Vyetnamda soydaşlarımızın iştirakı ilə Novruz şənliyi təşkil edilib

Tokio, 21 mart , /AJMEDIA/

Azərbaycanın Vyetnamdakı səfirliyi paytaxt Hanoyda Vyetnamın dövlət və hökumət strukturlarının, mədəniyyət və ictimaiyyət xadimlərinin, iş adamlarının, diplomatik korpusun rəhbərlərinin, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının üzvlərinin və əvvəllər Azərbaycanda təhsil almış vyetnamlıların, habelə bu ölkədə yaşayan soydaşlarımız iştirakı ilə Novruz şənliyi təşkil edib.
Səfirlikdən AJMEDIA-ya verilən məlumata görə, səfir Şövqi Mehdizadə xalqımızın əziz bayramlarından olan Novruzun əsrlərdir, Azərbaycanda böyük coşqu və təntənə ilə qeyd olunduğunu bildirib.
Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri Danq Ti Vin Vyetnam xalqı adından ölkəsinin tarixi və ənənəvi dostu olan Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. O, Azərbaycanda təhsil almış vyetnamlıların ölkəmizi ikinci vətən hesab etdiklərini, xalqımızın mədəniyyətinə vurğun olduqlarını qeyd edərək, tələbəlik illərində onlara göstərilən qonaqpərvərliyi və qayğıkeşliyi xüsusi vurğulayıb.
Vyetnam Milli Musiqi Akademiyasının musiqiçilərinin ifasında Azərbaycan və Vyetnam mahnıları səslənib. Ötən əsrin 70-ci illərində o zamankı Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin tələbəsi və hazırda Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının fəal üzvü olan xanım Danq Lanq Anhın ifasında unudulmaz bəstəkar Telman Hacıyevin “Tələbə mahnısını” böyük alqışlarla qarşılanıb.
Tədbirə xüsusi dəvət olunmuş əslən azərbaycanlı olan, Dünya Barbekü Kulinariya Assosiasiyasının vitse-prezidenti David İsrafilov Azərbaycan mətbəxinin ən sevilən yeməklərinin təqdimatını keçirərək, xalqımızın zəngin mətbəxi barədə məlumat verib.
Azərbaycan təranələrinin sədaları altında davam edən ziyafətdə qonaqlar Azərbaycan məhsullarından hazırlanmış milli mətbəximizin ləziz təamlarından, o cümlədən plov, dolma, kababların dadına baxıblar. Qonaqlar müxtəlif növ Novruz şirniyyatları və səməni ilə bəzədilmiş xonçalar təqdim olunub.
Tədbir çərçivəsində iştirakçılara Azərbaycan Dövlət Turizm Agentliyinin Novruz bayramı və Azərbaycanın turizm potensialı haqqında videoçarxları, xalqımızın mədəniyyətini əks etdirən əyani vasitələr, milli geyimlər, ingilis və Vyetnam dilində “Azərbaycan mətbəxi” kitabları təqdim edilib.
Novruz tədbiri Vyetnam mediasında geniş işıqlandırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts