Xalqa bağışlanmış ömürdən anlar: 1995-ci ilin avqustu

Tokio, 23 dekabr , /AJMEDIA/

AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

1 avqust. Prezident Heydər Əliyev Sabunçu rayonundakı körpünün altında partlayıcı maddələrin tapılması ilə əlaqədar respublika hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirdi.

4 avqust. Terror aktlarına qarşı mübarizəni gücləndirmək məqsədilə hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşdü.
Lənkəran bölgəsində bəzi qatı cinayətkarların həbs olunması və iyul ayının 30-da Bakıda baş tutmayan terror aktı ilə əlaqədar keçirilən müşavirədə çıxış etdi.
8-9 avqust. Görkəmli qazax mütəfəkkiri Abay Kunanbayevin 150 illiyinə həsr olunmuş yubiley tədbirlərində iştirak etmək üçün Almatıya səfər etdi.
14 avqust. Hüquq-mühafizə orqanlarının rəhbərləri ilə müşavirə keçirdi.
16 avqust. Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın geniş iclasında nitq söylədi.
18 avqust. Həzrəti Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə Təzəpir məscidində dindarlarla görüşdü.
23 avqust. Moskvada yaşayan soydaşlarımızın bir qrupunu qəbul etdi.
25 avqust. Kənd təsərrüfatı işlərinin gedişinə və aqrar islahatların həyata keçirilməsinə həsr edilmiş müşavirədə çıxış etdi.
26 avqust. Yeni Azərbaycan Partiyasının idarə heyəti ilə görüş keçirdi.
27-29 avqust. “Manas” dastanının 1000 illik yubileyi tədbirlərində və türkdilli ölkələrin dövlət başçılarının növbəti toplantısında iştirak etmək üçün Qırğızıstanda səfərdə oldu.

X X X

1995-ci il iyulun 30-da Bakının Sabunçu rayonundakı körpünün altında partlayıcı maddələr aşkarlandı. İlkin istintaq bunun terror aktına cəhd olduğunu müəyyənləşdirdi. Narahatlıq üçün hər cür əsas var idi. Təxribatçı qüvvələr terror yolu ilə respublikamızda yaranmaqda olan sabitliyi pozmağa can atırdılar. Prezident Heydər Əliyev bununla bağlı avqustun 1-də və 4-də hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə müşavirələr keçirdi. Müşavirələrdə terrorçuluqla mübarizə, habelə Lənkəran bölgəsində qatı cinayətkarların həbsi ilə əlaqədar məsələlər geniş müzakirə olundu. Ulu Öndər müstəqilliyimizi sarsıtmaq istəyən xəyanətkar qüvvələri, eyni zamanda, cinayətkarları zərərsizləşdirməyin həyati əhəmiyyət daşıdığını vurğuladı, bununla bağlı həyata keçirilən tədbirləri diqqətə çatdırdı, eyni zamanda, hüquq-mühafizə orqanları qarşısında konkret vəzifələr qoyuldu.

Sitat: “Mən əminəm ki, respublikamızın əhalisi, Azərbaycanın bütün vətəndaşları əmin-amanlıq, sabitlik istəyir, rahat yaşamaq və belə cinayətkarlardan yaxalarını qurtarmaq istəyirlər. Təsəvvür edin, əgər o cinayətkarlar bir belə zərbə aldıqdan, dağıdıldıqdan sonra qaçıb respublikanın hüdudlarından kənarda olduqları bir zamanda da Bakının ən böyük körpüsünü partladıb Azərbaycana belə bir zərbə vurmaq istəyirlərsə, görün son illər burada yaşadıqları, fəaliyyət göstərdikləri zaman öz cinayət əməlləri ilə Azərbaycan ictimaiyyətinə, cəmiyyətinə, ayrı-ayrı insanlara nə qədər əzab-əziyyət, işgəncə veriblər, məhrumiyyətlərə məruz qoyublar, zərbə vurublar! Onların insanları soyması, reketliklə, quldurluqla məşğul olması, qeyri-qanuni hərəkətlərlə dövlət əmlakını, xalqın əmlakını mənimsəməsi, insanlara qarşı vəhşi cinayətkarlıq etməsi – bunlar hamısı yaxın keçmişin həyatını xarakterizə edən hallardır, bunlar hamımızın xatirindədir, çoxlarımızın gözü qarşısında olubdur. Biz indi Azərbaycan xalqını bax belə cinayətkarlardan xilas edərkən nəinki xalqımızı, müstəqil dövlətimizi bu cinayətkarlardan təmizləyirik, həm də hər bir vətəndaşımızın rahat yaşaması üçün şərait yaradırıq”.
Dövlət müstəqilliyini bərpa edən Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu seçmişdi. Bunun üçün ilk növbədə yeni Konstitusiyanın hazırlanması və qəbulu aktual məsələ olaraq qarşıda dururdu. Avqustun 16-da Prezident sarayında yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın geniş iclasında nitq söyləyən Heydər Əliyev layihənin hazırlanma prosesindən, edilən dəyişikliklərdən danışdı. Ümummilli Lider iclasdakı çıxışında Konstitusiya layihəsinin demokratik prinsiplərə cavab verən, demokratik parlament yaratmaq üçün əsas olan və ümumiyyətlə, respublikamızda dövlət quruculuğu sahəsində aparılan işlər sırasında çox mühüm yer tutan bir sənəd olduğunu bildirdi. Eyni zamanda, bütün dünyaya bəyan etdi ki, Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yoluna sadiqdir.
Sitat: “Mən hesab edirəm ki, bu qanunun qəbul olunması respublikamızda dövlət quruculuğu sahəsində görülən işlərin bir mərhələsidir, addımıdır, bir irəliləyişdir. Bu da bir daha sübut edir ki, biz tutduğumuz yol ilə gedirik. Azərbaycanda demokratik hüquqi, dünyəvi dövlət qurmağı nəinki elan etmişik, biz onu həyata keçiririk və bu sahədə çox dəyərli addımlar atırıq…
Bu gün mən tam qətiyyətlə deyirəm və bütün dünyaya bəyan edirəm ki, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurmaq üçün, Azərbaycan Respublikasını öz tutduğu yol ilə – demokratiya yolu ilə aparmaq üçün biz ciddi iş görmüşük, böyük addım atmışıq və bununla da müstəqil dövlətimizin hansı yolla getdiyini dünyaya bir daha sübut edirik”.
Ulu Öndər Heydər Əliyev çoxmillətli və çoxkonfessiyalı ölkə olan Azərbaycanda yaşayan milli azlıqların etnik-mədəni və dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan insan hüquq və azadlıqları kontekstində görürdü. Dindarlarla, dini konfessiyaların başçıları ilə görüşləri, dini mərasimlərdə iştirakı ənənə halını almışdı. Avqustun 18-də Həzrəti Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə Təzəpir məscidində dindarlarla görüşü də bu baxımdan səciyyəvidir. Görüşdə çıxış edən Heydər Əliyev vurğuladı ki, uzun illərin məhrumiyyətindən sonra İslam dini bütün qadağalardan, bütün məhrumiyyətlərdən qurtarıb, Azərbaycanda müsəlmanların hər biri üçün onun ürəyinin istədiyi kimi mənəviyyatını quran bir mənbə olub.
Sitat: “Xoşbəxtliyimiz ondan ibarətdir ki, Azərbaycan xalqı uzun əsrlər boyu istədiyi, arzu etdiyi, həsrəti ilə yaşadığı milli azadlığını, dövlət müstəqilliyini nəhayət əldə edib. Azərbaycan xalqı indi özü öz taleyinin sahibidir və müstəqil dövlət qurub, yaradıb yaşaya bilir. Bu, xalqımızın tarixlər boyu yaşadığı bütün dövrlərdə ən yüksək səviyyəyə çatdığımız bir dövrdür, bizim üçün ən böyük xoşbəxtlikdir. Xalqımız sərbəstdir, azaddır, dövlət müstəqilliyini əldə edib və biz müstəqil dövlət kimi, dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu bir dövlət kimi yaşayırıq”.
Türk dövlətlərinin getdikcə güclənən birlik və həmrəyliyi müasir dövrümüzün reallığıdır. Yaxın keçmişə nəzər salanda görürük ki, bu istiqamətdə ilk addımlar Heydər Əliyev tərəfindən atılırdı. Onun 1995-ci il avqustun 27-29-da Bişkekdə qırğız xalqının “Manas” dastanının 1000 illik yubileyi tədbirlərində və türkdilli ölkələrin dövlət başçılarının növbəti toplantısında iştirak etmək üçün Qırğızıstanda səfəri də bu baxımdan səciyyəvidir. Ulu Öndər səfər çərçivəsində “Manas alaçığı” kompleksinin açılış mərasimində, Türkdilli ölkələrin dövlət başçılarının 3-cü Zirvə toplantısında iştirak etdi, Bişkek Bəyannaməsini imzaladı. “Manas” dastanının 1000 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda, Talas vilayətində “Manas” muzeyinin açılış mərasimində çıxış etdi. Çıxışlarında Türk dövlətlərini problemləri həll etmək üçün bir-birinə kömək göstərməyə, yardım əli uzatmağa, parçalanmanın və təklənmənin qarşısını almağa çağıraraq deyirdi: “Dara düşmüş qardaşlarımıza birlikdə kömək etməliyik, qanlı müharibələrin və silahlı münaqişələrin alovunu söndürməliyik”.
Türk dövlətləri arasında iqtisadi əməkdaşlığın vacibliyindən bəhs edən Heydər Əliyev bunun yolunu da göstərirdi: ümumi məkan yaratmaq, Mərkəzi Asiyadan çəkiləcək neft və qaz kəmərlərini Türkiyəyə, oradan isə dünya bazarına çıxarmaq xalqlarımız üçün olduqca faydalı olardı. Bu kəmərlərin çəkilməsi, onların fasiləsiz və təhlükəsiz işləməsinin təmin edilməsi xalqlarımız arasında əməkdaşlığı daha da möhkəmlədər və müstəqil dövlətlərimizin çiçəklənməsinə xidmət edərdi.
Ulu Öndərin bu fikirləri səsləndirdiyi vaxtdan 27 il ötür. Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP boru kəmərləri Azərbaycan neftini və qazını bu gün Türkiyəyə, oradan da Avropa bazarlarına çıxarır. Mərkəzi Asiya ölkələrinin də bu layihəyə qoşulması üçün əməli addımlar atılır. Türk dünyasında cərəyan edən müsbət proseslər Heydər Əliyevin uzaqgörənliyinə, öz inamında nə qədər haqlı olduğuna daha bir əyani sübutdur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts