Vətən müharibəsi şəhidi Pərvin Təhməzovun əziz xatirəsi anılıb

Tokio, 4 oktyabr , /AJMEDIA/

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Suqovuşanın azad edilməsinə görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş 44 günlük Vətən müharibəsi şəhidi Təhməzov Pərvin İlqar oğlunun anım mərasimi keçirilib.
AJMEDIA xəbər verir ki, Çilov qəsəbəsində keçirilən anım mərasimində şəhidin ailə üzvləri, “Azneft” istehsalat Birliyinin (İB) baş direktoru Şahmar Hüseynov, Pirallahı Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini İsmayıl Əliyev, “28 May” NQÇİ-nin rəhbərliyi, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ulu öndər Heydər Əliyevin büstü, helikopter qəzasında və 10 saylı DDÖ-də yanğın zamanı həlak olan neftçilərin və şəhidlərin xatirəsinə ucaldılmış abidələr ziyarət edilib, önlərinə gül dəstələri düzülüb. Daha sonra şəhid Pərvin Təhməzovun anası, “Azneft” İB-nin “Neft Daşları” NQÇİ-nin əməkdaşı Əsli Təhməzovanın evi ziyarət olunub, şəhidin qısa və şərəfli həyat yolundan ətraflı danışılıb. Həmçinin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb, onların bundan sonra da daim diqqət mərkəzində saxlanılacağı ifadə edilib.
Anım tədbirində Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhid Pərvin Təhməzova həsr edilmiş film nümayiş etdirilib.
Tədbirdə çıxış edən “Azneft” İB-nin baş direktoru Şahmar Hüseynov bildirib ki, böyük Zəfər Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində döyüşə yollanan Pərvin və neçə-neçə şəhid qardaşımızın canı, qanı bahasına əldə olunub. Şəhidlərimiz Zəfər tariximizin şanlı müəllifləri kimi hər zaman yad ediləcək, xatirələri əziz tutulacaq. Şahmar Hüseynov əlavə edib: “Biz hər birimiz dövlətimizin müstəqilliyini, xalqımızın firavanlığını məhz şəhidlərimizə borcluyuq. Pərvin Təhməzov qısa, lakin kifayət qədər zəngin, şərəfli, mənalı, içində böyük dəyərlərin cəmləndiyi bir həyat yaşadı. O, Vətənə layiq olduğunu göstərdi, şəhidlik zirvəsinə ucaldı, ölməzliyə qovuşdu. Dövlətimiz, xalqımız var olduqca Pərvin və neçə-neçə şəhidlərimiz qəlbimizdə, xatirələrimizdə yaşayacaqlar, var olacaq, əziz tutulacaqlar, fəxrlə anılacaqlar”.
Pirallahı RİH başçısının müavini İsmayıl Əliyev 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şücaətindən bəhs edərək bildirib ki, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açaraq, Pərvin Təhməzov kimi qəhrəman oğullarımızın göstərdiyi şücaətin 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun əldə etdiyi Qələbədə böyük mənəvi rolu olduğunu qeyd edib. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edir, onların əziz xatirəsini daim uca tuturuq.
“28 May” NQÇİ-nin rəisi Zaur Bağırov çıxışında Azərbaycan xalqının 30 illik qanayan yarasını sararaq Vətən müharibəsində canından keçən hər bir şəhidimizin qanı bahasına torpaqlarımızın işğaldan azad edildiyini, vətən torpağının hər bir qarışında şəhidlərimizin qanı olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Vətən müharibəsi şəhidi Şahgündüz Cabbarovun atası Kamil Vəfadar, qazilər, şəhid anaları Pərvin Təhməzovla bağlı xatirələrindən danışıblar. Vətən müharibəsində qazanılan möhtəşəm Qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, rəşadətli Ordumuzun əsgər və zabitlərinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətinin qələbəsi olduğunu qeyd etdilər. Qələbə şəhidlərinin sıralarında adı və xidmətləri ilə həmişə iftixarla xatırlanacaq Pərvin Təhməzovun xalqımızın qan yaddaşında əbədi yaşayacağını söyləyiblər.
Şəhidin anası və ailə üzvləri şəhid ailələrinə hər zaman göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Tədbirdə şagirdlərin ifasında şəhidlər və vətən haqqında şeirlər səsləndirilib, ehsan süfrəsi təşkil edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts