Xalqa bağışlanmış ömürdən anlar: 1995-ci ilin iyulu

Tokio, 22 dekabr , /AJMEDIA/

AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

1-2 iyul. Prezident Heydər Əliyev Rumıniyada rəsmi səfərdə oldu.
4 iyul. ABŞ-ın Azərbaycandakı səfirliyində Birləşmiş Ştatların İstiqlaliyyət Günü münasibətilə təşkil edilmiş bayram mərasimində nitq söylədi.
Respublikada fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri ilə görüşdü.
5 iyul. Şair Xəlil Rza Ulutürkün vəfatının birinci ildönümünə həsr olunmuş xatirə gecəsində çıxış etdi.
8 iyul. Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Sya Şyuanı qəbul etdi.
Xalq artisti Amaliya Pənahovanın 50 illik yubiley gecəsində çıxış etdi.
11 iyul. Türkiyənin Baş naziri Tansu Çillərlə birgə Bakıda yerləşdirilmiş qaçqınlar və məcburi köçkünlərlə görüşü oldu. Onunla birgə
Azərbaycan ziyalıları, iki ölkənin iş adamları, neft şirkətləri konsorsiumunun nümayəndələri ilə görüşdü, “Azərtürkbank” kommersiya bankının açılış mərasimində iştirak etdi.
15 iyul. Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Vladimir Şumeykonun Bakının Nərimanov rayonunda məskunlaşmış qaçqınlarla görüşündə nitq söylədi.
21 iyul. Milli Mətbuat Günü münasibətilə jurnalistləri və nəşriyyat-poliqrafiya işçilərini təbrik etdi.
22 iyul. Azərbaycan Respublikasının Konstitusiya layihəsini hazırlayan komissiyanın işçi qrupunun iclasını keçirdi.

X X X

Heydər Əliyevin xarici siyasətində Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi xüsusi yer tuturdu. Bu baxımdan Ulu Öndərin 1995-ci il iyulun 1-2-də Rumıniyaya rəsmi səfəri də diqqət çəkir. Səfər çərçivəsində Rumıniya Prezidenti və bir sıra rəsmi şəxslər ilə görüşən Heydər Əliyev Buxarestdə səmərəli danışıqlar apardı. Bunun nəticəsi olaraq, “Azərbaycan Respublikası və Rumıniya arasında dostluq və əməkdaşlıq münasibətləri haqqında bəyannamə” imzalandı.
Dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illərdə milli mədəniyyətimiz də böyük çətinliklərlə üzləşmişdi. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycan mədəniyyətinin tərəqqisinə yeni təkan verdi. Ulu Öndər milli dəyərlərimizin bütün dünyada tanınması üçün əlindən gələni edir, mədəniyyət və incəsənət xadimlərimizin təbliğ olunmasına hər cür şərait yaradırdı. İncəsənətin bütün sahələri kimi, teatrın inkişafında da onun müstəsna xidmətləri olub. Onun teatr mövzusundakı çıxışlarına nəzər saldıqda aydın görünür ki, dahi lider bu sənətin incəliklərini yaxşı bilirdi. Teatrın məna və mahiyyətinə, insanların qəlbinə, hissinə, əqidəsinə göstərdiyi müsbət təsirə, tərbiyəvi əhəmiyyətinə, ideya-estetik keyfiyyətinə dərindən bələd idi.
Ulu Öndər 1995-ci il iyulun 8-də Xalq artisti Amaliya Pənahovanın 50 illik yubiley gecəsində çıxışında teatr və incəsənət adamlarının fədakar insanlar olduğunu, teatrda işləməyin çətinliklərini vurğulayaraq onların əməyini yüksək qiymətləndirdi:“Bizim teatr xadimlərimiz, səhnə ustalarımız böyük işlər görürlər. Mən əvvəllər də sizinlə görüşümdə bunları demişəm. Ancaq bu sözlər indi daha aktualdır. Teatr xadimlərimiz, ümumiyyətlə orada işləyən hər bir adam böyük fədakarlıq edir. Fikrimcə, müharibə dövründə cəbhədə olan adamların birini üç nəfər hesab etdikləri və onlara üçqat artıq məvacib verdikləri kimi, teatrda da belədir. Çünki teatrda işləmək asan məsələ deyildir. Mən bunu yaxşı bilirəm”.
Milli mətbuatımızın inkişafı da Ümummilli Liderin adı ilə sıx bağlıdır. Belə ki, Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olması, sosial-iqtisadi problemlərin həlli söz və fikir azadlığı üçün münbit şərait yaratmışdı. Senzuranın ləğvi, mətbuat sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminə yaşıl işıq yandırdı. Ulu Öndərin 1995-ci il iyulun 21-də Milli Mətbuat Günü münasibətilə jurnalistləri və nəşriyyat-poliqrafiya işçilərini təbrikində söylədiyi fikirlər onun mətbuata baxışlarının bariz nümunəsidir. Heydər Əliyev təbrikində milli mətbuatımızın inkişaf mərhələlərinin Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsi adlandırırdı. Qeyd edirdi ki, özünün azad, müstəqil, demokratik dövlətini qurmuş Azərbaycan xalqı bu yolda olmazın məşəqqətlərlə üzləşib və üzləşməkdədir. Daxili və xarici düşmənlərin hördüyü hiylə torları, hətta dövlət çevrilişləri həddinə gəlib çıxmış məkrli niyyətlər xalqımızın və dövlətimizin iradəsini dönə-dönə sınağa çəkib. Bu problemlərin aradan qaldırılmasında, baş verən hadisələrə obyektiv qiymət verilməsində mətbuat və söz azadlığı şəraitində fəaliyyət göstərən, demokratik dəyərlərlə bəhrələnən Azərbaycan jurnalistlərinin böyük xidmətləri var.
Təsadüfi deyildi ki, jurnalistlər Heydər Əliyevi mətbuatın dostu adlandırır, ona arxa-dayaq kimi baxırdılar. Bu siyasət müasir dövrümüzdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və zamanın çağırışlarına uyğun olaraq zənginləşdirilir. Media haqqında yeni Qanunun qəbul edilməsi ilə Azərbaycan mətbuatı özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts