Xalqa bağışlanmış ömürdən anlar: 1997-ci ilin yanvarı

Tokio, 1 fevral , /AJMEDIA/

AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

x x x

3 yanvar – Prezident Heydər Əliyev şahmat üzrə keçmiş dünya çempionu Anatoli Karpovu qəbul etdi.
5 yanvar – Azərbaycan pravoslav xristianlarını Milad bayramı münasibətilə təbrik etdi.
6 yanvar – Rusiya Baş nazirinin müavini Valeri Serovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
7 yanvar – Xalq şairi Qabilin 70 illiyi münasibətilə keçirilən gecədə nitq söylədi.
13-15 yanvar – Fransada rəsmi səfərdə oldu. Səfər çərçivəsində Fransa Prezidenti Jak Şirak, Parisin meri Jan Tiyeri, Milli Assambleyanın sədri Filipp Segen ilə görüşdü və digər görüşlər keçirdi. Azərbaycan Dövlət Neft Şirkəti ilə “Elf-Akiten” və “Total” şirkətləri arasında “Lənkəran-dəniz” və “Talış-dəniz” neft müqavilələrinin imzalanması mərasimində çıxış etdi, Fransa Beynəlxalq Münasibətlər İnstitutunda “Azərbaycan və Qafqaz XXI əsrin astanasında” mövzusunda mühazirə oxudu.
14 yanvar – Parisdə Fransa-Azərbaycan Ticarət-Sənaye palatasının açılış mərasimində çıxış etdi. Həmin gün “Frans-Press” agentliyinə, “TV-ARTE” televiziya kanalına, “Puan” jurnalına, “Ekspansion” jurnalına müsahibə verdi, Fransa-Azərbaycan sənədlərinin imzalanması mərasimində iştirak etdi, Fransa-Azərbaycan Ticarət-Sənaye palatasının təşkil etdiyi rəsmi qəbulda nitq söylədi.
15 yanvar – “Euronews”a, Fransanın “Tv-5” televiziya kanalına müsahibə verdi, bu ölkədə akkreditə olunmuş xarici jurnalistlərin suallarını cavablandırdı. Fransada yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşdü.
19 yanvar – Xəstəxanada müalicə olunan Xalq şairi Bəxtiyar Vahabzadəyə baş çəkdi.
20 yanvar – Şəhidlər xiyabanını ziyarət etdi. Respublika sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyaya baxdı, kompozisiyanı təqdim edən incəsənət ustaları ilə keçirilən görüşdə çıxış etdi.
21 yanvar – Hüquqi İslahatlar Komissiyasının növbəti iclasını keçirdi.
ABŞ-ın “Frontera Risorses” şirkəti idarə heyətinin sədri Uilyam Uaytı qəbul etdi.
25 yanvar – “Neftçi” İdman-Sağlamlıq mərkəzinin 60 illiyi və mərkəzin olimpiya qurğusunun açılış mərasimində nitq söylədi.
28 yanvar – Böyük Britaniyanın “Britiş Petroleum” və Norveçin “Statoil” şirkətlərinin vitse-prezidentləri Bayron Qroutu və Rolf Manqo Larseni qəbul etdi.
30 yanvar – Azərbaycan Respublikası Gömrük Komitəsinin yaradılmasının 5-ci ildönümünə həsr edilmiş yığıncaqda nitq söylədi.
Böyük Britaniyanın energetika naziri Lord Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
31 yanvar – Prezident sarayında Azərbaycan Elmlər Akademiyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və EA-nın aparıcı alimləri ilə görüşdü.

x x x

Dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın dünyada tanıdılması, beynəlxalq aləmə inteqrasiyası, dünya ictimaiyyətinin Qarabağ həqiqətləri barədə məlumatlandırılması xüsusi önəm daşıyırdı. Ulu Öndər bu məqsədlə xarici ölkələrə çoxsaylı səfərlər edir, dövlət və hökumət başçıları, aparıcı şirkətlərin rəhbərləri ilə görüşlər keçirirdi. Bu baxımdan onun 1997-ci ilin yanvarında Fransaya rəsmi səfəri zəngin proqramı ilə seçilirdi.
Parisdə Prezident Jak Şirakla görüşən Heydər Əliyev bildirdi ki, Ermənistan beynəlxalq təşkilatların qətnamələrinə, beynəlxalq hüquqa məhəl qoymur, hərbi münaqişənin aradan qaldırılması üçün heç bir addım atmır. Ermənistan silahlı qüvvələri ölkəmizin ərazisindən çıxarılmalı, Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin edilməli, məcburi köçkünlər doğma yurdlarına qayıtmalıdırlar.
Avropa və Asiya arasında körpü rolunu oynayan, strateji nöqtədə yerləşən Azərbaycan coğrafi mövqeyinə görə bir sıra üstünlüklərə malikdir. Ümummilli Lider görüşlərində və apardığı danışıqlarda, beynəlxalq tribunalarda çıxışlarında Azərbaycanın həm Avropa, həm də Asiya üçün əhəmiyyətini diqqətə çatdırır, Dünya Birliyini bundan yararlanmağa çağırırdı. Vurğulayırdı ki, bunun üçün Qafqaz regionunda sabitlik yaradılmalı, Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlamasına son qoyulmalıdır. Heydər Əliyevin Fransa Beynəlxalq Münasibətlər İnstitutunda “Azərbaycan və Qafqaz XXI əsrin Astanasında” mövzusunda mühazirəsi bu baxımdan diqqət çəkir.
Sitat: Azərbaycanın təkcə Qafqaz üçün deyil, həm də Qafqazın hüdudlarından kənara çıxan region üçün böyük əhəmiyyəti var. Biz hesab edirik ki, Zaqafqaziya regionunda, – mən Azərbaycanı, Gürcüstanı və Ermənistanı nəzərdə tuturam, – sabitliyin, normal vəziyyətin olması bütün Qafqaz üçün, habelə Rusiya və Qafqazla qonşu olan digər ölkələr üçün mühüm amildir. Biz çalışırıq ki, mühüm amil kimi bu rolumuzu mümkün qədər yaxşı yerinə yetirək. Hesab edirəm ki, əgər Ermənistan-Azərbaycan münaqişəsini aradan qaldırmaq mümkün olarsa, bu, Qafqazda digər münaqişələrə də son qoyulmasına, burada sülhün və sabitliyin bərqərar olmasına gətirib çıxaracaqdır, bunun isə həm digər ölkələr, həm də ümumən Avropa üçün böyük əhəmiyyəti olacaqdır. Qafqazda sülhə, əmin-amanlığa, sabitliyə nail olmaq üçün biz öz tərəfimizdən hər şeyi edirik və bundan sonra da edəcəyik.
Ulu Öndər bütün xarici səfərləri zamanı Azərbaycan icmasının nümayəndələri ilə görüşür, onları doğma Vətən ətrafında sıx birləşməyə, həmrəyliyə səsləyirdi. Fransaya səfəri çərçivəsində də bu ölkədə yaşayan soydaşlarımızın bir qrupu ilə görüşdü və diasporumuzun qarşısında duran prioritet vəzifələrdən danışdı. Fransada ermənilərin böyük təsir gücünə malik olduğunu diqqətə çatdıraraq təəssüflə vurğuladı ki, təkcə burada yox, Rusiyada da, Amerikada da belədir. Eyni zamanda, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində dünya ölkələri ilə əlaqələrin əhəmiyyəti barədə fikirlərini səsləndirdi.
Sitat: Biz belə bir çətin şəraitdə dövlətimizin müstəqilliyini möhkəmləndiririk, inkişaf etdiririk. Ancaq indi dünyada vəziyyət belədir ki, heç bir ölkə tək yaşaya bilməz. Yaşamaq, inkişaf etmək üçün dünyanın bütün ölkələri ilə gərək əlaqə olsun.
Dünya ölkələri ilə əlaqələr yaratmaq üçün respublikamızda geniş imkanlar vardır. Çünki bizim neft yataqlarımıza dünyada maraq çox böyükdür. Məsələn, son iki ildə biz beş neft müqaviləsi imzalamışıq. Bu müqavilələrə görə Azərbaycanın neft sənayesinə 25-30 il müddətində təxminən 15 milyard Amerika dolları məbləğində sərmayə qoyulacaqdır. Bunlar hamısı ölkəmiz üçün böyük imkanlar yaradacaqdır. Şübhəsiz ki, biz bunların vasitəsilə Amerika Birləşmiş Ştatları, Fransa, Almaniya, İngiltərə və digər ölkələrlə münasibətləri daha da yaxşılaşdıracağıq. Azərbaycana olan hörmət, ehtiram artacaqdır. Azərbaycanı da sayacaqlar.
Ölkənin müharibə vəziyyətində yaşamasına, iqtisadi və sosial problemlərlə üzləşməsinə baxmayaraq Ulu Öndər elm və təhsil məsələlərini də diqqətdə saxlayırdı. Bu sahələrdəki vəziyyəti, problemləri dərindən öyrənərək prioritet istiqamətləri müəyyən etməyi ümdə vəzifə kimi qarşıya qoyurdu.
1997-ci il yanvarın 31-də Azərbaycan Elmlər Akademiyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və EA-nın aparıcı alimləri ilə görüş prioritetlərin konkret olaraq müəyyənləşdirilməsi baxımından səciyyəvidir. Ümummilli Lider müasir elm və təhsilimizi necə görmək istəyirdi? Onun görüşdəki çıxışında bu suala aydın cavablar var.

X X X

Heydər Əliyevin Azərbaycan Elmlər Akademiyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və aparıcı alimləri ilə görüşündəki nitqindən

✔ Ümumi çətinliklər nə qədər çox olsa da, biz elmə, təhsilə daim qayğı göstərməliyik və elmin inkişafı üçün mövcud imkanlardan daha da çox istifadə etməliyik.
✔ XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri ölkəmizdə elmin, təhsilin sürətlə inkişaf etməsidir. Biz tarixi keçmişimiz haqqında söhbət açanda tarixin bütün mərhələlərində Azərbaycan xalqının görkəmli elm xadimləri haqqında qürur hissi ilə danışırıq və bu, xalqımızın nə qədər istedadlı olduğunu nümayiş etdirir. Biz bununla daim fəxr edirik.
✔ Azərbaycanda elm XX əsrdə çox sürətlə inkişaf etmişdir. XX əsrdə Azərbaycanda xalqın təhsillənməsi, yüksək təhsil ocaqlarının, institutların yaranması, xalqın təhsilə cəlb olunması, elmi tədqiqat institutlarının yaranması, elmi tədqiqat işlərinin təşkil olunması və bunların nəticəsində 50 il bundan öncə Azərbaycanda ilk dəfə Elmlər Akademiyasının yaranması – bunların hamısı XX əsrdə Azərbaycanda elmin sürətlə inkişafını nümayiş etdirən faktlardır.
✔ Biz dövlət müstəqilliyini əldə edərkən müstəqil dövlət kimi yaşamaq üçün, demək olar, hər şeyimiz var idi. O cümlədən böyük elmimiz var idi. Bizim bu böyük elmimiz Azərbaycanın istedadlı insanları, alimləri tərəfindən, elmi tədqiqat institutları, təşkilatları, Elmlər Akademiyası tərəfindən, sahə institutları tərəfindən yaranmış elmdir.
✔ Əgər biz iqtisadiyyatı elmi nöqteyi-nəzərdən inkişaf etdirmək, xüsusən Azərbaycanın iqtisadi potensialından, ölkəmizin təbii sərvətlərindən istifadə etmək üçün dünya iqtisadiyyatı ilə inteqrasiyaya gedirdiksə, demək, burada da baxmaq lazımdır ki, elmin bəzi sahələrini inkişaf etdirməkdən ötrü hansı elmi mərkəzlərlə, yaxud hansı böyük şirkətlərlə əlaqə qurmaq və onlardan müəyyən maliyyə vəsaiti əldə edib bu işləri aparmaq olar. Ona görə də sizin indiki iş planınız, elmi strategiyanız gələcəkdə o keçmiş işlərdən tamamilə fərqli olmalıdır.
✔ Məktəbə gedən gənc gərək Azərbaycanın tarixini bilsin, oxusun, öyrənsin. Amma o, köhnə dərsliklərdən bunu öyrənə bilməz. Dərsliyi də hərə öz istədiyi kimi yazmamalıdır. Gərək bizim xalqımızın tarixi yazılsın ki, onun əsasında da gənclər üçün, orta və ali təhsil məktəbləri üçün tarix dərslikləri yazılsın.
✔ Elmi tədqiqat işlərinin əlaqələndirilməsi ilə Elmlər Akademiyası məşğul olmalıdır. Dediyim sözləri bəlkə bir daha təkrar edəcəyəm, bunu deməyə məcburam ki, Azərbaycan Respublikasının, müstəqil Azərbaycan Elmlər Akademiyası Azərbaycanın ən yüksək müəssisəsi, elmi təşkilatıdır. Gərək siz də çalışasınız ki, buna layiq olasınız. Azərbaycan Elmlər Akademiyası dövlətin akademiyasıdır, prezidentin birbaşa himayəsi altındadır, tabeliyindədir və prezidentin qarşısında cavabdehdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts