Tokio, 12 aprel , /AJMEDIA/
COVID-19 pandemiyasının başa çatmasına hələ çox var, infeksiyanın ötürülmə səviyyəsi yüksək olaraq qalmaqdadır, peyvəndlənmə əhatəsi isə əksər ölkələrdə aşağıdır.
AJMEDIA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus bəyan edib.
ÜST-nin COVID-19 ilə bağlı fövqəladə vəziyyətə dair iclasında baş direktor qeyd edib ki, dünyada ölüm hallarının sayının azalması meylinə (ötən həftə ölüm halları barədə məlumatların sayı iki il ərzində ən aşağı göstərici olub) baxmayaraq, pandemiyanın sonu hələ çox uzaqdadır. Gebreyesus deyib: “Koronavirusun ötürülməsi çox yüksək olaraq qalmaqdadır, peyvəndlənmə əhatəsi isə ölkələrin əksəriyyətində çox aşağıdır”. Onun sözlərinə görə, pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılması infeksiyanın genişlənməsinə imkan verir ki, bu da yeni ştamların yaranma riskini gücləndirir.
ÜST rəhbəri pandemiyanın indiki mərhələsində olduqca mühüm əhəmiyyət kəsb edən üç amilə diqqəti çəkib. O, birinci amil kimi əhalinin sosial izolyasiyadan, məktəblərin bağlanmasından və iş yerləri ilə bağlı nizamsızlıqdan yorulmasını göstərib. İkinci amildən danışarkən baş direktor xatırladıb ki, bu, birinci peyvəndlənmədən və ya koronavirusa yoluxmadan sonra immunitetin davamlı olmasının naməlum qalmasıdır. Gebreyesus üçüncü amilin virusun necə təkamül edəcəyini qabaqcadan müəyyən edə bilməməyimizdən ibarət olduğunu izah edib.
Bununla belə, peyvənd olunmayan səhiyyə işçiləri və digər risk qruplarından olan şəxslərin sayının çoxluğu baş direktorda əsas narahatlıq yaradır. “Risk qrupunun böyük hissəsinin vaksinlənməyə bərabər əlçatanlığı insanların həyatının xilası üçün əlimizdə olan ən güclü alətdir”, – deyə ÜST rəhbəri vurğulayıb. O xatırladıb ki, yüksək gəlirə sahib ölkələrin vətəndaşları artıq dördüncü dəfə peyvəndləndiyi halda, planetimizin sakinlərinin üçdəbiri vaksinin birinci dozasını belə almayıblar. Afrikada isə əhalinin 83 faizi peyvəndlənməyib.