Tokio, 11 fevral, /AJMEDIA/
Ermənilərin Azərbaycan ərazilərinin işğal altında saxladıqları dövrdə dağıdaraq yer üzündən sildikləri yaşayış məntəqələrindən biri Ağdam rayonunun Baş Qərvənd kəndidir.
AJMEDIA xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbiri Baş Qərvənd kəndinə gedərək erməni vandalizmini lentə alıb. Baş Qərvənd kəndi Ağdam şəhərindən 18 kilometr şimal-şərqdə, Ağdam-Bərdə avtomobil yolunun kənarında – Qarabağ düzündədir. İşğaldan əvvəl Baş Qərvənd kəndində pambıqçılıq, taxılçılıq, baramaçılıq, heyvandarlıq inkişaf etmişdi. Kənddə orta məktəb, kitabxana, xəstəxana, uşaq bağçası, klub, mədəniyyət evi, pambıq qəbulu məntəqəsi, barama tədarükü məntəqəsi, süni damazlıq stansiyası, cins heyvandarlıq ferması var idi. İndi isə burada yalnız bir mənzərənin şahidi olmaq mümkündür – erməni vəhşiliyinin. Talan edilmiş, dağıdılmış, yandırılmış binalar dünyanın heç bir yerində, heç bir müharibəsində görünməmiş vəhşiliyin göstəricisidir. Vaxtilə kənddə mövcud olmuş yaşayış evləri, sosial binalar və kənd təsərrüfatı müəssisələrindən əsər-əlamət qalmayıb.
Ağdam rayonunun Baş Qərvənd kəndinin görüntülərini təqdim edirik.