Xalqa bağışlanmış ömürdən anlar: 1996-cı ilin sentyabrı

Tokio, 24 yanvar , /AJMEDIA/

AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

2 sentyabr – Prezident Heydər Əliyev Bakının Nərimanov rayonundakı 73 saylı orta məktəbin açılışında iştirak etdi.
7 sentyabr – Füzuli, Cəbrayıl və Qubadlı rayonlarından olan ictimaiyyət nümayəndələri ilə görüşdü.
10 sentyabr – Akademik Yusif Məmmədəliyevin 90 illik yubiley mərasimində çıxış etdi.
11 sentyabr – Milli Məclisin növbədənkənar sessiyasında nitq söylədi.
12 sentyabr – Almaniyanın “Daymler-Bent” konserninin nümayəndə heyəti ilə görüşdü.
Bakıda “İmproşop” ticarət mərkəzinin açılışında iştirak etdi.
16 sentyabr – Bakıda səfərdə olan Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşdü. Onunla birgə Şəhidlər xiyabanını ziyarət etdi, həmçinin bir qrup qaçqın və məcburi köçkünlə söhbət etdi.
18 sentyabr – Bəstəkar Müslüm Maqomayevin 110 illiyinə həsr olunmuş yubiley tədbirində çıxış etdi.
20 sentyabr – İslam İnkişaf Bankının prezidentini qəbul etdi.
21 sentyabr – “Torpaq islahatı haqqında” qanunun icrası ilə bağlı müşavirə keçirdi.
25 sentyabr – Norveçin energetika və sənaye naziri ilə görüşdü.
30 sentyabr – Çin Xalq Respublikasının 47-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak etdi.

X X X

Heydər Əliyev elm və mədəniyyətin inkişafına xüsusi diqqət yetirir, alimlərimizin, sənət adamlarının əməyini yüksək qiymətləndirirdi. Xalq, vətən qarşısında xidmətləri olan görkəmli elm və mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsi ənənə halını almışdı.
1996-cı il sentyabrın 10-da akademik Yusif Məmmədəliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirdə çıxış edən Ulu Öndər vurğuladı ki, xalq məhz belə insanlarla tanınır. Böyük alim, görkəmli ictimai-siyasi xadim Yusif Məmmədəliyevin xidmətlərini yüksək qiymətləndirən Heydər Əliyev onun ixtiralarının Azərbaycan elminin inkişafına böyük töhfələr verdiyini, ölkənin neft kimyası sənayesində inqilab yaratdığını bildirdi.
Sitat: “O, sözün əsl mənasında ziyalı idi. Onun Azərbaycan elminə verdiyi xidmətlər unudulmur… Yusif Məmmədəliyevin elmi əsərləri, ixtiraları, qoyduğu elmi iz və yaratdığı elmi-texniki müəssisələr Azərbaycanda sonrakı dövrdə neft kimyası elminin və xüsusən neft kimyası sənayesinin inkişafında əvəzsiz rol oynayıb”.
Bu qəbildən olan yubiley tədbirləri adətən, həmin sahənin adamları ilə görüşlər və səmimi söhbətlərlə müşayiət olunurdu. 1996-cı il sentyabrın 16-da Müslüm Maqomayevin anadan olmasının 110 illiyinə həsr edilmiş yubiley tədbirindən sonra da sənət adamları ilə görüşən Ümummilli Lider öz fikirlərini və təəssüratlarını bölüşdü. Xalqımızın indiki ağır şəraitdə, müharibə dövründə də mədəniyyət sahəsini unutmadığını diqqətə çatdırdı.
Ulu Öndər mədəniyyət korifeylərinin yaradıcılığına dərindən bələd idi. Söhbət əsnasında Müslüm Maqomayevin “Şah İsmayıl” operası üzərində xüsusi dayandı. Vurğuladı ki, Şah İsmayılın adı Azərbaycanın qədim dövlətçiliyi ilə bağlıdır. Bu baxımdan “Şah İsmayıl” operasının böyük tarixi, siyasi əhəmiyyəti var.
Dahi musiqiçinin nəvəsi Müslüm Maqomayevin Nəbi Xəzrinin sözlərinə bəstələdiyi “Azərbaycan” mahnısından da danışan Heydər Əliyev bu mahnının onu çox təsirləndirdiyini bildirdi.
Sitat: “Mən ümumiyyətlə, hissiyyatlı adamam, musiqi, mahnılar məni həmişə həyəcanlandırır. Lakin o zaman ki, bu mahnını ifa edirlər, mən özümü xoşbəxt sanıram. Vaxtilə Müslüm Maqomayev bu mahnının mənə ithaf olunduğunu demişdi. Lakin mən bununla razılaşmamışdım, indi isə qəbul edirəm. Mən bu mahnını sevirəm, o, məni çox həyəcanlandırır, çünki mahnıda deyilir ki, Azərbaycan həyatımın mənasıdır. Azərbaycan həqiqətən də mənim həyatımın mənasıdır”.
Doğma vətənimizi vəsf edən bu möhtəşəm mahnı Heydər Əliyevin 70-ci illərdə Azərbaycana rəhbərlik etdiyi vaxtlarda yaranıb. Ulu Öndər həmin dövrdə respublikamızı tanıtmaq, Azərbaycan incəsənətini təbliğ etmək üçün mümkün olan hər şeyi edirdi.

X X X

Bu gün Azərbaycanla dünyanın ən böyük və qüdrətli ölkələrindən biri olan Çin arasında sıx əməkdaşlıq və dostluq münasibətləri mövcuddur. Bu münasibətlərin əsası 1990-cı illərdə Ulu Öndər tərəfindən qoyulub. Hakimiyyətə qayıdışından sonra onun ilk səfər etdiyi ölkələrdən biri məhz Çin Xalq Respublikası (ÇXR) olub.
1996-cı il sentyabrın 30-da Heydər Əliyev ÇXR-in 47-ci ildönümü münasibətilə Bakıda təşkil olunan tədbirdə şəxsən iştirak etdi. Çıxışında Çinin Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəyə çatmasında qarşılıqlı səfərlərin, görüşlərin əhəmiyyətini vurğuladı. Ərazi bütövlüyü məsələsində Çinin Azərbaycanın yanında olmasını yüksək qiymətləndirdi və ölkələrimiz arasında münasibətlərin daha da dərinləşəcəyinə əminliyini ifadə etdi.
Sitat: “Biz münasibətlərimizi bundan sonra da möhkəmlədəcək və inkişaf etdirəcəyik. Biz qəti əminik ki, böyük imkanlar var və onlardan əməkdaşlığımızın inkişaf etməsi və genişlənməsi üçün istifadə etmək olar. Bizim üçün çox əhəmiyyətlidir ki, Çin dövlətlərarası münasibətlərin beynəlxalq aləmdə qəbul olunmuş prinsiplərini, o cümlədən bir-birinin işlərinə qarışmamaq prinsipini, ərazi bütövlüyü prinsipini, dövlət suverenliyi prinsipini daim bəyan edir. Çinlə əməkdaşlığımız, Çinlə münasibətlərimiz bu prinsiplərin sarsılmazlığına əsaslanır…
Çin həm müstəqil daxili, həm də müstəqil xarici siyasət yeridir. Müstəqil bir dövlət kimi Azərbaycan məhz belə bir mövqedə durur ki, hər bir xalq, hər bir dövlət öz məsələlərini başqa dövlətlərdən asılı olmayaraq, müstəqil surətdə həll etsin və xalqın özünün, dövlətin özünün müəyyənləşdirdiyi yolla getsin”.
Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan-Çin münasibətləri daha da dərinləşib və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Ölkəmiz “Bir kəmər, bir yol” təşəbbüsündə yaxından iştirak edir. Təsadüfi deyil ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidentini Çinin böyük dostu adlandırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts