sabitliyin bərqərar olunması və həyata keçirilən islahatlar ölkəmizə xarici investisiya qoyuluşuna əlverişli şərait yaratdı. Azərbaycan dünya dövlətləri sırasında layiqli yerini tutmağa başladı, sosial-iqtisadi böhran aradan qaldırıldı. Açıq qapı siyasəti, demokratiya və siyasi sabitlik müstəqil Azərbaycanı xarakterizə edən mühüm amillərə çevrildi.
Heydər Əliyev 1998-ci ilin ilk günlərində Bakının Xətai rayonunda Ticarət Mərkəzinin açılışında bu sahədə əldə edilən uğurlardan danışaraq dedi: “Bu ticarət mərkəzlərinin yaradılmasının bir xüsusi cəhəti də Azərbaycana xarici investisiyanın, sərmayənin gəlməsi, respublikamızda xarici şirkətlərin gəlib sərbəst iş görmək imkanları və bu müştərək iş nəticəsində Azərbaycana başqa ölkələrin, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin təcrübəsinin, texnologiyasının gətirilməsidir. Yenə də deyirəm ki, bu da Azərbaycanın qapılarının dünyaya açılması nəticəsində olmuşdur. Mən həmişə demişəm, bu gün də deyirəm ki, bizim qapılarımız xarici sərmayəçilər üçün, xarici investisiyalar üçün açıqdır. Bizim son illər apardığımız açıq qapı siyasətimiz Azərbaycana çox böyük nailiyyətlər gətiribdir. Bunlardan biri də bu gün gördüyünüzdür. Bu da respublikamızda özəl sektorun inkişaf etməsi, eyni zamanda, Azərbaycanın başqa ölkələrin özəl sektoru ilə müştərək iş görməsi ilə bağlıdır. Biz bunun əməli nəticəsini görürük. Hesab edirəm ki, 1998-ci ildə bu sahədə yeni uğurlarla rastlaşacağıq”.
Heydər Əliyevin doğulub boya-başa çatdığı Naxçıvan Azərbaycana bir çox tarixi şəxsiyyətlər bəxş edib. Ulu Öndər doğma yurdunu heç vaxt unutmur, Naxçıvanın qədim tarixi, zəngin təbiəti, böyük şəxsiyyətləri ilə fəxr etdiyini zaman-zaman dilə gətirirdi. O, Konstitusiya Komissiyasının iclasındakı tarixi çıxışında Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan barədə bir daha böyük sevgi ilə danışdı: “Naxçıvan Azərbaycanın qədim torpağıdır və qədim zamanlardan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Naxçıvanın 3500 illik tarixi var. Deyə bilmərəm ki, Naxçıvanın tarixi istənilən qədər yazılıb, ancaq Naxçıvanın həm qədim – eramızdan əvvəlki tarixinin, həm orta əsrlər dövrü, həm də son əsrlər dövrü tarixinin nə qədər zəngin olduğunu əlimizdəki yazılardan, kitablardan görmək mümkündür. Naxçıvan həqiqətən zəngin tarixə malik Azərbaycan diyarıdır, torpağıdır. Azərbaycanda vaxtilə şahlıqlar da, xanlıqlar da, dövlətlər də olub, Eldəgəzlər dövləti də, Atabəylər dövləti də olub. Bunlar hamısı məlumdur. Ancaq eyni zamanda, Naxçıvanın tarixi nə qədər zəngindirsə, o qədər də keşməkeşlidir, mürəkkəbdir. Görürsünüz, dünyanın çox yerlərindən Naxçıvana böyük maraq olmuşdur. Çingiz xan da, Teymurləng də, hətta X əsrdə Bizans hökmdarı da Naxçıvanda olmuşdur. Çoxlu belə tarixi faktlar gətirmək olar. Naxçıvanda insanlar yaşamış, yaratmış, cürbəcür məhrumiyyətlərlə rastlaşmış, müxtəlif çətinliklərlə, faciələrlə üzləşmişlər. Ancaq yaşamışlar və Naxçıvan bu günə qədər Azərbaycanın torpağı olaraq yaşayır. Bunun özü böyük nailiyyətdir”.
Ulu Öndər hər il yanvarın 20-də Şəhidlər xiyabanına gəlir, faciə qurbanlarının xatirəsini anırdı. Qanlı Yanvarın səkkizinci ildönümündə Şəhidlər xiyabanında şəhid ailələrinin üzvləri ilə görüşən Heydər Əliyev bu faciənin mahiyyətini diqqətə çatdırdı. Vurğuladı ki, Azərbaycan tarixində qəhrəmanlıq nümunələri çoxdur, xalqımız əsrlər boyu belə mərhələlərdən keçərək bu günə gəlib çatıb. 1990-cı ilin yanvarında baş vermiş hadisələr isə bundan əvvəlkilərlə müqayisə oluna bilməz. Çünki bu dövr Azərbaycan xalqının milli oyanış, öz mənliyini sübut etmək, milli azadlıq hisslərini büruzə vermək mərhələsi idi.
Sitat: “Şəhidlər öz qəhrəmanlıqları, şəhidlikləri ilə xalqımızın mənəviyyatını yüksəklərə qaldırmışlar. Bizim insanlar buraya gələrkən, biz də hər dəfə bu məzarları, bu qəbirləri ziyarət edərkən onlara Allahdan rəhmət diləyirik. Amma eyni zamanda, onların hər birinin qarşısında şəxsən mən baş əyirəm. Çünki onlar öz şəhidliyi ilə bizim xalqımızı yüksəltdilər. Bəli, onlar bizim müstəqilliyimizə yol açdılar. Onlar sübut etdilər ki, xalqımızı müstəqillik yolundan çəkindirmək olmaz və biz bu müstəqilliyi də əldə etdik. Biz bu müstəqil dövlətdə yaşayırıq, yaşayacağıq və o şəhidlərin bugünkü müstəqilliyimizin əldə edilməsində xüsusi xidmətləri vardır. Onlar bizim bu müstəqilliyimizin təməlini qoyan insanlardır”.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra insan hüquq və azadlıqlarının təmin olunması ölkəmizdə gedən demokratik proseslərin tərkib hissəsi kimi prioritet məsələlərdən biri idi. Ulu Öndərin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində bu hüquqlar gündəlik həyatımızda öz real təminatını almaqla yanaşı, həm də hüquqi-normativ sənədlərdə öz əksini tapıb. İnsan hüquq və azadlıqlarının qorunmasını ali vəzifə kimi qarşıya qoymuş Heydər Əliyev hətta riskli addımlar atmaqdan çəkinmirdi. Bu baxımdan 1993-cü ildə ölüm hökmü cəzası üzərində moratorium qoyulmasını, 1998-ci ildə isə ölüm cəzasının tamamilə ləğv edilməsini xüsusi qeyd etmək lazımdır.
Prezident Heydər Əliyev 1998-ci il yanvarın 22-də ölüm hökmü cəzasının ləğv olunması haqqında qanunvericilik təşəbbüsü ilə çıxış etdi. Bununla bağlı Milli Məclisə müraciətində cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirdi, bunun zəruriliyini əsaslandırdı.
Sitat: Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq, ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm. Ölüm cəzasının ləğvini məhz bu siyasətin məntiqi nəticəsi kimi qiymətləndirirəm. Şərq aləmində ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının ləğvi ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini bir daha sübut edir. Son günlər mənə ünvanlanmış minlərlə müraciət göstərir ki, xalqımız bu təşəbbüsü yekdilliklə dəstəkləyir. Şübhə etmirəm ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatları da indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətlərini dərk edərək bəyanata tərəfdar çıxacaq və bu amansız cəzanın ləğv edilməsinə səs verəcəklər. Əminəm ki, ölüm cəzasının ləğvi tarixi hadisə olmaqla bərabər cinayət-hüquq siyasətinin humanistləşdirilməsi sahəsində atılan qətiyyətli addımdır və bütünlükdə hüquq sistemində həyata keçirilən islahatların mühüm mərhələsidir”.
Milli Məclis dövlət başçısının təşəbbüsünü dəstəklədi və 1998-ci il fevralın 10-da bu tarixi qərarı qəbul etdi. Ölüm hökmünün ləğvi ilə Azərbaycanın adı Şərqdə bu cəzanı ləğv edən ilk ölkə kimi tarixə düşdü.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts