Xalqa bağışlanmış ömürdən anlar: 1997-ci ilin sentyabrı

Tokio, 28 fevral , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

1 sentyabr – Prezident Heydər Əliyev yeni dərs ilinin başlanması münasibətilə Bakıdakı 18 nömrəli məktəbdə keçirilən tədbirdə nitq söylədi.
3 sentyabr – Rusiyanın Ermənistana qeyri-qanuni yolla silah verməsi, keçmiş Dağlıq Qarabağda qondarma prezident seçkilərinin keçirilməsi ilə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırdı.
Üçüncü Azərbaycan Beynəlxalq Ticarət Sərgisinin açılışında çıxış etdi.
14 sentyabr – Təhlükəsizlik Şurasının növbəti iclasını keçirdi.
20 sentyabr – Milli Dram Teatrında İlyas Əfəndiyevin “Hökmdar və qızı” tamaşasına baxdıqdan sonra teatrın yaradıcı kollektivi ilə görüşdü.
21 sentyabr – Pediatriya Cəmiyyətlərinin Bakıda keçirilən IV beynəlxalq konqresinin açılışında nitq söylədi.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasının yeni quruluşda tamaşasına baxdı.
25-28 sentyabr – İtaliyada rəsmi səfərdə oldu.

X X X

Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə elm və təhsil məsələlərinə xüsusi diqqət yetirirdi. Xüsusən dövlət müstəqilliyinin bərpasından sonra respublikamızın iqtisadi potensialının gücləndirilməsi elm və təhsilin inkişafı ilə paralel aparılırdı.
1997-ci il sentyabrın 1-də yeni dərs ilinin başlanması münasibətilə Bakıdakı 18 nömrəli məktəbdə keçirilmiş tədbirdə iştirak edən Ulu Öndər təhsilin önəmini bir daha vurğulayaq dedi ki, xalqın, millətin təhsil sistemini qırmaq olmaz. Bu iş ardıcıl surətdə davam etməlidir. Bu gün təhsil sistemində qayda-qanun yaranıb, məktəblərimiz işləyir, valideynlər övladlarının təhsili ilə məşğul olur. Heydər Əliyev çıxışında bu sahədə qarşıda duran vəzifələrdən də danışaraq qeyd etdi ki, vətənpərvərlik tərbiyəsi məhz məktəbdə başlamalıdır.
Sitat: “Məktəblərimizdə Azərbaycanın dövlət müstəqilliyinin, azadlığının mənası, məzmunu çox geniş tədris olunmalıdır. Bu, çox əhəmiyyətlidir, çünki vətənpərvərlik hissləri insanlara uşaq vaxtından aşılanmalıdır. Xalqımızın təbii xüsusiyyəti ondan ibarətdir ki, xalqımız vətənpərvərdir. O, ananın bətnində vətənpərvərlik hisslərini özündə toplayır. Tədrisin, tərbiyənin bu sahədə çox böyük əhəmiyyəti vardır, xalqımızı, millətimizi, gənclərimizi vətənpərvərlik hissi ilə tərbiyə etmək təhsilin əsas istiqaməti, hissəsi, məktəblərimizin, müəllimlərimizin borcudur. Siz uşaqlara hərtərəfli təhsil verməlisiniz. Uşaqlar gərək orta məktəblərdə bütün fənləri mənimsəsinlər. Bunların hamısı ilə bərabər, bizim xalqımızın zəngin tarixini, mədəniyyətini, mənəviyyatını, mənəvi dəyərlərini uşaqlara öyrətmək, çatdırmaq, uşaqları məhz həmin ənənələr ruhunda tərbiyə etmək müəllimlərin müqəddəs borcudur. Mən arzu edərdim ki, müəllimlər bunu heç vaxt unutmasınlar”.
Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan müxtəlif beynəlxalq sərgilərə ev sahibliyi etməyə başladı. Belə sərgilərdən biri 1997-ci il sentyabrın 3-də açıldı. Azərbaycan Ticarət-Sənaye Palatası və Böyük Britaniyanın “İnternational Traid Exhibitions” şirkətinin birlikdə təşkil etdikləri sərgidə çıxış edən Ümummilli Lider belə tədbirlərin əhəmiyyətindən danışdı. Vurğuladı ki, artıq ənənəvi xarakter alan beynəlxalq sərgilər iqtisadiyyatımızda baş verən ciddi dəyişikliklərin və xüsusən xarici iqtisadi əlaqələrimizin inkişafının təzahürüdür. Eyni zamanda, yeni əlaqələrin yaranması, sazişlərin, müqavilələrin imzalanması və gələcəkdə daha geniş iş görülməsi üçün çox yaxşı imkanlar açılır.
Sitat: “Bugünkü sərginin məzmunu, eksponatları da çox maraqlıdır və hesab edirəm, respublikamızın ictimaiyyəti və iqtisadi həyatı üçün çox əhəmiyyətlidir. İstehlak malları, ərzaq məhsulları, telekommunikasiya, kompüterlər müasir həyatımızda insanlar, cəmiyyət üçün və bütün iş adamları üçün ən vacib sahələrdir. Güman edirəm ki, bu sərgi təkcə eksponatların nümayiş etdirilməsi üçün yox, xüsusən burada təmsil edilən malların əsasında yeni əlaqələrin, sazişlərin, müqavilələrin yaranması və gələcəkdə daha geniş iş görülməsi üçün çox yaxşı imkan olacaqdır. Hər bir sərginin məqsədi malları,
eksponatları nümayiş etdirməklə yanaşı, yeni iqtisadi əlaqələr qurmaqdan və iqtisadiyyatı inkişaf etdirməkdən ibarət olmalıdır. Güman edirəm ki, bu sərgi də məhz bu məqsədi, vəzifəni yerinə yetirəcəkdir”.
1997-ci ilin sentyabrı Bakıda Pediatriya Cəmiyyətlərinin IV beynəlxalq konqresinin keçirilməsi ilə də yadda qaldı. Tədbirdə çıxış edən Heydər Əliyev bu toplantının respublikamızda keçirilməsini beynəlxalq təşkilatların Azərbaycana böyük marağı və diqqəti kimi dəyərləndirdi. Bildirdi ki, insanların, xüsusən uşaqların fiziki və ruhi sağlamlığının təmin olunması, qorunması hər bir dövlət üçün çox böyük və müqəddəs vəzifədir. Müstəqil Azərbaycan Respublikasında bu vəzifəni biz məhz bu cür başa düşürük. Azərbaycan dövləti bütün imkanlarından istifadə edərək uşaqların sağlamlığının təmin olunmasına və qorunmasına çalışıb və bundan sonra da çalışacaq.
Sitat: “Bizim gördüyümüz ictimai, siyasi, iqtisadi tədbirlərlə yanaşı, eyni zamanda, səhiyyə sahəsində, o cümlədən uşaqların sağlamlığının təmin edilməsi sahəsində də qarşımızda çox böyük vəzifələr durur. Biz bu vəzifələri yerinə yetirməyə çalışırıq. Azərbaycanın səhiyyə işçiləri fədakarcasına işləyirlər. Azərbaycanın pediatrları öz işlərini layiqincə yerinə yetirməyə çalışırlar. Biz öz tərəfimizdən, bir dövlət kimi bu işləri daha da mütəşəkkil aparmaq üçün lazımi tədbirlər görürük. Ancaq bunlar hamısı vurulan yaraları sağalda bilməz. O yaralar, sözün əsl mənasında, insanların bədəninə vurulan yaralardır, onların mənəviyyatına vurulan yaralardır. Eyni zamanda, xalqımızın mənəviyyatına vurulan yaralardır, ona görə də bizim üçün, Azərbaycan üçün belə bir beynəlxalq toplantının respublikamızda keçirilməsi çox əhəmiyyətlidir”.
Zaman keçdikcə Ulu Öndərin xarici səfərlərinin intensivliyi də artırdı. 1997-ci ilin iyul-avqust aylarında Rusiyaya, İspaniyaya, ABŞ-a və Polşaya səfərlər edən Heydər Əliyev sentyabrın 25-28-də İtaliyada rəsmi səfərdə oldu. Səfər çərçivəsində İtaliya Prezidenti ilə və yüksək vəzifəli digər rəsmi şəxslərlə görüşərək danışıqlar apardı. Eyni zamanda, bir sıra xəbər agentliklərinə və qəzetlərə müsahibələr verdi. Jurnalistlərin Heydər Əliyev ilə söhbətə can atması onun şəxsiyyətinə və liderlik keyfiyyətlərinə, Azərbaycana olan maraqdan irəli gəlirdi.
Bu səfər zamanı Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında birgə bəyannamələr, ARDNŞ və İtaliyanın “ACİP” neft şirkəti arasında müqavilə imzalandı. Beləliklə, Azərbaycan-İtaliya əməkdaşlığının möhkəm təməli qoyuldu. Bunun nəticəsidir ki, İtaliya hazırda Azərbaycanın Avropa İttifaqı məkanında ən yaxın tərəfdaşıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts