Xalqa bağışlanmış ömürdən anlar: 1995-ci ilin noyabrı

Tokio, 29 dekabr , /AJMEDIA/

AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

2 noyabr. Prezident Heydər Əliyev Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasını keçirdi.
5 noyabr. Yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın növbəti iclası keçirildi.
9 noyabr. Milli Məclisə seçkilər üzrə Mərkəzi Seçki Komissiyasının üzvləri ilə görüşdü.
10 noyabr. Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında yekun söz söylədi.
“Gülüstan” sarayında “Qarabağ” neft strukturunda ARDNŞ ilə bir qrup xarici neft şirkəti arasında birgə iş haqqında sazişin təntənəli imzalanma mərasimində çıxış etdi.
12 noyabr. Azərbaycan Respublikasının yeni Konstitusiyası ümumxalq referendumunda qəbul olundu.
Ulu Öndər 28 saylı Səbail seçki dairəsinin 17 saylı seçki məntəqəsində səs verdikdən sonra jurnalistlərlə görüşdə bəyanatla çıxış etdi.
20 noyabr. İqtisadi məsələlərlə əlaqədar müşavirə keçirdi.
23 noyabr. Milli Məclisə yeni seçilmiş qadın deputatlarla görüşdü.
24 noyabr. Azərbaycan Respublikasının birinci çağırış Milli Məclisinin ilk iclasında nitq söylədi.
28 noyabr -2 dekabr. Böyük Britaniyada və Fransada işgüzar səfərdə oldu.

X X X

1995-ci ilin noyabrı müstəqil Azərbaycanın yeni konstitusiyasının qəbul edilməsi və Milli Məclisə seçkilərin keçirilməsi ilə əlamətdar oldu.

Ulu Öndər seçkilər və referendum ərəfəsində Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri ilə görüşdü. Görüşdəki çıxışında MSK-nın öz işində müstəqil olduğunu və seçkilərin keçirilməsinin təmin edilməsinin onun üzərinə düşdüyünü vurğulayaraq dedi ki, Azərbaycanın tarixində ilk dəfədir ki, seçkilərdə səkkiz partiya iştirak edir. Bu nailiyyəti sona çatdırmaq üçün noyabrın 12-dək və xüsusən noyabrın 12-də görüləcək işlər çox mühümdür.
Sitat: “Azərbaycanda ilk dəfədir ki, demokratik seçkilər keçirilir. Müstəqil Azərbaycan Respublikasının ilk parlamenti yaranır. Heç kəs güman etməsin və mən də belə fikirdə deyiləm ki, bu proses qüsursuz, səhvsiz, nöqsansız olacaqdır. Bu, heç də belə deyil. Güman edirəm ki, seçkiləri qurtarandan sonra da biz bu məsələni çox obyektiv təhlil edib buraxılan səhvləri, nöqsanları, qüsurları aşkar etməliyik və göstərməliyik ki, bəli, bu qüsurlar, səhvlər olub. Bunun əsasında da biz gələcəkdə cəmiyyətimizi demokratiya prinsipləri ilə formalaşdıracaq, inkişaf etdirəcək, irəliyə aparacağıq. Bax, biz bu əsaslara söykənərək beynəlxalq müşahidəçiləri ölkəmizə dəvət etmişik. Mən çox məmnunam ki, onlar gəliblər. Onların bəzi fikirlərinə, sözlərinə, yaxud verdikləri bəyanata gəldikdə isə, ola bilər ki, bunlar üst-üstə düşməsin və sizin xoşunuza gəlməsin. Bundan narahat olmayın. Onların öz fikri, sizin də öz fikriniz var”.
Ümummilli Liderin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən hazırlanmış layihə noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Elə həmin gün, həmçinin I çağırış Azərbaycan Respublikasının Milli Məclisinə də majoritar və proporsional qaydada seçkilər baş tutdu. Milli Məclisə ümumilikdə 124 deputat seçildi.
Heydər Əliyev 28 saylı Səbail seçki dairəsinin 17 saylı seçki məntəqəsində səs verdikdən sonra jurnalistlərlə görüşdə bəyanatla çıxış etdi, onların suallarını cavablandırdı. Ulu Öndər Azərbaycan Respublikasının ilk konstitusiyasının qəbul olunduğu və ümumxalq referendumunun keçirildiyi bu günü xalqımızın, müstəqil Azərbaycan Respublikasının tarixində çox əlamətdar bir gün kimi qiymətləndirdi. Qeyd etdi ki, Azərbaycan xalqı əsrlər boyu böyük mərhələlərdən keçib və nəhayət, öz dövlət müstəqilliyinə, milli azadlığına nail olub, ilk dəfədir ki, sərbəst, müstəqil surətdə, heç bir mərkəzdən, heç bir dairədən asılı olmayaraq, öz konstitusiyasını yaradır. Ulu Öndər, eyni zamanda, Azərbaycanın yeni parlamentinin seçilməsini də tarixi hadisə adlandırdı.
Sitat: “Bu bizim, müstəqil Azərbaycanın Konstitusiyasıdır və belə hesab edirəm ki, dünya təcrübəsində olan bir çox müddəaları əks etdirsə də, bu konstitusiya heç bir başqa konstitusiyaya bənzəmir. Bu bizim konstitusiyamız, Azərbaycanın Konstitusiyasıdır və mən bunu çox mühüm, tarixi nailiyyət hesab edirəm. Bu konstitusiyanın yaradılmasına öz töhfəmi verməyə imkanım olduğuna görə sevinir və özümü xoşbəxt sayıram. Ümidvaram ki, bu konstitusiya uzunömürlü olacaq və bir çox illər, onilliklər ərzində Azərbaycan Respublikasının, Azərbaycan xalqının demokratiya yolu ilə, hüquqi demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləyişini, inkişafını müəyyən edəcəkdir”.
Ulu Öndər noyabrın 24-də birinci çağırış Milli Məclisin ilk iclasında çıxış edərək Müstəqil Azərbaycan Respublikasının ilk parlamentinin işə başlaması münasibətilə təbriklərini çatdırdı. Bu hadisələri böyük, tarixi nailiyyət kimi qiymətləndirən Heydər Əliyev bildirdi ki, artıq Azərbaycan xalqı müstəqillik yolu ilə cəsarətlə, əzmlə, uğurla irəliləyir və dövlət hakimiyyətinin bütünlüklə təşkilini təmin etmək üçün lazımi sənədlər qəbul edir.
Sitat: “Yeni konstitusiyamızın qəbul olunmasını tarixi bir hadisə kimi, böyük bir bayram kimi qeyd etməyə haqqımız var, ixtiyarımız var. Mən sizi, bütün Azərbaycan xalqını müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasının ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olunması münasibətilə ürəkdən təbrik edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, bu konstitusiya Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, insanların, vətəndaşların hüquq və azadlıqlarının qorunması, Azərbaycanda demokratik hüquqi dövlətin qurulması və inkişaf etməsi üçün öz xidmətlərini göstərəcəkdir”.
Noyabr ayının digər mühüm hadisəsi “Gülüstan” sarayında “Qarabağ” neft strukturunda ARDNŞ ilə bir qrup xarici neft şirkəti – “Lukoyl” (Rusiya), Acip (İtaliya), “Pennzoil Caspian Development Corporation” (ABŞ), Lukacip (Rusiya-İtaliya) arasında birgə iş haqqında sazişin təntənəli imzalanma mərasimi oldu. Ulu Öndər tədbirdəki çıxışında bu hadisəni müstəqil Azərbaycan Respublikasında həyata keçirilən tədbirlərin davamı kimi qiymətləndirdi. Qeyd etdi ki, müstəqil Azərbaycan Respublikası öz təbii sərvətlərinin sahibidir və bu sərvətlərdən istədiyi kimi istifadə etmək imkanına malik olaraq, onlardan Azərbaycan xalqının iqtisadi inkişafı və xalqımızın rifahı naminə xarici ölkələrin şirkətləri ilə müştərək istifadə etməyi lazım bilir və bu yol ilə də gedir. Bu, Azərbaycan Respublikasının iqtisadiyyatının dünyaya açıq olduğunu, eyni zamanda, ölkəmizin demokratiya, bazar iqtisadiyyatı yolu ilə getdiyini göstərir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts