Xalqa bağışlanmış ömürdən anlar: 1996-cı ilin noyabrı

Tokio, 27 yanvar , /AJMEDIA/

AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

XXX

3 noyabr – Prezident Heydər Əliyev Finlandiyanın xarici işlər naziri ilə görüşdü.
6 noyabr – Bakıda keçirilən Türk Dünyası Yazıçılarının III qurultayı və TÜRKSOY-un VIII toplantısında nitq söylədi.
8 noyabr – Məhəmməd Füzulinin 500 illik yubileyinə həsr olunan tədbirdə çıxış etdi.
UNESCO-nun Baş direktorunu qəbul etdi.
13 noyabr – ABŞ dövlət katibinin yeni müstəqil dövlətlər üzrə xüsusi müşaviri ilə görüşdü.
14 noyabr – Almaniya XİN-in Cənubi, Orta Avropa və MDB məsələləri üzrə siyasi direktoru ilə danışıqlar apardı.
19 noyabr – ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçi qəbul etdi.
25 noyabr – İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşdü.
27 noyabr – Nazirlər Kabinetinin geniş iclasında nitq söylədi.
Cənubi Koreyanın “DEU” korporasiyasının prezidentini qəbul etdi.
30 noyabr – ATƏT-in sammitində iştirak etmək üçün Lissabona yola düşdü.

X X X

Türk dövlətlərinin birlik və həmrəyliyini vacib hesab edən Heydər Əliyev Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) gələcəyinə, təşkilatın fəaliyyətinin səmərə verəcəyinə inanırdı. 1996-cı il noyabrın 6-da TÜRKSOY-un Bakıda keçirilən VIII toplantısında çıxışı zamanı söylədiyi fikirlər bu günümüzlə də həmahəng səslənir. Çıxışında türkdilli dövlətlər üçün yeni dövrün başlandığını qeyd edən Ulu Öndər əlaqələrin genişləndirilməsində mədəniyyətin rolunu xüsusi vurğuladı, eyni gündə iki mühüm hadisənin -Türk Dünyası Yazıçılarının III qurultayı və TÜRKSOY-un VIII toplantısının keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirdi. Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq əlaqələrindən danışaraq, türk dövlətlərinin müstəqillik əldə etməsinin birliyə vəsilə olduğunu qeyd etdi. Daşkənd Bəyannaməsinə istinad edərək dedi ki, türkdilli xalqların tarixi, mədəniyyəti ilə bağlı mühüm hadisələrin, korifeylərin yubiley mərasimlərinin birlikdə keçirilməsi vacibdir. Əsas məqsəd isə bütün sahələrdə əlaqələri inkişaf etdirməkdir.
Sitat: “Türkdilli dövlət başçılarının görüşlərinin əsas məqsədi iqtisadi əməkdaşlığı inkişaf etdirməkdən, ölkələrimiz arasında olan bütün başqa əlaqələri genişləndirməkdən ibarətdir. Biz bəyan edirik ki, bizim bu görüşlərimiz siyasi xarakter daşımır. Eləcə də TÜRKSOY təşkilatı siyasi xarakter daşımır. Eyni zamanda, biz ölkələrimizin həyatı ilə əlaqədar olan ictimai-siyasi məsələlərə də biganə qala bilmirik. Ancaq bir daha deyirəm, bizim fəaliyyətimizin əsas istiqaməti iqtisadiyyat, elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığı genişləndirməkdən ibarətdir. Bu baxımdan bizim üçün, yəni dövlət başçıları üçün TÜRKSOY təşkilatının fəaliyyəti çox böyük əhəmiyyət kəsb edir. Daşkənd Bəyannaməsində öz əksini tapmış qərarların əksəriyyəti elmə, mədəniyyətə, təhsilə aiddir…
TÜRKSOY bu işi görür və indiyə qədər, qısa müddətdə – üç il ərzində toplanmış təcrübə sübut edir ki, bu təşkilat bundan sonra da çox səmərəli fəaliyyət göstərə bilər və ölkələrimiz, xalqlarımız üçün daha çox iş görə bilər. Bu da ondan ibarətdir ki, xalqlarımızın əlaqələrini bir-biri ilə daha da sıx bağlasın. Mədəniyyət, ədəbiyyat vasitəsilə bu əlaqələri daha da genişləndirmək xalqlarımız üçün çox lazımdır, zəruridir”.
Heydər Əliyev hesab edirdi ki, Azərbaycanın inkişaf yolu islahatlardan keçir. İqtisadi sahəni yeniləşdirmədən, köhnə üsul-idarədən xilas olmadan iqtisadiyyatı dirçəltmək və əhalinin sosial rifah halını yaxşılaşdırmaq mümkünsüzdür. Ümummilli Lider bazar iqtisadiyyatına keçid mərhələsində mövcud nöqsan və problemlərin mümkün qədər qısa müddətdə aradan qaldırılmasına çalışırdı. Onun səyləri nəticəsində 1996-cı ilin iyulunda keçmiş SSRİ məkanında ilk dəfə Azərbaycan “Torpaq haqqında” qanun qəbul etdi. Bu cəsarətli addım hətta bütün dünyada əks-səda doğurdu.
1996-cı il noyabrın 27-də Nazirlər Kabinetinin geniş iclasında Heydər Əliyev islahatların gedişini hərtərəfli təhlil edərək gələcək istiqamətləri müəyyənləşdirdi. Əldə olunmuş təcrübəyə əsaslanaraq bir daha vurğuladı ki, özəlləşdirmə, iqtisadi islahatlar, o cümlədən torpaq islahatı ölkənin inkişafına təkan verəcək. Bu baxımdan Nazirlər Kabineti öz işini köklü surətdə yaxşılaşdırmalı, fəaliyyətini müasir dövrün tələblərinə uyğunlaşdırmalıdır.
Sitat: “Son üç ilin təcrübəsi onu göstərir ki, Nazirlər Kabinetinin işi yaxşı qurulsa, biz iqtisadiyyatda çox şeylər əldə edə bilərik. Əgər biz bütün obyektiv səbəblərlə yanaşı, iqtisadiyyatda bir çox məsələləri həll edə, vəzifələri yerinə yetirə bilməmişiksə və bəzi nöqsanları, gerilikləri aradan qaldıra bilməmişiksə, bunun əsas səbəblərindən biri də Nazirlər Kabinetinin işində olan zəiflik, buraxılan qüsurlar və xüsusən Nazirlər Kabinetinin rəhbərliyinin işi indiyədək lazımi səviyyədə təşkil edə bilməməsidir.
Azərbaycanın düzgün yolda olduğuna əminliyini bildirən Heydər Əliyev dedi ki, bu yol iqtisadi islahatları ardıcıl surətdə həyata keçirmək, özəlləşdirməni sürətləndirməkdir: “Bilirsiniz, ilin əvvəlində bəziləri qışqırırdılar: özəlləşdirmə aparılmasa biz batacağıq. Şübhəsiz ki, özəlləşdirmə iqtisadi islahatların böyük bir hissəsidir. Ancaq bəzi adamlar belə hesab edirlər ki, biz elə özəlləşdirmə aparmaqla bütün iqtisadiyyat sahəsində hər şeyi əldə edəcəyik. Bu, yanlış bir fikirdir”.
Heydər Əliyevin xüsusi önəm verdiyi məsələlərdən biri də milli mədəniyyətimizin təbliği, korifeylərin yubileylərinin təkcə ölkə daxilində deyil, həmçinin xaricdə qeyd olunması idi. 1996-cı il noyabrın 8-də Məhəmməd Füzulinin 500 illik yubileyi münasibətilə keçirilən tədbirdə söylədiyi fikirlər Ümummilli Liderin Azərbaycan mədəniyyətinə necə böyük dəyər verdiyi, mədəni irsimizin təbliği istiqamətində görülən işlər haqqında aydın təsəvvür yaradır. Ulu Öndər çıxışında Füzulinin yubileyinin dünyanın bir çox ölkələrində qeyd edilməsinin, həmçinin UNESCO-nun Baş direktoru Federiko Mayorun yubiley tədbirində iştirakını mühüm hadisə adlandırdı.

X X X

Heydər Əliyevin Məhəmməd Füzulinin 500 illik yubileyi münasibətilə keçirilən tədbirdəki nitqindən

*Məhəmməd Füzuli Azərbaycan xalqının böyük şairi, alimi, filosofu olaraq, eyni zamanda bütün türkdilli, türksoylu xalqlara, bütün türk, İslam dünyasına mənsubdur. Məhəmməd Füzulinin yaradıcılığı, əsərləri, onun irsi dünya mədəniyyətinə böyük töhfələr verib, dünya mədəniyyətini zənginləşdirib. Məhəmməd Füzuli 40 illik yaradıcılıq dövründə 500 il daim yaşayan böyük əsərlər yaradıb. O, Azərbaycan şerinin, Şərq şerinin ən yüksək zirvəsinə çatmışdır və onun yaratdığı şerlər, onun poeziyası, poemaları, qəzəlləri, qəsidələri, rübailəri 500 ildir insanlara böyük mənəvi ruh verir.

*Məhəmməd Füzulinin əsərlərində insanların sevgisi, məhəbbəti, eşqi, insanın insana münasibəti, sədaqəti, etibarlığı vəsf, tərənnüm edilib. Məhəmməd Füzuli bütün əsərlərində insanları sədaqətə, etibarlılığa, ataya-anaya, Vətənə, torpağa, eşqə, məhəbbətə, öz ülvi duyğularına sədaqətə dəvət edib – bunların hamısı 500 il bundan əvvəl olduğu kimi, bu gün də insanlar üçün ən vacib, lazım olan yüksək mənəvi keyfiyyətlərdir. Məhəmməd Füzuli öz dövrünün həyatını əks etdirərək, öz mühitindən qida alaraq yaratdığı əsərləri uzaq gələcəyə istiqamətləndirib. Ona görə də Füzulinin əsərləri 500 ildir ki, yaşayır və bundan sonra da yüz illərlə, min illərlə yaşayacaq.
*Məhəmməd Füzuli o dövrdə hakim olan ərəb və fars dillərində yazıb. Ancaq bizim üçün ən əhəmiyyətli cəhət bundan ibarətdir ki, Məhəmməd Füzuli əsərlərinin çox hissəsini türk dilində, bugünkü Azərbaycan dilində yazıb. Bu, Məhəmməd Füzulini ondan əvvəl və sonra yaşamış, yaratmış və xalqımıza məxsus olan bir sıra şairlərdən, alimlərdən fərqləndirən amildir.
*Məhəmməd Füzulinin əsərlərindən irəli gələn ideyalar xalqımızın, digər türkdilli xalqların, İslam dünyasına mənsub xalqların mədəniyyətində, ədəbiyyatında yeni-yeni böyük əsərlərin yaranmasına səbəb olub.
*Məhəmməd Füzuli yaradıcılığı xalqımızın milli azadlıq uğrunda mübarizəsində, yeni dövlət quruculuğu prosesində, ölkəmizdə demokratik, hüquqi dövlət qurulması prosesində bizə kömək edən ən böyük amillərdən biridir. Biz fəxr edirik ki, xalqımız belə qədim, zəngin mədəniyyətə malikdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts