Xalqa bağışlanmış ömürdən anlar: 1995-ci ilin sentyabrı

Tokio, 27 dekabr , /AJMEDIA/

AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

5 sentyabr. Prezident Heydər Əliyev Respublikanın müdafiə qüdrətinin möhkəmlənməsi məsələlərinə həsr olunmuş müşavirə keçirdi.
8 sentyabr. Moldova ilə Azərbaycan arasında yaxın 5 il müddətində ticarət-iqtisadi əməkdaşlığın prinsipləri haqqında sənədlərin imzalanması mərasimində iştirak etdi.
9 sentyabr. 1992-ci il oktyabrın 16-da ona “Səs” qəzeti vasitəsilə müraciət etmiş Azərbaycan ziyalıları ilə görüşdü.
12 sentyabr. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri ilə görüş keçirdi.
13 sentyabr. Azərbaycan Yazıçılar Birliyinin sədri Anarı, birliyin üzvləri Bəxtiyar Vahabzadəni və Zəlimxan Yaqubu qəbul etdi.
14 sentyabr. Azərbaycan Respublikası ilə Ümumdünya Bankı arasında sənədlərin imzalanması mərasimində nitq söylədi.
17 sentyabr. Respublika kimya sənayesinin işçiləri ilə görüş keçirdi.
18 sentyabr. Bakıda ikinci Protez-Ortopedik Mərkəzin açılışında iştirak etdi.
Beynəlxalq Valyuta Fondunun nümayəndələrini qəbul etdi.
Dahi bəstəkar Üzeyir Hacıbəyovun 110 illik yubiley tədbirində nitq söylədi.
20 sentyabr. “Hər şey insan üçün” birinci Azərbaycan Beynəlxalq Ticarət Sərginin açılış mərasimində çıxış etdi.
Azərbaycan neft-qaz sənayesi kollektivlərinin nümayəndələri ilə görüşdü.
Musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti Rauf Hacıyevlə vida mərasimində iştirak etdi.
22 sentyabr. Qaçqınların və məcburi köçkünlərin vəziyyəti ilə əlaqədar müşavirə keçirdi.

X X X

Ötən əsrin 90-cı illərinin əvvəlində ölkəmizdə yaranmış dərin sosial-iqtisadi böhran, xaos və anarxiya Azərbaycanı böyük təhlükələrlə üz-üzə qoymuşdu. Həmin vaxt ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışırdı. Belə bir ağır vaxtda xalqın taleyinə biganə qala bilməyən ziyalılar, sadə zəhmət adamları başa düşürdülər ki, Azərbaycanı düçar olduğu vəziyyətdən yalnız Heydər Əliyev xilas edə bilər. Bu məqsədlə bir qrup ziyalı 1992-ci il oktyabrın 16-da “Səs” qəzetində “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciət ünvanladı. Onlar Ulu Öndərin rəhbərliyi altında yeni bir siyasi partiyanın yaradılması barədə təşəbbüs irəli sürdülər.
1995-ci il sentyabrın 9-da Heydər Əliyev ona “Səs” qəzeti vasitəsilə müraciət etmiş həmin ziyalılarla görüşdü. Ulu Öndər görüşdəki çıxışında ölkəmizin həyatında baş verənləri dərindən təhlil etdi, o vaxt cərəyan edən hadisələrdən sarsıldığını, xalqın taleyinə biganə qala bilmədiyini dilə gətirdi.
Sitat: “Azərbaycanın iqtisadi və sosial vəziyyətinin indiyədək istənilən səviyyəyə qaldırılmamasının əsas səbəblərindən biri də respublikamızın daxilində gedən bu proseslərdir. Həmin müraciətdə ziyalılar yazırdılar: “Hakimiyyətdə olan qüvvələr deyirlər ki, ordu da, polis də bizim əlimizdədir, biz hakimiyyəti nə olur-olsun əldən verməyəcəyik”. Bəs ordu, polis, bir sözlə, hər şey onların ixtiyarında olduğu halda nə üçün 93-cü ilin may-iyun aylarında Azərbaycanda vətəndaş müharibəsi baş vermişdir? Bəli, vətəndaş müharibəsi! Bax, sizin o müraciətiniz həyəcan təbili idi. Mən də öz cavabımda yazmışam ki, Azərbaycanı parçalamaq meyilləri var. Mən bunu hələ oktyabr ayında göndərdiyim cavabımda yazmışdım. Əlbəttə, o vaxt nə mən, nə də siz bunu havadan götürməmişdik. Siz bu sözləri bir ziyalı kimi yazırdınız. Reallığa söykənərək yazırdınız. Həqiqətdə də belə oldu. 93-cü ilin may-iyun aylarında burada vətəndaş müharibəsi başladı, Azərbaycanı parçalamaq niyyəti reallaşdı. Azərbaycan parçalandı, cənub zonası əldən getdi, Gəncə Azərbaycanın dövlət hakimiyyətindən tamamilə çıxdı”.
Müstəqil dövlətin qurulması, möhkəmləndirilməsi, onun uzunmüddətli inkişafına yönələn zəruri tədbirlərin həyata keçirilməsi ilə yanaşı, Ulu Öndər, eyni zamanda, əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrindən olan əlillərin mənafelərinin qorunmasını, onların sosial rifahının təmin olunmasını mühüm vəzifələrdən biri kimi müəyyən etmişdi. 1995-ci il sentyabrın 18-də Bakıda ikinci Protez-Ortopedik Mərkəzinin açılması bu istiqamətdə daha bir mühüm addım oldu. Bununla bağlı keçirilən tədbirdə çıxışı zamanı Heydər Əliyev bildirdi ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin açdığı Protez-Ortopedik Mərkəz Ermənistanın təcavüzü nəticəsində əlil, şikəst olmuş adamların sağalması, əmək fəaliyyətinə qayıtması üçün çox faydalı olacaq.
Dahi lider Heydər Əliyev Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi illərdə sosial-iqtisadi, müdafiə məsələləri ilə yanaşı, milli mədəniyyətdən də diqqət və qayğısını əsirgəmirdi. Həmin illərdə Azərbaycan mədəniyyəti dərin böhran keçirirdi. Heydər Əliyev millətin taleyi üçün misilsiz əhəmiyyət daşıyan mədəniyyətimizi məhv olmaq təhlükəsindən qurtardı.
1995-ci il sentyabrın 18-də dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun anadan olmasının 110 illiyinə həsr olunmuş təntənəli yubiley tədbirində çıxışı zamanı Ulu Öndər dahi bəstəkarın yaradıcılığı fonunda xalqımızın dünya mədəniyyətinə verdiyi töhfələrdən danışdı.
Sitat: “Bizim çoxəsrlik ədəbiyyatımız var – Nizami, Xaqani, Füzuli, Nəsimi, Vaqif və bunlardan sonra gələn dahilər. Bizim qədim memarlıq abidələrimiz var. Bizim qədim rəssamlıq sənəti nümunələrimiz var. Azərbaycan xalqı dünya
sivilizasiyası xəzinəsinə böyük töhfələr vermişdir. Bunların içərisində ən görkəmli yer tutan, dünyada məşhurlaşmış, dünyanın hər yerinə yayılmış musiqi əsərlərini yaradan və Azərbaycanın çoxəsrlik musiqisini sistemləşdirən, formalaşdıran və dünyaya təqdim edən Üzeyir Hacıbəyov olmuşdur. Üzeyir Hacıbəyov ömrünün son gününə qədər həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin inkişafına, insanların təhsillənməsinə, maariflənməsinə həsr etmişdir. O həm yazıçı, publisist, həm də alim, maarifçi, filosof, ictimai-siyasi xadim olmuş, dövlət işlərində fəal iştirak etmişdir.
Üzeyir Hacıbəyovun yaşadığı hər gün bizim üçün qiymətlidir. Üzeyir Hacıbəyovun yazdığı hər bir əsər, hər bir not vərəqi bizim üçün qiymətlidir. Üzeyir Hacıbəyovun ictimai-siyasi fəaliyyəti əvvəldən axıra qədər bizim üçün qiymətlidir. Çünki bunlar hamısı Azərbaycan xalqının dirçəlməsinə, mədəniyyətinin inkişaf etməsinə, xalqımızın özünü tanımasına xidmət edibdir. Bu xidmətlər heç vaxt unudula bilməz. Bu xidmətlər əvəzsizdir”.
Ulu Öndər hakimiyyətə qayıdarkən elan etmişdi ki, Azərbaycan azad iqtisadiyyat yolu seçib. O, 1995-ci il sentyabrın 20-də Bakıda keçirilən “Hər şey insan üçün” birinci Azərbaycan Beynəlxalq Ticarət sərgisinin rəsmi açılışı mərasimində çıxış edərkən bunu bir daha vurğulayaraq xarici şirkətləri Azərbaycanla əməkdaşlığa çağırdı: “Mən bu gün burada bir daha bəyan edirəm ki, Azərbaycan öz iqtisadiyyatını sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə aparır və daim aparacaqdır. Bu yolu şərəflə, müvəffəqiyyətlə keçmək üçün biz xarici ölkələrin şirkətləri ilə sıx əməkdaşlıq etmək istəyirik və mən onları bu əməkdaşlığa dəvət edirəm. Bir daha elan edirəm ki, xarici şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi üçün bütün şərait yaradılacaq və onların əməli fəaliyyətdə qarşılaşdıqları maneələr də aradan götürüləcəkdir”.
Həmin gün Azərbaycan neft-qaz sənayesi kollektivlərinin nümayəndələri ilə görüşü zamanı Heydər Əliyev bazar iqtisadiyyatının və islahatların alternativi olmadığını bir daha diqqətə çatdıraraq bildirdi ki, məqsəd mülkiyyət formasının tədricən dəyişdirilməsi, bazar iqtisadiyyatı yolu ilə gedilməsi, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatı ilə daha da sıx inteqrasiya olunması və xarici şirkətlərin Azərbaycana sərmayə qoyması, onların vasitəsilə Azərbaycan iqtisadiyyatının canlandırılması və hərəkətə gətirilməsidir.

Heydər Əliyevin neft-qaz sənayesi kollektivlərinin nümayəndələri ilə görüşündəki nitqindən

• Neft sənayesində bizim vəziyyətimiz başqa sahələrə nisbətən, demək olar ki, yaxşıdır. Baxmayaraq ki, problemlər çoxdur, – ağır vəziyyət haqqında burada nə qədər danışıldı, – ancaq sənayemizin bütün başqa sahələrinə nisbətən neft sənayesinin vəziyyəti fərqlidir. Fərqlidir ona görə ki, biz neft çıxarırıq, fərqlidir ona görə ki, neft emal edirik. Ölkəmizin, respublikamızın neft məhsullarına olan tələbatını tamamilə ödəyə bilərik və neftin bir hissəsini ixrac edirik. İqtisadiyyatımızın və xüsusən sənayemizin başqa sahələrində bu cəhətdən imkanlarımız çox məhduddur. Ancaq, eyni zamanda, biz neft sənayesinin potensialının hamısından istifadə edə bilmirik.

• Bir də deyirəm: bizim yolumuz mülkiyyətin formasını dəyişdirməkdir, bazar iqtisadiyyatını inkişaf etdirməkdir. Ancaq oğurluqla yox, quldurluqla yox, ayrı-ayrı adamların qeyri-qanuni yollarla bu işləri ələ keçirməsi ilə yox, qanuni yolla, qanun çərçivəsində, bir də sosial ədaləti unutmadan, onun prinsiplərini saxlayaraq inkişaf etdirməkdir.
• Mən Azərbaycan neftçilərinin fəaliyyətini həmişə yüksək qiymətləndirmişəm və qiymətləndirirəm. Neftçilər Azərbaycan tarixində əvəzsiz xidmətlər göstərmişlər, əsrin əvvəlindən indiyədək Azərbaycanın şanını-şöhrətini qaldırmışlar. Respublikanın bütün iqtisadiyyatının inkişafı neft sənayesi ilə bağlıdır. Demək, Azərbaycan neftçilərinin əməyi ilə bağlıdır.
• Nəhayət, bu gün iqtisadiyyatdan söhbət getdiyinə görə mən bir də bildirmək istəyirəm ki, iqtisadiyyatımızın bu ağır vəziyyətdən çıxması yolu iqtisadiyyatda islahatların aparılmasıdır, özəlləşdirmə proqramının həyata keçirilməsidir, bütün islahatların keçirilməsidir və mülkiyyətin formasının dəyişdirilməsidir. Bunun üçün bütün sahələrdə, o cümlədən neft və qaz sahəsində də ciddi işlər görülməlidir. Ancaq bu işlər qanun çərçivəsində, proqramımız çərçivəsində aparılmalıdır. Bu işləri görərkən heç kəs nə vəzifəsindən, nə də imkanlarından sui-istifadə etməməlidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts