V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı davam edir

Tokio, 14 may , /AJMEDIA/

Festivalın son günündə ilk olaraq səhnəyə yerli folklor ansamblları çıxıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı davam edir.
Bu dəfə də Qarabağın incisi olan Şuşa özünə qayıdan müasir siması, Cıdır düzünü bəzəyən ecazkar muğamı ilə birgə müxtəlif xalqların musiqisinə, mədəniyyətinə və onun görüşünə gələn qonaqlara qucaq açıb.
AJMEDIA xəbər verir ki, festivalın sonuncu günündə səhnəyə ilk olaraq yerli regional folklor qrupları çıxıb.
Tamaşaçılar qarşısında geniş və maraqlı repertuarla çıxış edən folklor ansamblları dinləyicilərə yaddaqalan anlar bəxş ediblər.
Konsertdə “Qorqud” Folklor Ansamblı, 
“Halay” talış folklor qrupu, “Nənələr” ingiloy folklor qrupu, “Adıgün” axıska türklərinin folklor qrupu, Aşıq Elman Talıstanlı, “Cahan” avar folklor qrupu, “Çeşmə” folklor ansamblı, “Hudulki” avar rəqs qrupu çıxış ediblər.
Ölkəmizin müxtəlif bölgələrində yaşayan xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırıblar. Ötən il festivalın açılışındakı çıxışında bu mesajın əhəmiyyətini xüsusi vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk”.
İlk dəfə 1989-cu ilin mayında təşkil olunan “Xarıbülbül” festivalı uzun illərdən sonra bərpa edilməklə yanaşı, sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi. Məlum olduğu kimi, işğalçı ölkənin rəsmi təbliğatı münaqişənin ilk günlərindən etibarən Azərbaycanda müxtəlif dini, etnik icmalar arasında ayrıseçkilik, nifaq salmaq istəyib. Azərbaycan dövlətçiliyini zəiflətmək, parçalamaq üçün davamlı iş aparan mərkəzlər, təşkilatlar, KİV milyonlarla vəsait xərcləyiblər. Təbii ki, bu işdə xaricdəki erməni lobbisi, onların havadarları da kifayət qədər fəaliyyət göstəriblər.
Amma 44 günlük Vətən müharibəsində bütün etnik və dini icmaların nümayəndələri vahid amal, vahid bayraq altında birləşdilər. Çiyin-çiyinə mənfur erməni təbliğatının öz hədəfinə çatmadığını, mənasızlığını ortaya qoydular. Azərbaycanda tolerant mühitin, multikulturalizm ənənələrinin qorunmasına Prezident İlham Əliyevin hakimiyyəti illərində yüksək diqqət ayrılmasının nə qədər düzgün siyasət olduğu hər kəsə aydın oldu.
Azərbaycanda yaşayan bütün etnosların nümayəndələrinin fərqli milli kimlikləri və dilləri, müxtəlif inancları və dəyərləri olsa da, bu keyfiyyətlər ta miniliklərin o üzündən bu günə kimi onları ayırmır, yada çevirmir, əksinə, birləşdirir, doğma edir. Elə bu ali mənəvi dəyərlərdən irəli gələrək Azərbaycanın bütövlüyünə təhlükə olan zaman çəkinmədən sinələrini sipər edərək, torpaq uğrunda ölümə belə getməkdən çəkinmirlər. Bəli, bütün bunlar Azərbaycanda yaşayan xalqların nümayəndələrinin Vətənə olan sevgisinin parlaq ifadəsi, bu, Odlar yurdunun bütün millətlərin nümayəndələrinə doğma qucaq açdığının əyani və möhtəşəm göstəricisidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts