Xalqa bağışlanmış ömürdən anlar: 1996-cı ilin mayı

Tokio, 16 yanvar , /AJMEDIA/

AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

XXX

4 may – Ulu Öndər Heydər Əliyev Prezident Aparatı və Nazirlər Kabinetinin rəhbər işçilərinin birgə iclasını keçirdi.
5 may – Şuşa şəhəri və Laçın rayonundan olan bir qrup məcburi köçkünlə görüşdü.
9 may – Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun məzarını və Şəhidlər xiyabanını ziyarət etdi.
12-13 may – İranda səfərdə oldu. Səfər zamanı İran, Gürcüstan, Ermənistan və Pakistanın dövlət rəhbərləri ilə danışıqlar apardı.
14 may – İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının Aşqabadda keçirilən IV Zirvə toplantısında iştirak etdi. Aşqabada səfəri çərçivəsində Türkiyə, İran, Türkmənistan, Qazaxıstan və Qırğızıstan prezidentləri ilə görüşdü.
16-17 may – Moskvada səfərdə oldu, Rusiyanın dövlət rəhbərləri ilə danışıqlar apardı.
26 may – Respublika günü münasibətilə keçirilən tədbirdə nitq söylədi.

X X X

Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illər dövlətçiliyimizin möhkəmlənməsi, ölkəmizin iqtisadi yüksəliş yoluna qədəm qoyması ilə səciyyəvidir. Ümummilli Lider müstəqilliyini yenicə bərpa etmiş və bununla eyni vaxtda Ermənistanın təcavüzünə məruz qalmış Azərbaycanı dirçəltmək üçün davamlı iş aparırdı. Gələcəyə yol islahatlardan keçirdi. Qarşıda duran bu və digər vəzifələr 1996-cı il mayın 4-də Nazirlər Kabineti və Prezident Aparatının rəhbər işçilərinin birgə iclasında geniş müzakirə olundu.
İclasdakı çıxışında dövlət quruculuğu və islahatlar prosesinin sürətləndirilməsinin vacibliyinə diqqəti çəkən Ulu Öndər Prezident Aparatı və Nazirlər Kabinetini köhnə üsullarla işləməkdən, bürokratiyadan əl çəkməyə, yeni qaydalarla işləməyə çağırdı. Bu kontekstdə bazar iqtisadiyyatına keçidi, xüsusən özəlləşdirmə prosesini sürətləndirilməyin zəruri olduğunu vurğuladı. Azərbaycanın böyük iqtisadi potensialı olduğunu qeyd edərək bildirdi ki, bu potensialı yalnız iqtisadi islahatlar yolu ilə işə salmaq mümkündür.
Sitat: “İqtisadi islahatları həyata keçirib Azərbaycanda bazar iqtisadiyyatını bərqərar etsək və onun normal fəaliyyəti üçün lazım olan şəraiti, qanun-qaydaları yarada bilsək, hesab edirəm ki, Azərbaycanın iqtisadiyyatında qısa müddətdə böyük dəyişikliklər olacaqdır”.
Həmin dövrdə Azərbaycanın bir nömrəli problemi torpaqlarımızın Ermənistan tərəfindən işğalı idi. İşğala son qoymaq, məcburi köçkünləri doğma yurdlarına qaytarmaq Heydər Əliyevin yürütdüyü daxili və xarici siyasətin ana xəttini təşkil edirdi. Ulu Öndər hesab edirdi ki, buna nail olmaq üçün ölkəmizi iqtisadi, siyasi və hərbi cəhətdən gücləndirməklə yanaşı, keçmişin dərslərindən nəticə çıxarmaq lazımdır.
Bu baxımdan, Heydər Əliyevin 1996-cı il mayın 6-da Şuşa şəhərindən və Laçın rayonundan olan məcburi köçkünlərlə görüşündə səsləndirdiyi fikirlər diqqət çəkir. O, görüşdəki çıxışında bir daha vurğuladı ki, Qarabağ kimi, Qərbi Zəngəzur da Azərbaycanın tarixi torpaqlarıdır.
Sitat: “Biz azərbaycanlılar, Azərbaycan xalqı başqalarının torpağına göz dikməmişik. Baxmayaraq ki, keçmiş dövrlərdə Azərbaycanın torpaqlarının bir qismi cürbəcür hadisələr nəticəsində başqa əllərə keçibdir, o cümlədən indi Ermənistanın sərhədlərinin içərisində olan torpaqların bir hissəsi də dövri-qədimdən Azərbaycan torpağı, Azərbaycan diyarı olubdur: Göyçə mahalı da, Zəngəzur mahalı da, başqaları da”.
Xalqımızın əsrlər boyu qəlbində yaşatdığı müstəqillik arzularını 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti reallaşdırdı. Cümhuriyyət qurucularının fəaliyyətini, gördükləri işləri yüksək qiymətləndirən Ulu Öndər cümhuriyyətin dərslərindən də nəticə çıxarmağı tövsiyə edirdi.
1996-cı il mayın 26-da Respublika günü münasibətilə keçirilən tədbirdə çıxış edən Heydər Əliyev tarixə bir daha nəzər saldı. Azərbaycan Xalq Cümhuriyyətinin çox çətin, ziddiyyətli dövrdə yarandığını qeyd edən Ümummilli Lider cümhuriyyətin tarixi əhəmiyyətindən danışdı. Dövlət müstəqilliyini tarixi nailiyyət adlandıraraq bildirdi ki, xalqımızın milli azadlıq ideyaları sonrakı dövrlərdə qəlbində yaşatması əsrin sonunda dövlət müstəqilliyinin bərpasına gətirib çıxardı: “Əgər XX əsrin əvvəlində xalqımız milli azadlıq, dövlət müstəqilliyi yolunda ilk dəfə böyük bir addım atıbsa, XX əsrin sonunda milli azadlığa, dövlət müstəqilliyinə tam nail olub”.

X X X

Heydər Əliyevin Respublika günü münasibətilə keçirilən tədbirdəki nitqindən

*Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır.
*1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Cümhuriyyəti də bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir. Ondan sonrakı illər, onilliklər də həyatımızın böyük mərhələləridir, parlaq səhifələridir, xalqımızın böyük nailiyyətləridir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, elmi, intellektual, həm də mədəni potensialını yaradıb.
*Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir. Eyni zamanda bu, XX əsrin əvvəlindən sonunadək xalqımızın qəlbində yaşayan hissiyyatların, xalqımızın içində gedən proseslərin məntiqi nəticəsidir. Dövlət müstəqilliyi bizim əziz nemətimizdir.
*Beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzu getdikcə artır. Biz beynəlxalq təşkilatlarda sözümüzü açıq-aydın, ürəklə deyir, istədiyimiz fikirləri irəli sürür, təkliflərimizi veririk. Dünyanın bir çox dövlətləri ilə, o cümlədən böyük, iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərlə qarşılıqlı surətdə faydalı əlaqələr qurmuşuq və bunlar bizə səmərələr gətirir, eyni zamanda beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu daha da yüksəklərə qaldırır. Bunlar hamısı Azərbaycanın dövlət müstəqilliyinin nailiyyətləridir.
*Azərbaycanın gəncləri, gənc nəsli, Milli Ordusu, bu orduda xidmət edən gənclər ölkəmizin bu günü və gələcəyi haqqında daim düşünməlidirlər, xalqımıza, Vətənimizə, millətimizə sədaqətlə xidmət etməlidirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts