UNESCO-nun mənzil-qərargahında dahi Nizami Gəncəvinin 880 illiyi qeyd edilib VİDEO

Tokio, 5 Oktyabr, /AJMEDIA/

Parisdə UNESCO-nun mənzil-qərargahında qurumdakı Azərbaycan Daimi Nümayəndəliyi və UNESCO Baş Direktorluğunun birgə təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycanın böyük mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

AJMEDIA xəbər verir ki, tədbirdə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayev, UNESCO Baş direktorunun mədəniyyət işləri üzrə müavini Ernesto Ottone Ramirez, Türkiyənin UNESCO yanında daimi nümayəndəsi səfir Altay Cengizer çıxış edərək Nizami Gəncəvinin yaradıcılığı və dünya ədəbiyyatına verdiyi töhfələrdən söz açılıb.

Səfir Elman Abdullayev Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun ölkəmizin mədəniyyətinin və ədəbiyyatının dünyada tanıdılması istiqamətində həyata keçirilmiş layihələrə toxunaraq, Nizami Gəncəvi ədəbi irsinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində reallaşdırdığı işlərdən danışıb. Dahi şairin “Xəmsə”sinin bir çox Avropa dillərinə tərcümə edildiyi qeyd edilib. Anadan olduğu Gəncə şəhərini heç vaxt tərk etməmiş böyük mütəfəkkir və şairin bir neçə dildə yazıb yaratdığı diqqətə çatdırılıb.

Səkkiz əsr əvvəl yazıb-yaratmış dahi Nizami əsərlərində bu gündə aktuallığını itirməmiş ideya və dəyərlər – qadın hüquqları, bərabərlik, ədalət, sülhü təbliğ etdiyi bildirilib. Nizami əsərlərində təbliğ olunan ideya və dəyərlərin müasir dövrümüzdə də əsas ideyalar olaraq qaldığı və UNESCO-nun da bu gün bu ideyalar uğrunda çalışdığı diqqətə çatdırılıb.

UNESCO baş direktorunun mədəniyyət işləri üzrə müavini Ernesto Ottone Ramirez Nizami Gəncəvinin fəlsəfi ideyalarının əhəmiyyətinə toxunaraq əsərlərinin məziyyətlərindən danışıb.

Qeyd edilib ki, Nizami əsərləri əsasında hazırlanmış “Miniatür sənəti” nominasiyası 2020-ci ildə UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

Tədbir çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təqdim etdiyi sülh, ədalət, humanizm, yüksək əxlaq, azadlıq və bərabərlik kimi dəyərləri təbliğ etmiş dahi mütəfəkkir Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında çəkilmiş miniatürlərdən ibarət sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Azərbaycanlı pianoçu Etibar Əsədli və fransız violonçel Albertin Obert Nizaminin sözlərinə yazılmış musiqiləri ifa ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts