ÜST rəhbəri Yer kürəsində yeni təhlükəli virusun yayılmasını proqnozlaşdırır

Tokio, 31 Oktyabr, /AJMEDIA/

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus dünya ictimaiyyətini mövcud COVID-19 pandemiyasından nəticə çıxarmağa və yeni pandemiyaya hazırlaşmağa çağırıb. AJMEDIA xəbər verir ki, G20-in maliyyə və səhiyyə nazirlərinin Romada keçirilən görüşündə o, Yer kürəsində yayılmasının qarşısını almaq qeyri-mümkün olan daha bir virusun peyda olunmasının “biologiya baxımından şübhəsiz olduğu”nu bildirib.

Tedros Qebreyesusun sözlərinə görə, “yüksək səviyyəli təhdidlər” onlarla mübarizə aparmaq üçün “yüksək səviyyəli siyasi iştirak” tələb edir. Bununla əlaqədar o, G20-ni pandemiyaya hazırlıq və onlara cavab tədbirləri ilə bağlı hüquqi cəhətdən mütləq xarakteri daşıyan beynəlxalq sazişin bağlanmasını dəstəkləməyə çağırıb. Bu məsələ ilə bağlı qərarın Ümumdünya Səhiyyə Assambleyasının noyabrda keçiriləcək xüsusi sessiyasında qəbul edilməsi planlaşdırılır.

ÜST rəhbəri dünyada vaksinlərə çıxışda bərabərliyin olmamasına diqqət çəkib. O xatırladıb ki, hazırda dünya əhalisinin 36 faizi koronavirusa qarşı tam peyvənd olunub, lakin Afrikada bu göstərici cəmi 6 faiz təşkil edir.

Baş direktor vurğulayıb ki, bununla belə “peyvəndlər insanların həyatını xilas etsə də, infeksiyanın ötürülməsini dayandırmır”. Ona görə də hər bir ölkə səhiyyə və sosial sahədə hazırlanmış tədbirlər də daxil olmaqla, “testləşmə, müalicə və vaksinlərlə birlikdə” bütün alətlərdən istifadə etməlidir”, – deyə o, sözünü yekunlaşdırıb.

ÜST-ün oktyabrın 29-na olan məlumatına görə, pandemiya zamanı dünyada 245 373 039 koronavirusa yoluxma halı qeydə alınıb, 4 979 421 nəfər dünyasını dəyişib. Ən çox yoluxma halları ABŞ (45 445 663), Hindistan (34 246 157) və Braziliyada (21 766 168) qeydə alınıb. Ölüm hallarının sayına görə birinci sırada ABŞ (736 801), sonra Braziliya (606 679) və Hindistan (457 191) yer alıblar.

Azərbaycanda indiyədək 526 min 920 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 490 min 789 nəfər müalicə olunaraq sağalıb, 7 min 21 nəfər vəfat edib, 29 min 110 nəfərin müalicəsi davam etdirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts