Uşaqlarda piylənmə halları doqquz dəfəyə qədər artıb

Tokio, 4 iyun , /AJMEDIA/

Artıq çəki bütün dünyada geniş yayılmış problemlərdən biridir. Son illərdə daha da artdığından xəstəlik kimi qəbul edilir. Mütəxəssislər uşaqlar arasında da çox müşahidə olunan bu xəstəliyi ailələrin yaşam tərzi və qidalanması ilə əlaqələndirirlər. Uşaqlarda piylənmə bədən kütlə indeksinin yaşa görə normadan yüksək olması deməkdir. Uşaq yaşlarından piylənmə ürək-damar xəstəlikləri və şəkərli diabet kimi bir çox xəstəliklərin təməlini qoyduğu üçün təhlükəlidir.
AJMEDIA xəbər verir ki, həkim-pediatr Nigar Bayramovanın dediyinə görə, son illər uşaqlar arasında piylənmə halları 9 dəfəyə qədər artıb: “Adətən böyüklərdən fərqli olaraq uşaqlarda piylənməyə səbəb olan amillər ekzo amillərlə bağlı olur. Bu, istər onların qidalanma rejimində, istər ailəvi amillərdə, bəzi hallarda hormonal dəyişikliklərlə əlaqədar səbəblər olur. Səbəblər ailəvi faktorla, qidalanma ilə bağlı faktorlarla və yaxud son illər uşaqların, xüsusilə də evə qapanaraq fiziki hərəkətlərin azlığı ilə əlaqədardırsa, bu halda düzgün və sağlam həyat tərzinin təmin edilməsi sayəsində müsbət nəticələr əldə etmək olar”.
Piylənmənin müalicəsi zamanı məqsəd çəkinin aşağı salınması ilə yanaşı, düzgün qidalanma və idman vərdişi yaratmaqdan ibarətdır. 2-5 yaş arası uşaqlar ayda 500 qram, 6-18 yaş arasında isə 100 qramdan artıq çəki almamalıdırlar. Həmçinin gündəlik kalori normasının 25-30 faizi yağ, 50-55 faizi karbohidrat, 20-25 faizi isə protein olmalıdır.
Diyetoloq Gülsüm Hüseynova deyib: “Piylənmənin qarşısının alınması üçün tətbiq olunan diyeta proqramı uşağın yaşına uyğun olaraq aparılır. Məqsəd uşağın əzələ tonusunu, psixoemosional vəziyyətini yaxşılaşdırmaq və tədricən çəkini aşağı salmaqdan ibarətdir. Ona görə də məqsəd asta-asta çəkinin itirilməsidir və ilk mərhələdə məqsəd bundan da vacib olaraq çəki artımının qarşısını almaqdır. Daha sonra isə uşaqlarda çəki stabil qalır, yavaş-yavaş çəki enməsi müşahidə olunur”.
Mütəxəssislər deyir ki, yuxu rejiminin pozulması da piylənmə riski yarada bilər. Yuxusuzluq iştahanın artmasına səbəb olan hormonal balanssızlığa səbəb olur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts