“Vyana Musiqi Cəmiyyəti”ndə ilk dəfə azərbaycanlı dirijorun rəhbərliyi ilə Azərbaycan simfonik əsəri səslənib

Tokio, 16 Oktyabr, /AJMEDIA/

Oktyabrın 15-də Vyanada zəngin klassik musiqi ənənələri ilə tanınan “Vyana Musiqi Cəmiyyəti” Mədəniyyət Evində tanınmış dirijor, professor, Xalq artisti, Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovun dirijorluğu ilə Slovak Radio Simfonik Orkestri konsert proqramı ilə çıxış edib.

AJMEDIA xəbər verir ki, dünyanın ən məşhur konsert zallarından biri olan “Vyana Musiqi Cəmiyyəti” Böyük Qızıl Salonunda baş tutan konsertin proqramında bəstəkarlar Ludviq van Bethoven, Fikrət Əmirov və Aleksey Şorun simfonik əsərləri yer alıb.

Konsertdə klassik musiqi sahəsində dünyanın ən tanınmış məkanlarından biri olan “Vyana Musiqi Cəmiyyəti”ndə ilk dəfə olaraq Azərbaycan simfonik əsəri səslənib. Eyni zamanda, bu konsert ilk azərbaycanlı dirijorun məşhur Böyük Qızıl Salonda çıxışı kimi də tarixi əlamətdar hadisə olub.

Konsertdə Slovak Radio Simfonik Orkestrinin təqdimatında dahi bəstəkar Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” simfonik əsəri dinləyicilər böyük maraq doğurub. 1961-ci ildə bəstələnən, Azərbaycan xalq musiqisinin çalarları ilə zəngin, ekzotik və ritmik melodiyaları ilə sonsuz fantaziya və müsbət emosiyalara yol açan əsər sürəkli alqışlarla qarşılanıb.

Konsertdə L. Van Bethovenin fortepiano, violin, violonçello və orkestr üçün “Üçlü konserti” və Aleksey Şorun fortepiano üçün “Səyahət gündəliyi” simfonik əsərləri səsləndirilib, solistlər Miroslav Kultışev (fortepiano), Valentin Şerban (violin), Antonia Straka (violonçello) və Yeonmin Park (fortepiano) virtuoz ifaları ilə diqqəti cəlb ediblər.

Qeyd edək ki, Slovakiyanın ilk peşəkar klassik musiqi ansamblı olan Slovak Radio Simfonik Orkestri 1929-cu ildə yaradılıb. Radio yayımları ilə məşhurlaşan slovak simfoniyaçıları Avropanın tanınmış orkestrləri arasında yer alır, qastrol səfərləri və konsert diskləri ilə beynəlxalq klassik musiqi sahəsində böyük nüfuza malikdir.

Konsertlə əlaqədar hazırlanmış kitabçada qeyd edilib ki, dünyanın nüfuzlu orkestrlərindən birinin Avstriyanın ən tanınmış konsert salonunda Azərbaycan simfonik musiqisini ifa etməsi diqqətəlayiq hadisədir. Bildirilib ki, bu konsertə dirijorluq edən Yalçın Adıgözəlov Azərbaycanın Qarabağ bölgəsinin ərsəyə gətirdiyi musiqiçi ailəsinin üçüncü nəslinin üzvüdür, o, indiyədək müxtəlif xarici ölkələrdə qastrol səfərlərində olub, bir çox aparıcı simfonik orkestrlərlə əməkdaşlıq edir və tanınmış musiqiçilərlə eyni səhnəni bölüşür.

Konsertlə bağlı təəssüratlarını bölüşən Xalq artisti Yalçın Adıgözəlov bildirib ki, otuz il bundan əvvəl Vyanada tələbə olarkən onda “Vyana Musiqi Cəmiyyəti”nin Böyük Qızıl Salonunda nə zamansa konsert vermək xəyalı ilə yaşayıb. Qarabağ torpağında Azərbaycan musiqisinin səslənməsi arzusu kimi bu arzu da tam otuz il sonra gerçəkləşib və Y.Adıgözəlov Azərbaycan klassik musiqisinin bu cür zəngin ənənələrə malik məkanda səslənməsindən qürur duyduğunu ifadə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts