Xalq artisti Oqtay Kazıminin 90 illiyinə həsr olunmuş musiqi axşamı

Tokio, 1 mart , /AJMEDIA/

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli bəstəkar, Xalq artisti Oqtay Kazıminin 90 illiyinə həsr olunmuş konsert keçirilib.
Nazirlikdən AJMEDIA-ya bildirilib ki, əvvəlcə bəstəkarın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib.
Qeyd olunub ki, Oqtay Kazımi musiqi mədəniyyətimizdə öz dəst-xətti ilə seçilən bəstəkarlardandır. Bəstəkar böyük simfonik orkestr üçün “Azərbaycan rapsodiyası” (1962), “Qəhrəmanlıq simfoniyası” (1964), “Bayram uvertürası” (1976), proqramlı simfonik süita “Sumqayıt lövhələri (1977), “Şəhidlər” simfoniyası (1990), “Qarabağ lövhələri” (1992) simfonik süitası və s. əsərlərin müəllifidir. O.Kazımi eyni zamanda “Qılınc və qələm”, “Ümid”, “Danabaş kəndinin əhvalatı”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Şeyx Sənan”, “Ədirnə fəthi”, “Büllur sarayda” və başqa məşhur tamaşalara musiqilər yazıb.
Sonra konsert proqramı təqdim olunub. Konsertdə Xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Heydər Anatollu, solistlər Fəxri Kazım-Nicat, Aynur İsgəndərli, İlhamə Qasımova, Aytən Məhərrəmova, Ayşən Mehdiyeva, Mətin Rzazadə, Rövşən Qəhrəmanov, Taleh Yəhyayev və “Qaya” Dövlət Ansamblı çıxış ediblər.
Proqramda bəstəkarın mahnıları səsləndirilib.
İfaçıları Dövlət Mahnı Teatrının Estrada-Simfonik Orkestri (bədii rəhbər – Xalq artisti Salman Qəmbərov) və ansamblı (bədii rəhbər – Mirxalid Salayev) müşayiət edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts