Xalqa bağışlanmış ömürdən anlar: 1997-ci ilin oktyabrı

Tokio, 2 mart , /AJMEDIA/

AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

XXX

3 oktyabr – Prezident Heydər Əliyev Almaniyanın milli bayramı münasibətilə təşkil olunan rəsmi qəbulda çıxış etdi.

4 oktyabr – Rumıniya Senatının sədri Petre Romanın rəhbərlik etdiyi parlament nümayəndə heyətini qəbul etdi.
8 oktyabr – Böyük Britaniyanın “Asprey” şirkətinin sədri Con Aspreylə görüşdü.
9-10 oktyabr – Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün Strasburqda səfərdə oldu.
12 oktyabr – Avropa Şurası və Avropa İttifaqı ilə Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirdi.
15 oktyabr – Hərbi Təyyarəçilər Məktəbinin ilk buraxılışına həsr olunmuş tədbirdə nitq söylədi.
16 oktyabr – Bakı Elektrik Maşınqayırma Zavodunun 50 illik yubileyinə həsr olunmuş mərasimdə çıxış etdi.
17 oktyabr – Dünyaşöhrətli bəstəkar və müğənni Müslüm Maqomayevin 55 illik yubiley mərasimində iştirak etdi.
18 oktyabr – ABŞ-nin NATO-dakı səfiri Robert Hanterlə görüşdü.
22-23 oktyabr –MDB dövlət başçılarının Moldovada keçirilən Zirvə görüşündə iştirak etdi.
24 oktyabr – Beynəlxalq Valyuta Fondunun nümayəndə heyətini qəbul etdi.
28-29 oktyabr – Azərbaycan ədəbiyyatının yaşlı və gənc nəslinin nümayəndələri ilə görüşdü.
29 oktyabr – Türkiyə Cümhuriyyətinin 74-cü ildönümü münasibətilə təşkil edilən rəsmi qəbulda nitq söylədi.
30 oktyabr – Azərbaycan Yazıçılarının X qurultayında çıxış etdi.

X X X

Prezident Heydər Əliyev bütün xarici səfərləri zamanı Ermənistan-Azərbaycan münaqişəsi, ölkəmiz haqqında həqiqətləri dünyaya çatdırmağa çalışırdı. Ulu Öndərin Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün 1997-ci il oktyabrın 9-10-da Strasburqa səfəri də bu baxımdan istisna təşkil etmədi. Səfər çərçivəsində Avropa Şurasının, Avropa İttifaqının, həmçinin bir çox Avropa ölkələrinin rəhbərləri, o cümlədən Fransa, Polşa və Finlandiya prezidentləri ilə görüşən Heydər Əliyev Ermənistanın əsassız ərazi iddialarına, hərbi təcavüzünə baxmayaraq, Azərbaycanın sülh tərəfdarı olduğunu vurğuladı.
Prezident Heydər Əliyev oktyabrın 11-də Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Zirvə görüşündə nitq söylədi. Çıxışında müstəqil dövlətlərin Avropaya inteqrasiyasında Avropa Şurasının rolunu yüksək qiymətləndirərək dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycanın keçid dövründə üzləşdiyi obyektiv çətinliklərdən danışdı. Qeyd etdi ki, bu çətinliklərə baxmayaraq, Azərbaycanda demokratik islahatlar uğurla aparılır, respublika vətəndaşlarının mütləq əksəriyyəti islahatlar prosesini qətiyyətlə dəstəkləyir.
Sitat: “Avropanın ayrılmaz hissəsi olan Azərbaycan özünün bütün tarixi ərzində onunla əlaqələri inkişaf etdirib. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra mürəkkəb və gərgin bir yol keçib. Keçid dövrünün çətinlikləri, daxili siyasi sabitliyin olmaması, qanunsuz silahlı birləşmələrin azğınlığı, dəfələrlə dövlət çevrilişləri edilməsi, sosial-iqtisadi böhran, qonşu Ermənistanın təcavüzünün dağıdıcı nəticələri, özbaşınalıq və hərc-mərclik, insan hüquqlarının kütləvi şəkildə pozulması şəraiti yaratmış, Azərbaycan dövlətçiliyinin mövcudluğunu təhlükə qarşısında qoymuşdu. Biz böyük səylər bahasına ölkədə vəziyyəti qısa müddətdə sabitləşdirə və demokratik, hüquqi, dünyəvi dövlət və bazar iqtisadiyyatı qurulmasına yönəldilmiş əsaslı siyasi və iqtisadi islahatların həyata keçirilməsinə başlaya bildik”.
Ölkəmizdə demokratik seçkilər əsasında parlament formalaşdırıldığını və demokratiya yolunda digər addımlar atıldığını diqqətə çatdıran Heydər Əliyev Azərbaycanın Avropa Şurasının üzvü olmaq istədiyini, demokratik dəyişikliklərin inkişafında təşkilatın dəstəyinə böyük ümid bəslədiyini vurğuladı.
Azərbaycan dünyaya bir çox mütəfəkkirlər, yazıçı və şairlər bəxş edib. Xüsusən Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə mədəni və ədəbi irsimiz, ədəbiyyat, rəssamlıq, teatr, musiqi və kino sənəti yeni intibah mərhələsini yaşayıb. Ədəbiyyatımızın milli ruhun formalaşmasında rolunu nəzərə alan Heydər Əliyev Azərbaycan Yazıçılarının X qurultayı ərəfəsində həm yaşlı nəsildən, həm də gənc nəsildən olan yazıçıların nümayəndələri ilə ayrı-ayrılıqda görüşdü. Söhbət əsnasında ədəbiyyatın cəmiyyətə və insanlara təsiri barədə fikirlərini onlarla bölüşdü. Müasir dövrün çətinliklərindən, Yazıçılar Birliyinin fəaliyyətindən danışaraq əminliklə bildirdi ki, ədəbiyyatımız, mədəniyyətimiz əsrlər boyu çox ağır sınaqlardan, mərhələlərdən keçərək, yaşadığı kimi, bu gün də bu çətin dövrü birlikdə yaşayıb keçəcəyik. Yazıçılarımız öz vətəndaşlıq borcunu daim layiqli yerinə yetirəcək, xalqla birlikdə olacaq, millətin qayğıları ilə yaşayacaqlar.
Sitat: “Biz müstəqil dövlətik. Ancaq keçmişdən bizə bu gün və gələcək üçün yararlı olan vasitələri, qurumları yaşatmalı, istifadə etməliyik. Azərbaycanda Yazıçılar İttifaqı 1934-cü ildə yaranıb. İndi 1997-ci ildir, əsr sona çatır. Yazıçılar İttifaqının yaşamasında bir neçə nəsil öz xidmətlərini göstərib. Yazıçılar İttifaqı yazıçıların yaşaması, inkişaf etməsi, yaradıcılıqla məşğul olması üçün çox işlər görüb. Burada məlumat verildi ki, gənclərdən 100 nəfər Yazıçılar Birliyinə üzv olmaq istəyir. Bu, çox sevindirici haldır. Demək, bu Birliyə inam, etibar var və insanlar bu Birlikdə olmaq istəyirlər”.
Ulu Öndər yazıçılarla görüşləri zamanı onu da vurğuladı ki, ədəbiyyatı, mədəniyyəti, bədii əsərləri, yüksək incəsənət əsərlərini yaradan insanlardan həmişə fədakar olurlar. Yəni, onlar fitri istedadı ilə bərabər fədakar olmasalar, böyük sənətkar da ola bilməzlər. Heydər Əliyev, eyni zamanda, gənc nəslin ədəbiyyata böyük marağını, həvəsini və yazmaq arzusunu çox sevindirici hal kimi dəyərləndirdi.
Azərbaycan Yazıçılarının X qurultayındakı çıxışında Ulu Öndər ədəbiyyat nümunələrini milli özünüdərkin formalaşmasında rolunu bir daha vurğuladı. Vaxtilə Azərbaycan yazıçılarının qurultayında iştirak etdiyini xatırladaraq, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında, vətəndaşlarımızın vətənpərvərlik ruhunda tərbiyələndirilməsində yazıçıların üzərinə düşən məsuliyyətdən söhbət açdı.
Sitat: “Mən çox sevinirəm və xoşbəxtəm ki, ilk dəfə Azərbaycanın yazıçılarının qurultayında 27 il bundan əvvəl nitq söyləmişəm, o qurultayın iştirakçısı olmuşam və ondan sonrakı qurultaylarda da daim iştirak etmişəm, yazıçılarımızla, şairlərimizlə, mədəniyyət xadimləri ilə bir yerdə olmuşam, bu gün də sizinlə bir yerdəyəm. Bunun da səbəbi var. Birincisi, şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm. Bu gün sizə deyə bilərəm ki, şəxsən mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olub…
İndi ən ümdə vəzifəmiz, ən şərəfli borcumuz hüquqi, dünyəvi, demokratik dövləti yaratmaqdır. Bu işdə hamımız çalışmalıyıq, bir olmalıyıq”.
“Hər bir dövlətin müstəqilliyinin rəmzi, təminatçısı onun silahlı qüvvələridir”, – deyən Ümummilli Lider milli ordu quruculuğu, peşəkar hərbçi kadrların hazırlanması məsələsini daim diqqətdə saxlayırdı. Bu baxımdan Heydər Əliyevin 1997-ci il oktyabrın 15-də Hərbi Təyyarəçilər Məktəbinin ilk buraxılışına həsr olunmuş tədbirdəki çıxışı diqqət çəkir. Ulu Öndər çıxışında qeyd etdi ki, torpaqlarımızın 20 faizinin işğal olunmasının və böyük itkilər verilməsinin əsas səbəbi vaxtilə dövlət quruculuğu prosesində, silahlı qüvvələrdə buraxılmış səhvlərdir. Azərbaycan xalqının mərd, döyüşkən xalq olduğunu bildirən Heydər Əliyev ordu quruculuğunda görülən işlərdən, əldə olunan nəticələrdən danışdı. Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbinin peşəkar kadrların hazırlanmasında rolunu qeyd edərək vurğuladı ki, artıq nizami ordu yaranıb və bu ordu hər vasitə ilə gücləndirilməlidir. Ordumuz dövlətimizin müstəqilliyinin tam qarantı olmalıdır.

X X X

Heydər Əliyevin Hərbi Təyyarəçilər Məktəbinin ilk buraxılışına həsr olunmuş tədbirdəki nitqindən

*Müstəqil Azərbaycan Respublikasının ən vacib, ən böyük sahəsi onun Silahlı Qüvvələridir, Milli Ordusudur. Hər bir dövlətin müstəqilliyinin rəmzi, təminatçısı onun silahlı qüvvələridir. Etibarlı, güclü, vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz.
*İndi tam qətiyyətlə deyə bilərik ki, artıq Azərbaycanda nizami ordu yaranıb, Azərbaycanın torpaqlarını, hüdudlarını, ölkəmizin dövlət müstəqilliyini mühafizə edə bilən, qoruya bilən silahlı qüvvələr yaranıb. Biz bu nailiyyətlərin şahidiyik. Ancaq bunlar bu sahədə görülən işlərin hələ başlanğıcıdır.
*Biz ordumuzu, silahlı qüvvələrimizi cinayətkar, xəyanətkar qüvvələrdən, xarici ölkələrin təxribat, pozucu tədbirlərindən daim qorumalıyıq. Bu vəzifə bizim qarşımızda daim durur. Hər bir zabit, hər bir vəzifəli şəxs, eyni zamanda, hər bir əsgər bunu bilməlidir. Bizim müstəqilliyimizə qısqanclıq edən, bəlkə də daha doğru olar desəm ki, bu müstəqilliyimizi pozmaq istəyən xarici və daxili qüvvələr hələ mövcuddur. Ona görə də biz dövlət quruculuğu işlərini həyata keçirərək, ordumuzun bundan sonra da inkişaf etdirilməsi tədbirlərini həyata keçirərək heç vaxt sayıqlığı itirməməliyik və özümüzü bütün mümkün bəlalardan daim qorumalıyıq.
*Biz Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdik və bu il onun 25 illiyi tamam olur. Biz onun 25 illik yubileyini qeyd edəcəyik. Çünki bu 25 il müddətində o məktəbin xidmətləri, Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra, Azərbaycan öz Milli Ordusunu yaratmağa başlayan zaman və indinin özündə o məktəbin xidmətləri göz qabağındadır.
* Bu (Hərbi Təyyarəçilər Məktəbinin ilk buraxılışı-red.), Azərbaycan milli ordusunun bu sahədə ilk addımıdır. Amma hesab edirəm ki, bu, çox yaxşı başlanğıcdır. Bunun böyük gələcəyi var. Mən bu gələcəyi açıq-aydın görürəm. Əgər biz bu qısa müddətdə azərbaycanlılardan, Azərbaycan gənclərindən təyyarələri, hərbi təyyarələri, döyüş təyyarələrini idarə edə bilən və havada döyüş apara bilən, yaxud hava qüvvələri ilə ölkəmizin müdafiəsini təmin edə bilən mütəxəssislər hazırlaya bilmişiksə, bu, böyük nailiyyətdir. Eyni zamanda, bu da dövlət müstəqilliyimizin bizə verdiyi bəhrələrdir.
*Azərbaycan xalqı istedadlı xalqdır, onun istedadı hərbi sahədə də ən yüksək səviyyədə ola bilər. Azərbaycanlının istedadı, qabiliyyəti havanı, səmanı fəth etməkdə də ən yüksək səviyyədə ola bilər. Mən əminəm ki, bu, belə də olacaqdır. Çünki mən bizim Azərbaycan gənclərinin həm fiziki cəhətdən genetik keyfiyyətlərinin yüksək olmasını, həm də xaraktercə, xasiyyətcə cəsur olmasını yaxşı bilirəm. Bunu bir çox azərbaycanlılar dəfələrlə, tarix boyu öz cəsurluğu ilə dünyaya nümayiş etdiriblər. Mən tam əminəm ki, bu gün də, gələcəkdə də bizim gənclərimiz bunu nümayiş etdirəcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts