Site icon AJMEDIA Azərbaycanca

UNESCO: Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında Azərbaycanın bəyanatı təqdim olunub

Tokio, 08 iyul, /AJMEDIA/

UNESCO-nun mənzil-qərargahında Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında Azərbaycanın bəyanatı təqdim olunub.

AJMEDIA xəbər verir ki, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi tərəfindən təqdim olunan bəyanatda Ümumdünya İrs Siyahısının balanslı və reprezentativ xarakter daşımasının əhəmiyyəti vurğulanıb. Buna nail olunması üçün potensialın artırılması tədbirləri və ədalətli coğrafi təmsilçiliyin təmin edilməsinin əhəmiyyəti vurğulanıb.

UNESCO-nun “Prioritet Afrika” təşəbbüsünə ardıcıl dəstək göstərən Azərbaycanın cari ilin fevral ayında UNESCO-nun mənzil-qərargahında “Afrikada dünya irsinin dəstəklənməsi” mövzusunda yüksəksəviyyəli tədbir təşkil etməsindən söz açılaraq, ölkəmizin Afrika və İnkişaf Etməkdə Olan Kiçik Ada Dövlətlərinə (SIDS) davamlı dəstək göstərməsi bildirilib.

Bəyanatda, həmçinin iqlim dəyişikliyinin sürətlə artan təsirlərinin mədəni və təbii irsi ciddi şəkildə təhdid etdiyi qeyd edilərək, COP29-a ev sahibliyi edən Azərbaycan tərəfindən irəli sürülmüş “İqlim üçün Mədəniyyət” təşəbbüsünün əhəmiyyəti vurğulanıb.

Sessiyada Azərbaycan Respublikasının torpaqlarının 30 ilə yaxın davam etmiş işğalı dövründə mədəni irsimizin dağıdılması və talan edilməsindən danışılıb. Mədəni və təbii irsin qorunması və bərpasının ölkəmiz üçün prioritet təşkil etdiyi qeyd olunaraq, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinin həyata keçirildiyi vurğulanıb.

Milli bəyanatda, həmçinin postmünaqişə dövründə mədəni irsin bərpası və elmi əməkdaşlığın gücləndirilməsi mövzusu da diqqət mərkəzində olub. 2025-ci ilin aprelində İslam dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilmiş “Münaqişədən sonra mədəni irs üzrə I İslam Dünyası Forumu”, eləcə də 2025-ci ilin martında Azıx və Tağlar mağaraları daxil olmaqla Azərbaycanda qədim insan məskənlərinin qorunmasına həsr olunmuş elmi konfrans haqqında da məlumat yer alıb.

Exit mobile version