Xalq Cümhuriyyəti qurucularının xatirəsi Tbilisinin Botanika bağındakı panteonda əbədiləşdiriləcək

Tokio, 20 iyun , /AJMEDIA/

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Gürcüstanda erməni terrorçuları tərəfindən xaincəsinə qətlə yetirilmiş liderlərinin xatirəsi büzüm üçün əzizdir və hər zaman onların xatirəsini böyük hörmət və ehtiramla anırıq.
AJMEDIA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev söyləyib.
Onun sözlərinə görə, bir vaxtlar baxımsız vəziyyətdə olan panteon sonradan Azərbaycan dövləti başçısının tapşırığına əsasən təmir olunub, abadlaşdırılıb. 2012-ci ildən SOCAR şirkətinin Gürcüstan nümayəndəliyi tərəfindən xüsusi nəzarətə götürülən bu məkanda abadlıq işləri görülüb, mühafizəsi və təmizliyə nəzarət üçün bağban-nəzarətçi ayrılıb.
Səfir qeyd edib ki, 2021-ci ilin əvvəllərində Botanika bağı ərazisində panteona aparan yolda göstərici nişanların quraşdırılması ilə bağlı Tbilisi şəhərinin meri Kaxa Kaladzeyə müraciət olunub. Müraciət əsasında ötən ilin iyun ayında Botanika bağında üç yerdə panteona istiqamət göstərən lövhələr quraşdırılıb. Lövhələrin quraşdırılması ilə ziyarətçilərin panteonun yerləşdiyi məkanın istiqamətini müəyyən etməsi asanlaşıb.
Onun sözlərinə görə, panteon ərazisində səfirliyin təşəbbüsü ilə AXC qurucularının məzarları yaxınlığında məlumatlandırıcı lövhənin quraşdırılması planlaşdırılır. Lövhə üzərində AXC-nin yaranma tarixi, eləcə də F.Xoyski və H.Ağayev barədə bioqrafik məlumatlar əksini tapacaq.
Məlumatlandırıcı lövhədə panteonda dəfn olunan digər Azərbaycan mütəfəkkirləri barədə məlumatlar qeyd ediləcək.
“Bu layihənin qısa zamanda həyata keçirilməsi nəzərdə tutulub. Məqsəd panteona baş çəkən həm yerli, həm də xarici ziyarətçiləri Azərbaycanın iki görkəmli dövlət xadimi barədə ətraflı məlumatlandırmaqdır”, – deyə F.Quliyev vurğulayıb.
Qeyd edək ki, F.Xoyski 1918-1920-ci illərdə AXC-nin ədliyyə, daxili işlər naziri, Nazirlər Şurasının sədri və xarici işlər naziri olub. O, AXC-nin süqutundan sonra Tbilisiyə mühacirət edib. Bir müddət Gürcüstanda müəllimlik edən F.Xoyski 1920-ci ilin iyunun 19-da Tbilisinin Qolovin prospektində (indiki Şota Rustaveli prospekti) “Daşnaksütyun” partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan tərəfindən arxadan güllə ilə vurularaq qətlə yetirilib.
H.Ağayev isə bir ay sonra – həmin ilin iyulun 19-da Tbilisidə muzdlu erməni terrorçu tərəfindən qətlə yetirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts