Xalq artisti Rafiq Əzimov 85 illiyini səhnədə qeyd edib

Tokio, 6 fevral , /AJMEDIA/

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa bu dəfə Xalq artisti Rafiq Əzimovun anadan olmasının 85 illik yubileyinə və səhnə fəaliyyətinin 60 illiyinə həsr olunub.
Teatrdan AJMEDIA-ya bildirilib ki, dövlət sifarişi ilə hazırlanan tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Dilbər İsmayılovadır.
Səhnə əsərində Xalq artistləri Məleykə Əsədova (Xurşidbanu Natəvan), Rafiq Əzimov, Kazım Abdullayev, Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Elşən Cəbrayılov, Rəşad Bəxtiyarov, Elnar Qarayev, Mirzə Ağabəyli, Kazım Həsənquliyev, Əlvida Cəfərov, Ayşad Məmmədov, Elşən Rüstəmov, aktyorlar Elçin Əfəndi, Vüsal Mustafayev, Ramin Şıxəliyev, Lalə Süleymanova, Məhsəti Tahirzadə, Rüstəm Rüstəmov, Tural İbrahimov iştirak ediblər.
Aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.
Tamaşanın mövzusu İbrahim xanın nəvəsi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın həyatından götürülüb. Əsərdə Natəvanı həm doğma Şuşanın, həm də ikiyə bölünmüş Azərbaycanın taleyi narahat edir. Tamaşaçı onu müdrik, Vətəninə, eləcə də xalqına bağlı ictimai xadim, həm də həssas, zərif bir qadın, ana kimi tanıyır və sevir. Səhnə əsərində Natəvanı səciyyələndirən əsas xüsusiyyət onun xalqla olan birliyi, xalq haqqındakı fikir və düşüncələridir. Onun doğma torpağa, bu torpağın əsl sahibi olan zəhmətkeş xalqa dərin məhəbbət hissləri təkcə Qarabağ hüdudları ilə qapanıb qalmır. İranın şahlıq quruluşunun əsarətində Cənubi Azərbaycan əhalisinin taleyi də onu həmişə düşündürür. Natəvan xalqın vəziyyətini yaxşılaşdırmaq üçün yollar arayır, əlindən gələni etməyə çalışır. Burada tarixi hadisələrin timsalında xalqın taleyi, azadlığı və birliyi ideyası ön plana çəkilib. Xalqın taleyi Natəvanı düşündürən əsas məsələdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts