Xalqa bağışlanmış ömürdən anlar: 1998-ci ilin fevralı

Tokio, 15 mart , /AJMEDIA/

AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

2 fevral. Prezident Heydər Əliyev Azərbaycan Gəncləri Gününə həsr edilmiş tədbirdə nitq söylədi.
3 fevral. Azərbaycan Respublikasında ölüm cəzasının ləğv edilməsi haqqında Milli Məclisə müraciət etdi.
4 fevral. Ermənistan–Azərbaycan münaqişəsinin həlli ilə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirdi.
11 fevral. Livanın Baş naziri Rafiq Əl-Həriri ilə görüşdü.
13-14 fevral. Türkiyədə işgüzar səfərdə oldu.
18 fevral. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi nümayəndələrinin ümumrespublika toplantısında çıxış etdi.
23-28 fevral. Yaponiyada ilk rəsmi səfərdə oldu.

X X X

Ulu Öndərin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti prioritet istiqamətlərdən biri idi. O, Azərbaycan gənclərini müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi görmək istəyirdi. Dahi rəhbər Azərbaycan Gəncləri Gününə həsr edilmiş tədbirdə bununla bağlı fikirlərini açıqladı, gənclərin qarşısında duran vəzifələrdən danışdı, onlardan gözləntilərini dilə gətirdi, tövsiyələrini verdi. Qeyd etdi ki, cəmiyyətin ən qiymətli sərvəti olan gənclərimiz müstəqil Azərbaycan Respublikasının inkişafı, yaşaması və əbədi olması üçün var qüvvə ilə çalışmalıdırlar. Gənclər Azərbaycanın çiçəklənən gələcəyidir, XXI əsrdə Azərbaycanın bayrağını məhz onlar daha da yüksəklərə qaldıracaq.
Sitat: “Biz bu gün çalışaraq, çarpışaraq, müstəqil Azərbaycanın qarşısında duran ağır və çətin problemləri həll edərək, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirərək, iqtisadiyyatını inkişaf etdirərək sizə arxalanırıq, sizə güvənirik. Gənclər ölkəmizdə cəmiyyətin əksəriyyətini təşkil edir. Azərbaycanın bu günü və gələcəyi sizin fəaliyyətinizdən, işinizdən, sizin fədakarlığınızdan asılıdır. Məmnuniyyət hissi ilə bildirirəm ki, bu gün Azərbaycanın iftixar ediləsi gəncliyi var. Biz sizinlə fəxr edirik. Sizin varlığınız, bu gününüz və gələcəyiniz bizim qəlbimizdə böyük qürur hissi doğurur. Azərbaycanın dövlət başçısı kimi, mən özümü xoşbəxt hesab edirəm ki, bu gün Azərbaycan xalqının sağlam, gözəl, istedadlı gəncləri var”.
Ulu Öndər Azərbaycanda siyasi rəhbərliyə qayıtdıqdan sonra Türkiyə ilə münasibətlərə xüsusi önəm verirdi. Bu münasibətlərin əsası Heydər Əliyev hələ Naxçıvan Ali Məclisinin Sədri olarkən qoyulmuşdu. Sonralar dövlət başçılarının, eləcə də yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərləri iki qardaş ölkə arasında əməkdaşlığın inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Belə səfərlərdən biri də 1998-ci il fevralın 13-14-də baş tutdu. Ulu Öndər İstanbulda Türkiyə Böyük Millət Məclisinin sədri Hikmət Çətinlə, Baş nazir Məsud Yılmazla görüşdü. Fevralın 14-də İstanbulda Türkiyə Prezidenti Süleyman Dəmirəllə, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı İsmayıl Haqqı Qaradayı ilə görüşlər keçirdi. Habelə iş adamları ilə görüşərək onları Azərbaycana dəvət etdi. Türkiyəli sahibkarlara müraciətlə dedi ki, Azərbaycanda ictimai-siyasi sabitlik yaranıb və ölkəmizə sərmayə qoymaqdan çəkinməyin.
Sitat: “Azərbaycana yaxınlaşın. Mən o qədər istəyirəm ki, Azərbaycana türk şirkətləri qoy çox gəlsin, bir-biri ilə sağlam rəqabət aparsınlar. Kim daha da yaxşı iş görə bilər – o, iş görmək hüququ alsın. Mən bunların hamısını dəstəkləyəcəyəm”.
“Mən Azərbaycanın Türkiyə ilə dostluğunun, qardaşlığının parlaq gələcəyinə əminəm”, – deyən Ulu Öndərin inamı özünü büsbütün doğruldub. Bu gün Azərbaycan–Türkiyə münasibətləri ən yüksək zirvədə qərarlaşıb. Təkcə Şuşa Bəyannaməsini qeyd etmək kifayətdir. 2021-ci il iyunun 15-də prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın azad Şuşada imzaladıqları bu tarixi Bəyannamə ilə münasibətlərimiz müttəfiqlik səviyyəsinə yüksəldi. Azərbaycan və Türkiyə xoş gündə də, çətin gündə də bir-birinin yanındadır.
Xocalı soyqırımı Azərbaycanın müasir tarixinə ən qanlı faciələrdən biri kimi yazılıb. Bu dəhşətli qətliama hüquqi-siyasi qiymət ilk dəfə məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Ulu Öndər Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin Ermənistan silahlı qüvvələri tərəfindən işğalını və digər faktları dünya ictimaiyyətinə çatdırmağı mühüm vəzifələrdən biri kimi qarşıya qoymuşdu.
Xocalı soyqırımının altıncı ildönümündə xalqa müraciət edən Heydər Əliyev dərin kədər hissi ilə deyirdi: “Erməni silahlı qüvvələri uzun sürən mühasirədən sonra 26 fevral 1992-ci ildə xaricdəki havadarlarının hərbi yardımı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Köməksiz mülki əhali amansızlıqla qətlə yetirildi. Hətta südəmər körpələrə, əlsiz-ayaqsız qocalara, qadınlara, uşaqlara belə aman verilmədi. Yüzlərlə adam əsir götürülərək dəhşətli işgəncələrə və görünməmiş təhqirlərə məruz qaldı. Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə tayı-bərabəri olmayan vəhşilik aktı, insanlığa qarşı tarixi bir cinayətdir”.
“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!”, – deyən Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi yeni neft strategiyası iqtisadiyyatın möhkəmlənməsi ilə yanaşı, sabitliyin və təhlükəsizliyin qorunmasına yönəlmişdi. Doğrudan da, “Əsrin müqaviləsi”ndən sonra Azərbaycanda sabitlik və təhlükəsizliyin təmin edilməsi artıq regional deyil, qlobal bir məsələyə çevrildi. Ulu Öndər Yaponiyaya etdiyi ilk səfəri zamanı keçirdiyi görüşlər və verdiyi müsahibələrdə Azərbaycanın haqlı mövqeyini bütün dünyaya çatdırmaqla yanaşı, həm də Yaponiyanın neft şirkətlərini Yaponiya-Azərbaycan iqtisadi əlaqələrinin həyata keçirilməsində ilk cığır açanlar adlandırırdı.
Ümummilli Liderin bütün xarici səfərlərinin proqramı zəngin idi. Hər bir səfər Azərbaycanın daha böyük coğrafiyada tanınmasına, yeni əməkdaşlıq körpülərinin qurulmasına hesablanırdı. Yaponiyaya səfər də bu baxımdan istisna təşkil etmədi. Azərbaycan Prezidenti Heydər Əliyev Yaponiyanın Baş naziri Ryutaro Haşomoto, imperator Akihito ilə görüşdü. Hökumət üzvləri, parlamentin hər iki palatasının rəhbərləri, işgüzar dairələrin nümayəndələri ilə ümumilikdə 48 görüş keçirdi. Səfər çərçivəsində Yaponiya ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq haqqında, eləcə də ticarət və iqtisadiyyat sahəsində əməkdaşlıq haqqında bəyanatlar imzalandı.
Ulu Öndər, həmçinin Yaponiyada təhsil alan azərbaycanlı tələbələrlə görüşdü, onlara səfərinin məqsədindən, keçirdiyi görüşlərdən də danışdı: “Mən dördüncü gündür ki, Yaponiyadayam. Bu, çox məhsuldar bir səfər olubdur. Mən ötən dörd gündə 41-ci görüşü keçirirəm. Yaponiyada keçirdiyim görüşlər haqqında Baş nazir Haşimotoya dünən siyahı veriblər. O, həmin siyahıya baxıb dəhşətə gəlib ki, bu qədər görüş keçirmək olarmı. Mən bunların hamısını ona görə edirəm ki, həm Azərbaycanı daha da tanıdım, həm də Azərbaycan ilə Yaponiya arasında daha sıx əlaqələr yaradaq”.
Azərbaycan Prezidentinin Yaponiyaya rəsmi səfəri bu ölkənin və dünyanın aparıcı media qurumları tərəfindən diqqətlə izlənilirdi. Prezident Heydər Əliyev səfər müddətində “Asaxi Simbun”, “Nikkey Simbun”, “Sankey Simbun”, “Yomiuri Simbun” qəzetlərinə, “Röyter” agentliyinin Tokio müxbirinə, NHK telekanalına və “Asahi” teleşirkətinə müsahibələr verdi.
Beləliklə, Prezident Heydər Əliyevin Yaponiyaya ilk rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynadı, gündoğar ölkədə keçirilən görüşlər və aparılan yüksək səviyyəli danışıqlar ikitərəfli əməldaşlıqda yeni səhifə açdı.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts