Xalqa bağışlanmış ömürdən anlar: 1995-ci ilin oktyabrı

Tokio, 28 dekabr , /AJMEDIA/

AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

3 oktyabr. Prezident Heydər Əliyev Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında çıxış etdi.
6 oktyabr. BMT-nin 50 illiyinə həsr olunmuş tədbirdə nitq söylədi.
12 oktyabr. Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasını keçirdi.
13 oktyabr. Xalq şairi Bəxtiyar Vahabzadənin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak etdi.
14 oktyabr. Konstitusiya layihəsini hazırlayan komissiyanın növbəti iclasını keçirdi.
Mustafa Topçubaşovun 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə nitq söylədi.
16 oktyabr. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri ilə görüşdü.
18 oktyabr. Hərbi xidmətdən yayınmış, fərarilik etmiş və digər cinayətlər törətmiş şəxslərin valideynləri ilə görüşdə çıxış etdi.
20-25 oktyabr. Birləşmiş Millətlər Təşkilatının 50 illiyi ilə əlaqədar Nyu-York şəhərində səfərdə oldu.
28 oktyabr. Türkiyə Respublikasının 72-ci ildönümü münasibəti ilə keçirilən rəsmi qəbulda nitq söylədi.
29 oktyabr. Bakı metropolitenində baş vermiş faciə ilə əlaqədar Milli televiziya və radio ilə xalqa müraciət etdi.
Bakı metrosundakı faciəli hadisə ilə bağlı müşavirə keçirdi.
31 oktyabr. Yeni Konstitusiya layihəsində dövlət dili haqqında maddənin Elmlər Akademiyasında keçirilən müzakirəsində çıxış etdi.

X X X

Ulu Öndər müstəqil Azərbaycanın yeni konstitusiyasının layihəsinin hazırlanmasına xüsusi önəm verirdi. Xronologiyadan göründüyü kimi, 1995-ci ilin oktyabrı bu baxımından intensivliyi ilə fərqlənir. Oktyabrın 3-də və 12-14-də Konstitusiya layihəsini hazırlayan komissiyanın iclaslarını keçirdi, oktyabrın 31-də Yeni Konstitusiya layihəsində dövlət dili haqqında maddənin Elmlər Akademiyasında keçirilən müzakirəsində çıxış etdi. Heydər Əliyev iclaslardakı çıxışlarında layihə üzərində aparılan işləri diqqətə çatdırır, müstəqil Azərbaycan dövlətinin ilk konstitusiyasının mükəmməl sənəd olmasının, insan hüquq və azadlıqlarının Əsas Qanunda bütün dəqiqliyi ilə təsbit edilməsinin vacibliyini vurğulayırdı. Hesab edirdi ki, layihədəki müvafiq müddəalar, habelə vətəndaşların vəzifələri barədə maddələr bir daha dəqiqləşdirilməli və təkmilləşdirilməlidir.
Heydər Əliyevin prioritet hesab etdiyi digər məsələ insanların sağlamlığı, Azərbaycan səhiyyəsinin, o cümlədən tibb elminin və tibb təhsili strukturlarının dinamik inkişafı, müasir standartlara uyğunlaşdırılması idi. Oktyabrın 14-də görkəmli alim və cərrah Mustafa bəy Topçubaşovun anadan olmasının 100 illiyi yubileyinə həsr olunmuş tədbirdə çıxış edən Ulu Öndər diqqəti qarşıdakı hədəflərə yönəltməklə yanaşı, bu yubileyi Azərbaycan elminin, təhsilinin, səhiyyəsinin, mədəniyyətinin bayramı kimi dəyərləndirdi. Xalqımızın XX əsrdə bir çox mərhələlərdən, sınaqlardan keçdiyini, nəhayət,
öz milli azadlığına, dövlət müstəqilliyinə nail olduğunu vurğuladı. Bütün bu mərhələlərdə Azərbaycan xalqını yaşadan, irəliyə aparan, xalqımıza güc, ruh verən görkəmli şəxsiyyətlərin, böyük alimlərin xidmətlərini yüksək qiymətləndirdi.
Ulu Öndərin dövlətçilik fəaliyyətində yüksək tələbkarlıq və prinsipiallıqla yanaşı, humanistlik də xüsusi yer tuturdu. “Dövlət müstəqilliyi Günü münasibətilə bağışlanma haqqında” 1995-ci il 18 oktyabr tarixli fərmanı bunun bariz nümunələrindən biri idi. Həmin fərmanla hərbi xidmətdən yayınmış, fərarilik etmiş və digər hərbi cinayətlər törətmiş şəxslər əfv olunmuşdu. Heydər Əliyev bu fərmanı onların valideynləri qarşısında imzaladı və çıxışında Azərbaycan xalqının əsrlər boyu milli azadlıq, dövlət müstəqilliyi əldə etmək uğrunda apardığı mübarizədən danışdı. Onu da qeyd etdi ki, xarici düşmənlərimizlə yanaşı, daxilimizdə xalqımıza xəyanət edən, onun bu ağır vəziyyətdən çıxmasına maneçilik törədən, düşmənlərin dəyirmanına su tökən qüvvələr də mövcud olub. Onların xalqımıza vurduğu zərər və zərbələr xarici düşmənlərin bizə vurduğu zərbələrdən heç də az deyil. Ancaq xalqımızın müdrikliyi, iradəsi bütün bunların hamısından üstün olub. Bütün bu ağırlıqlara və çətinliklərə baxmayaraq, xalqımız yaşayır, yaradır, düşmənlərə sinə gərir. Dövlət müstəqilliyimiz qorunur və ərazi bütövlüyümüzün bərpa olunması, işğal altındakı torpaqlarımızın azad olunması, doğma yurdundan qovulmuş vətəndaşlarımızın öz yerlərinə qayıtması məsələsi bizim fəaliyyətimizin mərkəzində durur və bunların həll olunması üçün çalışırıq.
Sitat: “İndi həbsdə olan 608 nəfəri – sizin övladlarınızı, gənclərimizi mən bu gün bax, bu fərmanla əfv edirəm. Mən sizin qarşınızda bu fərmanı imzalayıram. Bu bayram günü gəncləri əfv edərək mən Azərbaycanın müstəqilliyinin və bu bayramın nə qədər əziz olduğunu bir daha qeyd etmək istəyirəm. Bu bayram günündə əfv olunan hər bir kəs gərək Azərbaycan xalqına, torpağına, dövlətinə və onun müstəqilliyinə bundan sonra sədaqətlə xidmət etsin. Mən buna əminəm. Tam əmin olduğuma görə də bu sənədi imzalayıram”.
1995-ci il oktyabrın 28-də Bakı metrosunda çoxsaylı insan ölümü ilə nəticələnən faciə baş verdi. “Ulduz” və “Nərimanov” stansiyaları arasında sərnişin qatarının qəzaya uğrayaraq yanması nəticəsində 286 nəfər həlak oldu, 269 nəfər yaralandı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamı ilə ölkədə 3 günlük matəm elan edildi. Ulu Öndər bu faciə ilə əlaqədar oktyabrın 29–da milli televiziya və radio ilə xalqa müraciət edərək belə ağır günlərdə, vətəndaş həmrəyliyinə, vətəndaş birliyinə daha çox ehtiyac duyulduğunu bildirdi: “Güman edirəm ki, Azərbaycan Respublikasının hər bir vətəndaşı bu matəm günlərində respublikamızın bu günü və gələcəyi haqqında bir daha dərindən düşünmək imkanına malikdir və dərindən düşünməlidir. Hər kəs dərk etməlidir ki, Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, Azərbaycanda hüquqi demokratik dövlət qurmaq, vətəndaşlarımızın rifahını yaxşılaşdırmaq hər bir kəsin amalı olmalıdır. Hər bir kəs bu ali məqsədlərə nail olmaq üçün öz səyini göstərməlidir, öz payını verməlidir”.
Hələ sovet rejimi dövründə Azərbaycan dilinin respublika Konstitusiyasında dövlət dili kimi təsbit olunması Ulu Öndərin adı ilə bağlıdır. Heydər Əliyev xalqın milli varlığında ana dilinin yerini və əhəmiyyətini gözəl anlayırdı. Təsadüfi deyil ki, 1995-ci il oktyabrın 31-də Elmlər Akademiyasında Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsində dövlət dili haqqında maddənin geniş müzakirəsi keçirildi. Müzakirələrdə çıxış edən Heydər Əliyev xalqımızın öz tarixinin mühüm bir mərhələsini yaşadığını xatırlatdı. Respublikamızda böyük iqtisadi, ictimai-siyasi proseslərin getdiyini, bir çox mühüm məsələlərin həll olunduğunu qeyd edən Ulu Öndər dövlət quruculuğu sahəsində aparılan işlərin sırasında müstəqil Azərbaycan Respublikasının parlamentinə seçkilərin və müstəqil dövlətimizin ilk konstitusiyasının qəbul olunmasının çox böyük əhəmiyyət kəsb etdiyini vurğuladı, diqqəti dövlət dili haqqında maddənin yenidən işlənməsinin, bu məsələyə məsuliyyətlə yanaşılmasının zəruriliyinə yönəltdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts