Xalqa bağışlanmış ömürdən anlar: 1997-ci ilin martı

Tokio, 8 fevral , /AJMEDIA/

AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

3 mart – Prezident Heydər Əliyev Avropa Komissiyasının Zaqafqaziya və Orta Asiya bölməsinin rəhbərini qəbul etdi.
4 mart – Türkiyənin əmək və sosial müdafiə naziri ilə görüşdü.
5 mart – ABŞ Dövlət Departamenti və ABŞ Konqresinin nümayəndələrini və Avropa Şurası Departamentinin direktorunu ayrı-ayrılıqda qəbul etdi.
7 mart – Xalq şairi Səməd Vurğunun 90 illik yubiley tədbirində iştirak etdi.
“Sevil” Azərbaycan Qadınları Məclisinin təşkil etdiyi görüşdə nitq söylədi.
13 mart – Fransanın “Fiqaro Meqezin” jurnalına müsahibə verdi.
17 mart – ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru ilə görüşdü.
20 mart – Novruz bayramı münasibətilə qaçqınlar və məcburi köçkünlər üçün təşkil edilən bayram şənliyində nitq söylədi.
21 mart – Qoşaqala qapısı önündə keçirilən Novruz bayramı şənliyində iştirak etdi. İçərişəhərdə və Şirvanşahlar sarayı muzeyinin həyətində ziyalılar, ədəbiyyat və incəsənət xadimləri ilə görüşdü.
26 mart – Xalq şairi Süleyman Rüstəmin 90 illiyinə həsr edilmiş yubiley tədbirində çıxış etdi.
27 mart – ABŞ-ın Azərbaycandakı səfiri Stenli Tuemler Eskuderonu qəbul etdi.
Pakistan İslam Respublikasının milli bayramı münasibətilə keçirilən rəsmi qəbulda nitq söylədi.
28 mart – Həcc ziyarətinə yola düşən zəvvarların bir qrupu ilə görüşdü.
30 mart – “Britiş Petroleum” şirkətinin baş icraçı direktoru Con Braunu və “Statoyl” şirkətinin vitse-prezidenti Yohan Nik Voldunu qəbul etdi.
31 mart – Şəhidlər xiyabanını ziyarət etdi.
“20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi haqqında Fərman imzaladı.

X X X

Heydər Əliyev xalqın mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsini vacib hesab edir, bu məqsədlə görkəmli ədiblərin, mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsinə, yubileylərinin keçirilməsinə xüsusi önəm verirdi. 1997-ci il martın 6-da Xalq şairi Səməd Vurğunun 90 illik yubileyi münasibətilə şairin ev-muzeyini ziyarət edən Ulu Öndər bununla bağlı fikirlərini bölüşdü. Qeyd etdi ki, milli ənənələrin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün belə muzeylər lazımdır.

Martın 7-də şairin 90 illik yubileyinə həsr olunmuş tədbirdə çıxış edən Heydər Əliyev mürəkkəb bir dövrdə yaşamış Səməd Vurğunun hər kəsə Azərbaycan dilini daha da sevdirdiyini vurğuladı. Onun Azərbaycan poeziyasında yeni bir yol açdığını qeyd edərək dedi ki, Səməd Vurğun şeirimizi yüksək səviyyəyə qaldırdı, öz şeirləri ilə Azərbaycan dilini zənginləşdirdi və inkişaf etdirdi. Bu şeirlər müasirlərimizə, gənc nəslə ilham verir, onlara vətəni, milləti, torpağı sevməyi öyrədir. Ulu Öndər “Azərbaycan” şeirini buna misal göstərdi.
Sitat: “Səməd Vurğunun “Azərbaycan” şeiri dillərdə əzbər olub. Bilirsiniz, o qısa sözlərdə o qədər dərin məna var ki, həmin sözləri hər bir insan dilinə gətirib, təkrar edərkən öz xalqına, ölkəsinə bir daha öz məhəbbətini, sevgisini, sədaqətini ifadə edir: El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən! Anam, doğma, Vətənimsən! Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan!
Biz Səməd Vurğunun ruhu qarşısında baş əyərək deyə bilərik: əziz şairimiz, sənin canın qədər sevdiyin Azərbaycan bu gün müstəqil dövlətdir. Sənin canın qədər sevdiyin xalqın bu gün azaddır”.
Ulu Öndər dövlət müstəqilliyini tarixi nailiyyət adlandırır, Azərbaycanın demokratik və hüquqi dövlət quruculuğu yolundan dönməyəcəyini qətiyyətlə bəyan edirdi. Vurğulayırdı ki, bu yol müvafiq qanunların qəbul olunmasından keçir. Burada isə hüquqşünasların rolu əvəzsizdir. Heydər Əliyev hüquqi dövlət quruculuğu ilə bağlı fikirlərini ona Moskva Dövlət Hüquq Akademiyasının fəxri doktoru adı verilməsi münasibətilə keçirilən mərasimdə (1997-ci il martın 29-u) bir daha diqqətə çatdırdı.
Sitat: “Azərbaycanın dövlət müstəqilliyi tarixi nailiyyətdir, biz onu möhkəmləndirəcək və inkişaf etdirəcəyik. Azərbaycan demokratiya, tərəqqi yolu ilə gedir və hüquqi dövlət qurur. Bu, quruca söz deyil, gerçəklikdir. Bununla bərabər, dövlət bir kəlmə ilə, bir ifadə ilə hüquqi dövlət olmur. Dövləti hüquqi, əsl demokratik dövlət etmək üçün qanunlar, digər tədbirlər gərəkdir. Odur ki, biz bu yolla gedirik. Biz iqtisadiyyatı yenidən qururuq, özəlləşdirmə haqqında qanun qəbul etmişik və onu həyata keçiririk. Amma ağıl-kamalla, iqtisadiyyatımızın sosial yönümünü nəzərə alaraq. Zənnimcə demək olmaz ki, səhv buraxmayacağıq, səhvlərdən heç kəs sığorta olunmayıb. Lakin biz bu yolu daha az nöqsanlarla keçəcəyik”.
Qadınların cəmiyyətdəki mövqeyini, yeni nəslin formalaşmasında rolunu yüksək qiymətləndirən Heydər Əliyev dövlətin qadın siyasətinin əsasını qoydu. Onun qadınlara verdiyi dəyər 1997-ci il martın 7-də “Sevil” Azərbaycan Qadınları Məclisinin təşkil etdiyi görüşdəki çıxışında öz parlaq əksini tapıb. Ulu Öndər çıxışında deyirdi: Azərbaycan qadını öz ağlı, istedadı ilə fərqlənir, cəsur, vətənpərvər, millətinə və dövlətinə sədaqətlidir.

X X X

Heydər Əliyevin “Sevil” Azərbaycan Qadınları Məclisinin təşkil etdiyi görüşdəki çıxışından

*Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət ola bilməz, qadınsız həyat ola bilməz. Azərbaycan qadınları da öz ağıllarına, zəkalarına görə, biliklərinə, istedadlarına görə, eyni zamanda, gözəlliklərinə görə dünya qadınları içərisində özünəməxsus və çox yüksək yer tuturlar. Ona görə də biz qadınlarımızla fəxr edirik.

*Xalqımız milli azadlıq yolu ilə gedir, ölkəmiz müstəqil dövlətdir. Bu keçid dövründə həyatımızda çoxlu çətinliklər, çox böyük maneələr var. Bunlar hamısı bizdən daha fəal işləməyi, daha səfərbər olmağı tələb edir, cəmiyyətimizi, respublikamızın bütün insanlarını daha da birliyə, həmrəyliyə dəvət edir. Bu sahədə qadınların rolu çox böyükdür. Qadınlar həmişə sülh, xoş münasibətlər tərəfdarı olublar. Qadınlar həmişə yaxşı ailələr yaradan qüvvə olublar.
*Xatirimdədir, 1994-cü ilin oktyabrında Azərbaycanda dövlət çevrilişinə cəhd göstərən qüvvələr baş qaldırıb ölkənin konstitusion hakimiyyətinin əleyhinə çıxdığı bir zamanda mən televiziya vasitəsilə xalqa müraciət edərkən gecə vaxtı Prezident Sarayının ətrafına yüz minlərlə insan toplaşdı. Onların içərisində qadınları görəndə, yaşlı, gənc qadınları, qucağında təzəcə doğulmuş, yenicə dünyaya gəlmiş uşaqla, südəmər uşaqla o meydana ayaqyalın gələn qadınları görəndə mən bir daha düşündüm ki, qadınlar nə qədər vətənpərvər, millətinə, ölkəsinə, dövlətinə nə qədər sədaqətlidirlər, eyni zamanda nə qədər cəsur, qorxmaz, qəhrəmandırlar.
*Qadınlarımız müstəqil Azərbaycanın dövlətçiliyinin dayağıdırlar, görəcəyimiz bütün işlərin dayağıdırlar. Ona görə də mən qadınlara indiyə qədər güvəndiyim kimi, bu gün də güvənirəm, sabah da güvənəcəyəm.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts